Və ya Çini strateji xammal bazarında lider olmağa qoyacaqlarmı?
Yüksək texnologiyaların sürətli inkişafından belə anlaşılır ki, qlobal siyasətdə böyük təsir gücünə malik olan karbohidrogenlərin dominant mövqeyini çox tezliklə mikroelektronika sahəsinin məhsulları və onların ərsəyə gətirilməsində iştirak edən metallar tutacaq.
Dünya iqtisadiyyatının inkişaf perspektivini Süni İntellektsiz, elektromobillərsiz, yarımkeçirici komponentlər sayəsində hazırlanan məhsullarsız təsəvvür etmək mümükün deyil. Bütün bu texnologiyaların əsasını isə silisium, qallium, germanium, kobalt, litium, volfram, nikel, mis, manqan, qrafit, tantal və nadir torpaq elementləri təşkil edir. Məhz buna görə də dünyanın aparıcı gücləri arasında rəqabət enerji bazarlarından tədricən mineral resurslar bazarına keçir.
Mikroelektronika məhsulları yalnız kompüter və smartfonlarda deyil, avtomobillərdə, Pilotsuz Uçuş Aparatlarında, tibbi avadanlıqlarda, hərbi sənayedə, kosmik peyklərdə, rəqəmsal texnologiyada istifadə olunur. Süni İntellektin bazası əsasında işləyən sistemlərin sürətlə yayılması mikroçiplərin istehsalında istifadə edilən və şərti olaraq nadir metallar adlandırılan kimyəvi elementlərə və nadir torpaq elementlərinə tələbatı artırır (Nadir elementlər və nadir torpaq elementləri fərqli anlayışlardır). Elə bu səbəbdən də həmin metallar qlobal geosiyasi mübarizədə strateji əhəmiyyət daşıyırlar.

Bu prosesdə ən nəzərəçarpacaq dövlət kimi Çinin önə çıxdığını görürük. Çin son iyirmi ildir ki, mikroelektronika sahəsində istifadə olunan xammal üzərində inhisarçıya çevrilmək məqsədilə dünyanın müxtəlif regionlarındakı zəngin mineral yataqlarının işlənməsinə böyük pullar yatırıb. Əlbəttə, Çin hökuməti yaxşı anlayır ki, gələcəkdə texnologiya sahəsində üstünlük əldə etmək üçün yalnız mikroçip istehsalı ilə kifayətlənmək olmaz. Strateji cəhətdən ən vacib məsələ həmin mikroçiplərin hazırlanması üçün tələb olunan xammala nəzarət etməkdir.
Bu baxımdan Afrika qitəsi çinlilərin əsas hasilat mərkəzinə çevrilib. Çin nadir metalların emalı və ixracı üzərində tədarük zənciri qurmaqla qlobal inhisarçıya çevrilmək niyyətindədir. Çin şirkətləri Afrikaya indiyədk toplam 300 milyard dollardan artıq sərmayə qoyublar.

Afrikada nadir torpaq elmenlərinin payı 1 fazidən azdır. Nadir metallar üzrə isə Afriaknın dünya hasilatındakı payı yüksəkdir. Təxmini göstəriclilərə görə, bu payda kobalt-75 %, manqan-65 %, tanatal-72 %, platin qrupu metalları 60 %, xrom-58 %, qrafit-20 faiz təşkil edir. Afrikada xeyli miqdarda litium və mis olsa da, onların hər biri dünyadakı ümumi hasilatın yalnız 10 %-i qədərdir. Mis hasilatında dünya lideri Çili, litium hasilatında isə Avstraliyadır.

Konqo kobalt, mis, Cənubi Afrika Respublikası manqan, xrom, Zimbabve litium, Mozambik qrafit, Zambiya isə mis yataqları ilə zəngindir. Yer kürəsindəki kobalt ehtiyatının təxminən 60 faizi Konqo Demoratik Respublikasının payına düşür. Dünyada hasil edilən kobaltın 75 faizi də məhz bu ölkənin mədənlərindən çıxarılır. Konqodakı Katanqa geoloji mis zolağı dünyanın zəngin mədən qaynaqlarındandır. Kobaltın istifadə sahəsi genişdir və müasir dövrün texnoloji inkişafı bu elementə olan tələbatı əhəmiyyətli dərəcədə artırıb. Kobalt elektromobillərdəki litium-ion batareyalarının qızmasının qarşısnı alır.

Konqoda kobalt hasil edən çinlilər onun əksər hissəsini emal etmək üçün öz ölkələrinə yollayırlar. Çin Konqodakı kobalt vasitəsilə minerallar uğrunda gedən mübarizədə hasilat, emal və istehasal zəncirini bir mərkəzə bağlayıb. Pekin təkcə mədənlərdən mineralların çıxarılmasına pul xərcləməyib, eyni zamanda onların fasiləsiz daşınmasını təmin etmək üçün çoxsaylı yollar və loqistik infrastrukturlar tikib. Məsələn, Tanzaniyada ildə 20 milyon konteyner qəbul edəcək limanın inşası buna bariz nümunədir. Tanzaniayanın Baqomoyo şəhərinin ətrafında qurulan Azad İqtisadi Zonaya “Afrikanın Şençjeni” deyirlər.
Mikroprosesorların hazırlanmasında ən çox istifdadə edilən kimyəvi element silisiumdur. Maraqlıdır ki, silisium Yer qabığında ən çox rast gəlinən elementlərdən biridir. Mikroelektronika sahəsində istifadə edilən əsas elementlərin istehsal payında Çin ABŞ-dən xeyli öndədir. Dünyada istehsal edilən silisiumun 80%-i, qalliumun 95%, germaniumun 60%-i, alüminiumun 60%-i, volframın 80 %-i Çinin payına düşür. Alüminiumdan savayı Çin bu elementlərin hasilatında da öndədir.

Çin bir çox ölkədən filiz ixrac edir və onları təmizləmə prosesindən keçirərək istifadəyə tam yararlı sənaye məhsuluna çevirir. Düzdür, xammalın təmizlənməsi zamanı ətraf mühüt çirklənir və ciddi ekoloji problemlər meydana gəlir, lakin Pekin buna ciddi əhəmiyyət vermir.
Sözsüz ki, Afrikanın faydalı qazıntıları uğrunda gedən rəqabət daha da gərginləşəcək. Süni İntellektlə bağlı olan texnologiya getdikcə daha çox kobalt, litium, manqan, germanium və sairəyə ehtiyac yaradacaq.

ABŞ və Çin arasındakı rəqabət heç də Afrika ilə yekunlaşmıır. Çin Çili, Argentina və Boliviyaya da sərmayə qoymaq, bu ölkələrdəki litium yataqlarının işlənilməsinə başlamaq istəyir. Amma son illərdə Çinin mineral mədənlərinə göstərdiyi hədsiz maraqdan narahat olan ABŞ Pekinin planlarına qarşı ciddi əks tədbirlərə əl atıb. Çinin bu sahə üzrə qlobal təsir rıçaqlarına yiyələnməsi ABŞ ilə yanaşı, Avropa İttifaqını, Yaponiyanı və Cənubi Koreyanı da narahat etməyə başlayıb. Onlar Çindən asılılığı minumuma endirməkdən ötrü, alternativ mədənlərin açılmasına və digər yerlərdə yeni emal müəssisələrinin yaradılmasına çalışırlar.
Digər yandan, mikroelktronika sahəsində Çinə qarşı ABŞ-nin və onun müttəfiqlərinin tətbiq etdikləri sanksiyalar sərtləşdirilir.

ABŞ Çini tədricən Cənubi və Orta Amerikadan sıxışdırıb çıxarmağa nail olub. Belə ki, ABŞ Çini Panama kanalından kənarlaşdıra bilib. Ekspertlərin fikrincə, əgər 20-ci əsrdə karbohidrogenlər uğrunda mübarizə gedibsə, artıq bundan sonra mineral resurslar uğrunda rəqabət daha ön plana çıxacaq. Çünki 40-50 il bundan öncə mikroelektronikanın tətbiqi indiki səviyyədə olmadığından, həmin sektorda istifadə edilən materiallara tələbat da böyük deyildi. Amma indi fərqli mənzərə yarandığından, nadir metallar strateji əhəmiyyət daşıyır.
Hazırda mineralların emalı və istesalına görə Çin digər qlobal güclərə nisbətən üstün mövqedədir. Amma ABŞ Afrikada son zamanlar aktivləşib və onun bu qitədəki ölkələrə yatırdığı investisiya təxminən 70 milyard dollar həcmindədir. Ağ evin başlıca məqsdələrindən biri də mineral xammalın tədarükündə Çinin əldə etdiyi üstün mövqeyi zəiflətməkdir. Təxminən 5-7 il bundan əvvəl Afrika ölkələrinin iri infrastruktur və mədən sənayesi ilə bağlı layihələrində əsas iştirakçı demək olar ki, Çin idi. Lakin indi onun ABŞ və Avropa İttifaqı kimi güclü rəqibləri var. Məsələn, ABŞ Lobito Dəmir Yolu Dəhlizi layihəsi çərçivəsində həmin bölgələrə iri miqyaslı sərmayə yatırmağı planalyır və bunun üçün yerli hökumətlərə cazibədar təkliflər irəli sürür.

ABŞ sərmayəsinin Afrikaya gəlişindən sonra Konqo Demokratik Respublikası(KDR) və Zimbabve öz strateji yataqlarını ABŞ və Çin arasında balanslı şəklidə bölməyi nəzərdən keçirir. Afrika ölkələri kreditlərin yaratdığı borc yükündən şikayətlənir, bu sahədəki qazanclarının artırılmasını istəyirlər. Onlar Çinə deyirlər ki, siz bizim ekoloji təmizliyimizi pozursunuz və buna görə də əhali narazılıq edir. KDR hökuməti ABŞ-nin təkliflərini dəyərləndirəcəyini bəyan etməklə Çindən daha çox maliyyə qoprmağa çılışır.
İndi görürük ki, qloballaşma prosesi geniş iqtisadi münasibətlər sisteminə, yüksək texnologiyaların sürətli inkişafına yol açmaqla yanaşı, həm də yeni rəqabət üsullarını meydana gətirir. Əgər Çin nadir metalların emalı və istehsalı sahəsində üstün durumdadırsa, öz növbəsində ABŞ də mikroelektronika sektorunda, onların daxili arxitekturasının qurulmasında və qabaqcıl yarımkeçirici texnologiyaların yaradılmasında lider mövqeyindədir.
Əslində, Çinin uzunmüddətli strateji məqsədi xammal hasilatındakı dominant vəziyyətindən istifadə etməklə, onları yuanla satmaqdan ibarətdir. Əgər gələcəkdə nadir mineralların və onların emal məhsullarının əhəmiyyətli hissəsi yuanla satılarsa, onda bu, ABŞ dollarının qlobal mövqeyinə sarsıdıcı zərbə vura bilər. Hələlik, Pekin bu istiqamətdə ehtiyalı siyasət yürüdür və əlverişli məqamı gözləyir.
Heç şübhə yoxdur ki, qarşıdakı perspektivdə dünya iqtisadiyyatının taleyi təkcə enerji resurslarından yox, həmçinin nadir metalların hasilatı, emalı və daşınması zəncirinə necə nəzarət ediləcəyindən asılı olacaq.
Vaqif Nəsibov
“AzPolitika.info”

Şərhlər