Xaləddin İbrahimli,
professor
İnsan həm dəyişən, həm də bəzi xüsusiyyətlərini qorumağa borclu olan varlıqdır. Həyat yenilənmə üzərində qurulur, xarakter isə yalnız dəyişməklə deyil, müəyyən dəyərlərə sadiq qalmaqla formalaşır. Buna görə insan həyatında dəyişməli olanlarla dəyişməməli olanları bir-birindən ayırmaq vacibdir.
İnsanın düşüncələri, qərarları, seçimləri, baxışları və həyat tərzi zamanla dəyişə bilər. İnsan öyrəndikcə, yanıldıqca və təcrübə qazandıqca əvvəl doğru hesab etdiyi fikirləri yenidən qiymətləndirir. Keçmiş qərarından imtina etməsi və ya əvvəllər müdafiə etdiyi düşüncəni dəyişməsi onun özünə xəyanət etdiyini deyil, inkişafını göstərə bilər.
Dəyişməməli olanlar isə insanın mənəvi əsasını təşkil edən vəfa, ədalət, ləyaqət, vicdan, sədaqət və insanlıq kimi dəyərlərdir. İnsan fikrini dəyişə bilər, lakin ədalət hissini itirməməlidir. Yolunu dəyişə bilər, amma ləyaqətini ayaq altına atmamalıdır. Seçimlərini yeniləyə bilər, lakin vicdanını mənfəətinə uyğun susdurmamalıdır.
Viktor Hüqoya aid edilən “Fikirlərinizi dəyişin, prinsiplərinizi qoruyun; yarpaqlarınızı dəyişin, köklərinizi toxunulmaz saxlayın” fikri bu fərqi aydın ifadə edir. Yarpaq fəsillərlə birlikdə dəyişir, tökülür və yenidən yaranır. Kök isə ağacın varlığını qoruyur. İnsanın düşüncələri yarpaqlara, mənəvi dəyərləri isə köklərə bənzəyir. Düşüncələrin yenilənməsi həyatın tələbidir; dəyərlərin itirilməsi isə daxili bütövlüyün sarsılmasıdır.
Cəmiyyət bəzən fikrini dəyişən insanı dərhal “dönük” və ya “vəfasız” adlandırır. Halbuki yanlış olduğunu bildiyi düşüncəyə yalnız inad naminə bağlı qalmaq sədaqət deyil. Həqiqətə yaxınlaşmaq üçün əvvəlki mövqedən imtina etmək zəiflik yox, düşüncə cəsarətidir.
Amerikalı esseist, filosof, şair Ralf Valdo Emersonun “Axmaq sabitlik kiçik ağılların qorxusudur” fikri də donmuş düşüncənin təhlükəsini göstərir. Prinsipial olmaqla inadkar olmaq eyni şey deyildir. Prinsipial insan mənəvi dəyərlərini qoruyur, lakin yeni bilik qarşısında fikrini nəzərdən keçirə bilir. İnadkar insan isə səhvini etiraf etməmək üçün ağlını öz qüruruna tabe edir.
İnsan hər fikrinə ömürlük and içməməlidir. Çünki düşüncə insanın müəyyən anda sahib olduğu bilik və təcrübə əsasında formalaşır. Bilik artdıqca baxışların da dəyişməsi təbiidir. Yeni həqiqəti görüb köhnə yanlışda qalmaq artıq düşüncəyə deyil, eqoya sədaqətdir.
İlber Ortaylı Bir Ömür Nasıl Yaşanır? kitabında insanın özünü yeniləməsi üçün rahatlıq sahəsindən çıxmasının vacibliyini vurğulayır: “Cəsur olun. Özünüzü rahat hiss etdiyiniz sahənin xaricində pəncərələr açın.”
İnsan yeni pəncərələr açmadıqca dünyanı yalnız köhnə baxış bucağından görür. Dəyişmək bəzən mövqedən dönmək deyil, həyatı daha geniş çərçivədə anlamağa başlamaqdır.
Ancaq dəyişmək adı ilə hər şeydən imtina etmək olmaz. İnsan şərait dəyişəndə dostlarını, güc qazandıqda ədalət hissini, mənfəəti artdıqda ləyaqətini dəyişirsə, bu, inkişaf deyil, mənəvi aşınmadır. Düşüncə dəyişməsi insanı böyüdə bilər; dəyərlərdən imtina isə onu mənəvi mərkəzindən uzaqlaşdırır.
Bu fərqi gündəlik həyatda aydın görmək mümkündür. Həkim yeni elmi məlumatlara əsasən müalicə üsulunu dəyişirsə, peşəsinə xəyanət etmir; əksinə, xəstəni sağaltmaq məqsədinə sadiq qalır. Müəllim illərdir istifadə etdiyi pedaqoji yanaşmadan imtina edirsə, müəllimlikdən uzaqlaşmır; tələbəni daha yaxşı anlamağa çalışır. İnsan siyasi, fəlsəfi və ya ictimai baxışını dəyişdikdə də əsas ölçü onun əvvəlki fikrə sədaqəti deyil, həqiqətə, ədalətə və vicdana münasibətidir.
Hər dəyişiklik irəliləyiş sayılmır. Dəyişiklik insanı daha ədalətli, mərhəmətli və məsuliyyətli edirsə, inkişafdan danışmaq olar. Əksinə, onu daha riyakar, laqeyd və mənfəətpərəst edirsə, burada yalnız uyğunlaşma vardır, mənəvi yüksəliş yox.
Heraklitin çay metaforasına görə, insan eyni çaya iki dəfə girə bilməz; çünki həm çay, həm də insan dəyişmişdir. Həyatın axarında dəyişməmək mümkün deyil. Lakin bu axın insanın öz mənəvi mənbəyindən uzaqlaşması demək olmamalıdır.
Kantın əxlaq fəlsəfəsində insan heç vaxt yalnız vasitə kimi deyil, həmişə özlüyündə məqsəd kimi qəbul edilməlidir. Bu yanaşma dəyişməməli olan əsas prinsiplərdən birini göstərir: insan ləyaqətinə hörmət. Şərait, münasibətlər və həyat şərtləri dəyişə bilər, lakin insanı mənfəət üçün istifadə edilən vasitəyə çevirməmək prinsipi dəyişməməlidir.
Əsl yetkinlik nə hər şeyə kor-koranə bağlı qalmaq, nə də hər şeyi asanlıqla dəyişməkdir. Yetkinlik nəyi yeniləməli, nəyi qorumağı bilməklə başlayır. İnsan düşüncəsində çevik, dəyərlərində möhkəm olmalıdır. Düşüncənin dəyişməsi ağlın canlı olduğunu, dəyərlərin qorunması isə mənəvi bütövlüyün dağılmadığını göstərir.
Dəyişməkdən qorxmaq lazım deyil. Qorxmalı olan, dəyişərkən vicdanı, ləyaqəti və ədalət hissini itirməkdir. İnsan fikrini dəyişəndə deyil, doğru bildiyini mənfəətə qurban verəndə özünə xəyanət edir. İnsan düşüncələrini yenilədikcə özünü daha yaxşı tanıyır, vicdan və ləyaqətini qoruduqca şəxsiyyətini itirmir. Yetər ki, ağlı yenilənsin, vicdanının səsi köhnəlməsin.

Şərhlər