Azərbaycanda uşaqların sosial media və mobil telefon istifadəsi son illərdə sürətlə artıb. Belə ki, rəsmi qurumların açıqladığı statistik göstəricilər göstərir ki, texnologiyanın həyatımıza gətirdiyi imkanlarla yanaşı, uşaqların sağlamlığı, təhsili və təhlükəsizliyi ilə bağlı yeni risklər də formalaşıb.

Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkədə 10-17 yaşlı uşaqların 89 faizi smartfon istifadəçisidir. Onların 76 faizi hər gün sosial media platformalarına daxil olur. Bu yaş qrupunda gündəlik sosial media istifadəsi orta hesabla 4 saat 12 dəqiqə təşkil edir ki, bu da uşağın oyaq qaldığı vaxtın təxminən 30 faizinə bərabərdir. Araşdırma gecə saatlarında telefon istifadəsinin də geniş yayıldığını göstərir. Belə ki, 12-15 yaşlı uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-dək telefondan istifadə edir. Mütəxəssislər bildirirlər ki, bu vərdiş yuxu rejiminin pozulmasına, diqqət dağınıqlığına və dərs nailiyyətlərinin aşağı düşməsinə səbəb olur.

Problemin psixoloji nəticələri də artıq səhiyyə statistikasında öz əksini tapır. Respublika Uşaq Klinikasının məlumatına görə, 2022-2025-ci illər ərzində ekran vaxtı ilə bağlı psixoloji müraciətlərin sayı 4,7 dəfə artıb. Bu artım təkcə Bakı və digər iri şəhərlərdə deyil, rayon mərkəzlərində fəaliyyət göstərən tibb müəssisələrində də müşahidə olunur. Mütəxəssisləri narahat edən digər məsələ isə uşaqların şəxsi məlumatlarını sosial şəbəkələrdə rahatlıqla paylaşmasıdır. Məktəbləri, yaşadıqları ünvanları, gündəlik marşrutları, dost çevrələri və ailələri barədə məlumatların açıq şəkildə paylaşılması onları müxtəlif kibertəhlükələr, o cümlədən cinayətkar qruplar və pedofillər üçün daha həssas vəziyyətə gətirir.

Rəqəmsal asılılıq ailədaxili münasibətlərə də təsirsiz ötüşmür. Sorğunun nəticələrinə görə, uşaqların 58 faizi ailə üzvləri ilə nahar zamanı belə telefondan istifadə edir. Valideynlərin 67 faizi isə son beş ildə övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətlərin 44 faiz azaldığını bildirib. Psixoloqlar hesab edirlər ki, ailə daxilində canlı ünsiyyətin zəifləməsi uşaqların emosional inkişafına və sosial bacarıqlarının formalaşmasına mənfi təsir göstərir.

Məktəbyaşlı uşaqlar arasında ən populyar platformalar da müəyyənləşdirilib. Statistikaya görə, ilk üçlükdə “YouTube” (69,1 faiz), “WhatsApp” (47,9 faiz) və “TikTok” (33 faiz) qərarlaşıb. Ekspertlər bildirirlər ki, xüsusilə qısa videolar təqdim edən platformalarda uzun müddət vaxt keçirmək uşaqlarda diqqət müddətinin azalmasına və informasiyanın səthi qavranılmasına səbəb ola bilər. 1100 respondent arasında keçirilən ictimai rəy sorğusu göstərir ki, cəmiyyətdə bu problemin tənzimlənməsi ilə bağlı geniş ictimai dəstək formalaşıb. Respondentlərin 87,3 faizi 16 yaşdan aşağı uşaqların sosial media istifadəsinin qanunvericilik çərçivəsində tənzimlənməsi təklifini dəstəkləyib. Məktəbyaşlı övladı olan valideynlər arasında bu göstərici 90,5 faizə yüksəlir. Təklifə daha çox etiraz edən qrup isə gənclər və ali təhsilli respondentlər olub.


Elm və təhsil naziri Emin Əmrullayev də bu yaxınlarda mövzu ilə bağlı çıxışında diqqəti uşaqların informasiya əldə etmə vərdişlərinə yönəldib. Nazir bildirib ki, bu gün uşaqların təxminən yarısı informasiyanı sosial mediadan əldə edir ki, bu da etibarlı informasiya baxımından əlavə risklər yaradır. Onun sözlərinə görə, uşaqların inkişafında həyatın ilk 1000 günü xüsusi əhəmiyyət daşıyır və bu dövrdə formalaşan vərdişlər sonrakı inkişaf mərhələlərinə ciddi təsir göstərir.

Məlumdur ki, texnologiyanın həyatımızdan çıxarılması mümkün deyil. Əsas məqsəd uşaqları rəqəmsal mühitdən tam uzaqlaşdırmaq deyil, onlarda sağlam istifadə vərdişləri formalaşdırmaqdır. Mütəxəssislər valideynlərin ekran vaxtına məhdudiyyət qoymasını, ailə daxilində telefonsuz ünsiyyət saatlarının yaradılmasını, uşaqların idman, kitab oxuma və açıq hava fəaliyyətlərinə daha çox cəlb edilməsini vacib hesab edirlər. Rəqəmlər göstərir ki, Azərbaycanda uşaqlar arasında mobil telefon və sosial media istifadəsi artıq təkcə texnoloji deyil, həm də sosial, psixoloji və təhlükəsizlik məsələsinə çevrilib. Problemin həlli isə dövlət qurumlarının, təhsil sisteminin, valideynlərin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətini tələb edir.

Bəs maraqlıdır, hansı ölkələrdə uşaqlar sosial şəbəkələrdən daha az istifadə edir?

Qeyd edək ki, bir çox ölkələrdə uşaqların sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində qanunvericilik və maarifləndirmə tədbirləri həyata keçirilir. Məhz bu siyasətlər bəzi ölkələrdə uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxtın azalmasına səbəb olub.

Məsələn, Norveç, Finlandiya və Danimarka kimi Skandinaviya ölkələrində uşaqların rəqəmsal rifahına xüsusi önəm verilir. Məktəblərdə smartfonlardan istifadəyə ciddi məhdudiyyətlər tətbiq olunur, valideynlər isə övladlarının ekran vaxtına nəzarət etmək üçün xüsusi proqramlardan geniş istifadə edirlər. Bu ölkələrdə uşaqlar daha çox idman, kitab mütaliəsi və açıq havada keçirilən fəaliyyətlərə cəlb olunduğundan sosial media istifadəsi bir çox digər ölkələrlə müqayisədə daha aşağı səviyyədədir.

Fransada 2018-ci ildən etibarən ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadə qadağan edilib. Son illərdə ölkədə 15 yaşdan aşağı uşaqların sosial media hesabı açması üçün valideyn razılığının məcburi olması ilə bağlı da qanunvericilik təşəbbüsləri irəli sürülüb. Məqsəd uşaqları zərərli məzmundan və internet asılılığından qorumaqdır.

Niderlandda məktəblərdə mobil telefonlardan istifadəyə tətbiq olunan məhdudiyyətlər nəticəsində şagirdlərin diqqətinin və dərs göstəricilərinin yaxşılaşdığı müşahidə olunub. Təhsil müəssisələri rəqəmsal texnologiyaların yalnız dərs məqsədilə istifadəsini təşviq edir.

Avstraliyada isə 2024-cü ildə qəbul edilən qanunla 16 yaşdan kiçik uşaqların sosial media platformalarına çıxışının məhdudlaşdırılması istiqamətində dünyanın ən sərt hüquqi addımlarından biri atılıb. Qanuna əsasən, sosial media şirkətləri istifadəçilərin yaşını yoxlamaq və azyaşlıların platformalara girişinin qarşısını almaq üçün məsuliyyət daşıyırlar.

Vaqif Nəsibov

“AzPolitika.info”