Xaləddin İbrahimli,

professor

Mətnə giriş: Bu üç sənət növü arasında əcayib bir bənzərliyin olduğunu düşünürəm. Komediyanı insan yaradıcılığının ali məhsulu hesab edirəm. Hər üç sənət növü ilə bütün elm sahələri arasında dərin bağın olmasına get-gedə daha çox inanıram. Elm də çeşidli hadisələr, faktlar, fikirlər və düşüncələr arasında bağ qurmaqdan yaranır. Bəzən daha çox, bəzən də az, ancaq faydalı və lazımlı olanlar arasında...

Şeir, rəsm və komediya zahirdə bir-birindən uzaq görünür. Biri sözlə, biri rənglə, digəri gülüşlə işləyir. Ancaq onların hamısı eyni yaradıcı ehtiyacdan doğur: adi görünən nəsnələr arasında gizli və incə əlaqələri hiss etmək və bu əlaqələrdən yeni məna yaratmaq.

Sənət çox vaxt nəyisə sadəcə təsvir etməkdən başlamır. Yağış yalnız küçəni islatmır; gözləməyi, ayrılığı, uşaqlığın uzaq bir səhərini və ya insanın içində yığılıb qalan sükutu da oyada bilir. Boş otaq sadəcə dörd divar deyil — itkinin, tənhalığın, bəzən də azadlıq istəyinin obrazına çevrilə bilər.

Şair, rəssam və komediya müəllifi adi nəsnələrə və hadisələrə yeni məna qazandırır. Bu sahələrin ustaları görünənin arxasında gizlənən duyğunu, sosial həqiqəti və insanın daxili ziddiyyətlərini üzə çıxarır. Belə qabiliyyət assosiasiya (çağırma) ilə bağlıdır. Lakin sənətdə assosiasiya yalnız bir xatirənin başqa xatirəni çağırması deyil; o, fərqli təcrübələr arasında mənalı körpü qurmaqdır.

Nəsrdən fərqli olaraq, şeirdə bu körpü çox zaman bircə misrada yaranır. Nazim Hikmətin “Boynuma sarılma, gülüm, məndən sənə keçər ölüm” misrası sevgi ilə xəstəlik, xəstəlikdən doğan ayrılıq və ölüm qorxusu arasında sarsıdıcı bir bağ yaradır. Burada sevgi yalnız yaxın olmaq arzusu deyil; sevdiyini qorumaq üçün ondan uzaq dayanmaq məcburiyyətidir. Məhəbbət və təhlükə eyni cümlədə qarşılaşır.

Rəssamlıqda bu bağ sözlə deyil, rəng, fiqur və kompozisiya ilə yaradılır. Frida Kahlonun rəsmləri buna gözəl örnəkdir. O, keçirdiyi ağır qəzanın nəticəsində yaşadığı bədən ağrılarını sadəcə tibbi travma kimi təsvir etmirdi. Qırılmış sümüklərini, əməliyyatlarını, təkliyini və daxili iztirabını simvollara çevirirdi. Onun əsərlərində bədən yalnız anatomik varlıq deyil; ağrının, qadınlığın, dirəncin və yaşamaq iradəsinin daşıyıcısı, obrazlı desək, hambalıdır. Şəxsi faciə estetik bir dil qazanır və tamaşaçının ağrıları ilə də əlaqə qurur.

Komediyada isə bu görünməyən bağ daha çox uyğunsuzluqdan doğur. İnsan özünü çox ciddi, ləyaqətli və ağıllı göstərmək istədiyi anda gülünc görünə bilər. Çarli Çaplinin “Modern Times” filmində zavod işçisinin konveyer xəttinə uyğunlaşmağa çalışması ilk baxışda komik səhnədir. Ancaq bu gülüşün arxasında daha ağır bir həqiqət dayanır: insanın maşın ritminə tabe olması, iş prosesində fərdiliyini itirməsi və sistem tərəfindən sıxışdırılması. Çaplin komediyanı sadəcə əyləncə üçün yox, sənaye cəmiyyətinin insanı necə mexanikləşdirdiyini göstərmək üçün istifadə edir.

Əsl komediya insanı yalnız güldürmür; onu öz zəifliyi ilə üz-üzə qoyur. Sosial riyakarlıq, bürokratik absurdluq, ailə içindəki gərginlik və güc sahiblərinin təntənəli dili bəzən gülüş vasitəsilə daha aydın görünür. İnsan bəzi həqiqətləri ağlayaraq qəbul edə bilmir, amma güləndə həmin həqiqətə daha yaxınlaşır. Komediyanın möhtəşəmliyi, insan yaradıcılığının ali məhsulu olması, məncə, bu məqamdadır.

Sənətdə dərinlik hər detalı simvollaşdırmaqdan yaranmır. Hər şeyi gizli məna ilə doldurmaq əsəri ağırlaşdıra və süni göstərə bilər. Əsas məsələ əlaqələrin çoxluğu deyil, daxili zərurətidir. Yağışı göz yaşına bənzətmək asandır. Amma yağışın köhnə məktubun sətirlərini silməsi və bununla birlikdə xatirələrin də yavaş-yavaş itməsini hiss etdirməsi daha canlı və daha yaşanmış bir obraz yaradır.

Yaradıcılıq həm də seçmək və ixtisar etmək bacarığıdır. Şair hər hissini izah etməməlidir. Rəssam hər detalı çəkməməlidir. Komediya müəllifi hər zarafatın mənasını açmamalıdır. Bəzən yazılmayan söz, boş saxlanılan rəng sahəsi və ya zarafatdan əvvəl yaranan pauza, ya da sadəcə baxış və ya mimika əsərin, obrazın ən təsirli hissəsinə çevrilir. Sənətdə boşluq da danışır, çünki oxucu, tamaşaçı və ya dinləyici həmin boşluqda öz mənasını inşa edir.

İnsan hisslərini hər zaman birbaşa ifadə edə bilmir. “Mən kədərliyəm” cümləsi bəzən çox zəif səslənir. Amma qapısı açılmayan otaq, yarımçıq qalan məktub, qırılmış bardaq və ya kimsəsiz küçə həmin kədəri daha dəqiq ifadə edə bilər. İnsan hissini obyektə, rəngə, misraya və ya gülüşə köçürəndə ona bir qədər uzaqdan baxmaq imkanı qazanır. Bu məsafə hissi azaltmır; əksinə, onu daha aydın və paylaşılması mümkün hala gətirir.

Buna görə şeir, rəsm və komediya bir-birindən uzaq sahələr deyil. Biri sözlə, biri rənglə, biri isə gülüşlə eyni işi görür: görünən dünyanın içində gizlənən görünməyən münasibətləri üzə çıxarır. Sənət bizə nəyin baş verdiyini sadəcə göstərmir; onu niyə belə hiss etdiyimizi də düşündürür.

Elm də müəyyən mənada faktlar, hadisələr, ideyalar və anlayışlar arasında əlaqə qurur. Lakin sənət həmin əlaqələri insanın daxili təcrübəsinə çevirir. Elm beynin yaddaş, duyğu və təcrübə arasında bağlar yaratdığını izah edir. Sənət isə bu bağların niyə bəzən göz yaşına, bəzən susqunluğa, bəzən də gülüşə çevrildiyini hiss etdirir.

İnsanı yalnız düşünən deyil, həm də yaradıcı varlıq edən əsas xüsusiyyət bəlkə də budur: o, dünyanı olduğu kimi qəbul etməklə kifayətlənmir. Nəsnələr, görünən dünya ilə görünməyən və ya incə dünya arasında bağlar qurur və həmin bağlarda öz qorxusunu, sevincini, keçmişini, ümidini, ağrısını və bəzən də özünün gülməli halını görür.