Rusiya Prezidentinin strateji səhvini kim düzəldəcək?
Rusiya-Ukrayna müharibəsini şərh edən siyasi icmalçılar nədənsə iki məsələyə çox az diqqət yetirirlər.
Birincisi, Rusiya Prezidenti Vladimir Putinin bir siyasətçi kimi hansı bacarığa və zəkaya sahib olmasıyla bağlıdır. Zəngin siyasi təcrübəyə malik olmayan və heç kimin tanımadığı, sadəcə Sankt-Peterburq merinin köməkçisi işləmiş adamın hakimiyyət pillələrində sürətlə yüksəldilməsi və ona nəhəng dövlətin idarə olunmasının həvalə edilməsi istər-istəməz ağıllarda qəribə və müəmmalı fikirlər yaradır.
Onu da qeyd edək ki, Putin ovaxtkı Dövlət Təhükəsizlik Komitəsindəkı elitanın nəinki yuxarı, heç orta eşalonuna da daxil olmayıb. Konspiroji nəzəriyyənin tərəfdarlarının fikrincə, Putini Kreml rəhbəri təyin edənlər, onu dərindən anlamadığı mürəkkəb bir prosesin içinə qəsdən atıblar ki, Rusiya heç zaman dirçəlməsin və qlobal güclərin vassalına çevrilsin...

İkinci məsələ isə Putinin Rusiyanı müharibənin cəngindən necə xilas edəcəyi ilə bağlıdır. Bəli, Putin Rusiyanı saldığı dərin böhrandan məhz xilas etməlidir. O, bununla həm də öz taleyini riskdən qurtarmış olar.
Prezident kürsüsündə əyləşdiyindən Putin bu gün Rusiyanın ən məlumatlı adamıdır. Bəzi analitiklərin iddiasına görə, ətrafı Putinə real vəziyyəti olduğu kimi çatdırmır, ona yalnış informasiyalar ötürürlər. Ola bilər ki, Putinə cəbhədə baş verənlər barəsində tam səhih məlumatlar verilməsin, lakin indiki informasiya bolluğu şəraitində o, neft emalı zavodlarının, hərbi obyektlərin, enerji mərkəzlərinin vurulmasını özü də görür. Əlbəttə, Putin dörd ildir ki, cəbhə xəttində kəskin irəliləyişin olmamasını və ölkə büdcəsinin az qala yarısının müharibəyə sərf edildiyini hamıdan yaxşı bilir. Putin şəxsən özünün illərlə hazırladığı Ukraynanın asanlıqla “həzm edilməsi” planının necə fiaskoya uğradığını və bunun əksinə, Ukraynanın hərbi potensialının getdikcə artdığını da görür.

Bütün bunlardan konkret nəticə çıxararaq deyə bilərik ki, Putin vəziyyəti lap əzəldən düzgün dəyərləndirə bilmədiyindən dərin strateji xətaya yol verib. Bu da onun bir siyasətçi kimi tutduğu vəzifəyə, yerə uyğun olmadığını göstərir.
Rusiya kimi nəhəng enerji resurslarına, təbii sərvətlərə, elmi və hərbi potensiala malik ölkə, əlbəttə ki, hakimiyyətdəki şəxsə yaxşı manevr imkanları verir. Putin həmin imkanlardan da lazımı şəkildə yararlana bilməyib. Dünya çapındakı bir çox mühüm parametlərinə əsasən Rusiya periferiya yox, strateji əhəmiyyətə malik ölkədir. Elə məhz bu səbəbdən də Rusiyaya qlobal prosesləri düzgün təhlil edən və ondan lazımi nəticə çıxara bilən strateji təfəkkürə malik bir şəxsin rəhbərlik etməsi gərək idi.
Həqiqətən də, əgər Putin dərin strateji zəkaya sahib olsaydı, Ukrayna düşmən yox, bütün sahələr üzrə Rusiyanın ən yaxın tərəfdaşı olardı. Ancaq Putin bütün post-sovet məkanı ilə siyasətini qarşılıqlı mənfəət və maraqlar üzərində qurmaq əvəzinə, zora və şantaja söykənən üsullarla hamını özünə tabe etdirməyə çalışıb. O, öz qonşularına qarşı daim hörmətsizlik nümayiş etdirib. Putin deyir ki, Ukraynanın, Qazaxıstanın heç zaman dövləti olmayıb. Lap elə tutalım ki, onların 1000 il bundan öncə dövlətləri olmayıb və müstəqilliklərinə indi yiyələnibər. Burada qeyri-adi nə var?

Tarixə yaxşı nəzər yetirsək görərik ki, Avropanın ən qabaqcıl ölkəsi və iqtisadi lokomativi sayılan Almaniya, Almaniya İmperiyası adı ilə vahid bir dövlət kimi yalnız 1870-ci ildə təşəkkül tapıb. İtaliyanın müasir sərhədlər daxilində birləşməsi 1871-ci ildə yekunlaşıb. Tarixi prosesi anlamaq üçün heç də güclü tarixçi olmağa ehtiyac yoxdur...
Yaxşı, bütün bunlar öz yerində. Putinin siyasi səhvi nəticəsində başladılan müharibənin durdurulması üçün yəqin ki, indi dahi strateq olmağa gərək yoxdur. Bəs görəsən, Putin Rusiyanı müharibənin cəngindən xilas etməklə bağlı nə düşünür?
Bir çox analitiklərin qənatincə, Vladmir Putin müharibəni dayandırarsa, bu, onun sonunu gətirə bilər. İndiki məqam üçün bu ideya keçərli deyil. Çünki hələ Putinin müharibəni durdurması və bundan sonra öz hakimiyyətinin toxunulmazlığını təmin etməsi üçün çoxsaylı manevr imkanları var. Ancaq Rusiyada kəskin iqtisadi çətinliklərin miqyası böyüyərsə və Ukrayna zərbələrinin təsiri ölkəni kollapsa sürükləyərsə, o zaman Putinin sözügedən manevr imkanları tükənəcək.
Lakin görürük ki, o, müharibənin durdurulmasına qətiyyən cəhd etmir və sanki beynində qurduğu hansısa “qələbə” fantaziyasına mübtəla olub, nəyəsə bərk ümid bəsləyir.
Müharibə isə hər keçən gün daha da şiddətlənir. Putinin göstərişi ilə Rusiya hərbi komandanlığı əllərindəki bütün raket və dron arsenalı ilə Kiyevdəki yaşayış komplekslərinə qarşı birbaşa terror əməliyyatı aparırlar. Rusiya bundan sonra belə əməliyyatların sayını artıracaq. Ukraynada balistik raketləri vura biləcək ”Patriot” Hava Hücumundan Müdafiə sisteminə aid “PAC-3” tipli raketlər kifayət sayda olmadığından Putin yaşayış massivlərini raket atəşinə tutmaqda davam edəcək.
Uzun müddətdir ki, ukraynalı mütəxəssislər anti-ballistik raketlərin hazırlanması üzərində işləyirlər, lakin onların nə vaxt ərsəyə gətirlməsi hələlik məlum deyil. ABŞ Prezidenti Donald Tramp Ukraynanın “Patriot” kompleksləri istehsal etməsinə lisenziya verəcəyini bildirib. Lakin onların istehsalı elə də asan və tez başa gələn deyil.
Putin dinc əhaliyə divan tutmaqla ilk növbədə ukraynalıların əzmini sındırmağa çalışır. Bununla yanaşı, o, öz vətəndaşlarına Kiyevin dağıntılara məruz qaldığını göstərməklə, hər şeyin “öz yolunda getdiyini” göstərmək istəyir.
Digər yandan isə Avropaya Rusiyanın zərbə imkanlarının yerində olduğunu nümayiş etdirir. Amma Avropa öncəki kimi Rusiyanın hədələrinə əhəməiyyət vermir və Ukraynaya edilən maliyyə və hərbi yardımı artırır. Avropalı liderlər Ukraynanın Rusiyanın dərinliklərinə vurduğu zərbələri müsbət qarşılayırlar. Hətta ABŞ Prezidenti Donald Tramp da NATO-nun Ankara sammitində Ukarynanın Rusiyaya hücumlarından məmnun qaldığını, məhz bunun müharibəni bitirməyə kömək edəcəyini qeyd edib.
Rusiya ilə müqayisədə Ukraynanın zərbə potensialı daha sürətlə artır. Rusiya raket və dron burxılışında istehsal potensialının demək olar ki, ən yüksək həddinə gəlib çatıb. Rusiya hərbi sənayesi bundan artıq istehsal gücünə malik deyil.

Ukrayna dronlarının 2500 kilometr uzaqlıdakı Omsk Neft Emalı Zavodunu vurması Rusiyanın neft-qaz obyektlərinin 70-80 faizinin məhv edilə biləcəyindən xəbər verir. Hadisələrin inkişaf dinamıkası Rusiyanın Hərbi Sənaye Kompleksinin perspektiv baxımdan təhlükə ilə üz-üzə qaldığını göstərir.
Ukrayna “ FP-1” dronlarından fərqli olaraq, hələ uzunmənzilli “Flaminqo” qanadlı raketlərindən kütləvi şəkildə istifadə etməyib. Nə qədər qəribə səslənsə də, deyə bilərik ki, Ukrayna bəlkə özü də bilmədən sanki böyük zərbələr öncəsi məşq edir.
Beləliklə, müharibə uzandıqca, Rusiya Birinci Dünya Müharibəsindəki kimi içindən çıxılması çox müşkül olan ciddi siyasi-iqtisadi burulğana girə bilər. Rusiyanın bundan qurtulmasının yalnız bir yolu var - müharibənin dayandırılması. Əks təqdirdə tarixin sərt qamçısı işə düşəcək. Unutmayaq ki, tarix ondan lazımi dərs çıxarmayanda, daha amansız formada geri qayıdır.
Vaqif Nəsibov
“AzPolitika.info”

Şərhlər