Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun layihələrinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.
Daşınmaz əmlak idarəçiliyində yeni hüquqi təminatların yaradılmasına imkan verən hazırki qanun layihəsinin sovet dövründən qalan, xüsusilə müstəqillik illərində genişlənən hüquqi, iqtisadi və sosial problemlərin sistemli həllinə yönəldiyini deyən Zahid Oruc layihəni zəruri edən əsas üç səbəbi diqqətə çatdırıb.
"Birincisi, müxtəlif dövrlərdə bələdiyyə və icra hakimiyyəti orqanlarının qərarları əsasında verilən, lakin sonradan dövlət qeydiyyatına tam daxil edilməyən torpaq və daşınmaz əmlak münasibətlərinin mövcudluğudur. İkincisi, tikinti sektorunda hüquqi boşluqlardan sui-istifadə halları, xüsusilə eyni mənzilin bir neçə şəxsə satılması faktları hələ də davam edir. Üçüncüsü, Azərbaycanın sürətlə inkişaf edən daşınmaz əmlak bazarı artıq yeni idarəetmə modelinə ehtiyac duyur", - deyə, o, bildirib.
Daşınmaz əmlak bazarında son 35 ildə vəziyyətin köklü şəkildə dəyişdiyini bildirən deputat statistik göstəriciləri qeyd edib: "1990-cı ildə istifadəyə verilən yaşayış sahələrinin 45,5 faizi şəhərlərdə, 54,5 faizi kənd yerində olduğu halda, 2024-cü ildə 90,3 faizi şəhər yerində, 9,7 faizi kənd ərazilərində aparılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın ümumi mənzil fondu 2003-cü ildə 125.3 milyon kvadratmetr olduğu halda ötən il 230,4 milyon kvadratmetrə çatıb. Ölkədə bir nəfərə düşən orta yaşayış sahəsi 17,6 kvadratmetrdən 22,6 kvadratmetrə yüksəlib".
Komitə sədri vurğulayıb ki, Azərbaycanda mülkiyyət münasibətlərini yeni mərhələyə keçirən sistemli islahatın məqsədi vətəndaşın dövlət xidmətlərinə çıxışını sürətləndirmək, mülkiyyət hüququnun müdafiəsini gücləndirmək və daşınmaz əmlakın qeydiyyatı, kadastr uçotu sahəsində yeni idarəetmə modeli formalaşdırmaqdır.
Layihədə birinci qrup dəyişikliklərin daşınmaz əmlakın dövlət kadastrı ilə dövlət reyestri arasında inteqrasiyanın gücləndirilməsi olduğunu deyən Z.Oruc bildirib ki, indiyədək müxtəlif informasiya bazalarında saxlanılan məlumatların vahid sistemdə birləşdirilməsi torpaq sahələrinin sərhədlərinin, hüquqi statusunun və texniki göstəricilərinin daha dəqiq və operativ idarə edilməsinə imkan verəcək: "Xüsusilə, kənd rayonlarında torpaq və əmlak sərhədlərinin plan xəritəsindəki natamamlıqlar vətəndaşları, dövlət orqanlarını və məhkəmə sistemini hədsiz müraciət yükü ilə üzləşdirirdi. Yeni qanun layihələri dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi hesabına vətəndaşın eyni məlumatı müxtəlif qurumlara dəfələrlə təqdim etmək zərurətini aradan qaldırır".
Layihənin ən mühüm yeniliklərindən birinin təminat qeydi institutu olduğunu bəyan edən millət vəkili bu mexanizmin mahiyyətini izah edib: "Sadə dilə çevirsək, layihənin 17-1.-ci maddəsində göstərilir ki, mənzil alan vətəndaş artıq hüququnu binanın tikintisi başa çatdıqdan sonra yox, müqavilə bağlandığı andan etibarən dövlət reyestrində hüquqi təminat altına ala biləcək. O cümlədən, 17-1.2-ci maddəyə görə, tikintisi başa çatmamış binada hər bir pay üzrə yalnız bir təminat qeydi aparıla bilər – yəni, eyni mənzilin bir neçə şəxsə satılması riski sıfra endirilir. Təminat qeydi 3 iş günü müddətində aparılır, qeyd aparılmış şəxs öz hüquqlarını notariat qaydasında təsdiq olunan müqavilə əsasında başqa şəxsə ötürə bilər".
Dəyişikliklərin zəruriliyinin son illərdə 20-dən çox tikinti şirkəti rəhbərinin cinayət məsuliyyətinə cəlb olunması, 5250 vətəndaşın zərərçəkmiş kimi tanınması faktları ilə də təsdiqləndiyini bildirən parlamentari deyib: "Belə hadisələr bir ailənin problemi olmaqla yanaşı, bazarın etibarlılığına zərbə vurur, dövlət institutlarına inama təsir edir, vicdanlı tikinti şirkətlərinin də nüfuzuna xələl gətirirdi. Artıq mənzil alıcısı ilə tikinti şirkəti arasında yaranan hüquqi münasibətlər təminat qeydi vasitəsilə dərhal dövlət informasiya sistemində əks olunacaq. Beləliklə, gələcəkdə eyni daşınmaz əmlak üzərində təkrar öhdəliklərin və satışların qarşısını alan qabaqlayıcı hüquqi mexanizm yaranır. Göründüyü kimi, dəyişiklik vicdanlı vətəndaşı qoruyacaq, tikinti şirkətlərinə ictimai etimadı gücləndirəcək, ÜDM-də payı 6,5 faiz olan inşaat sektorunu canlandıracaq".
Zahid Oruc layihənin digər mühüm yeniliyinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı müddətinin 10 iş günündən 1 iş gününə endirilməsi olduğunu vurğulayıb: "Nəticədə, vətəndaş günlərlə müxtəlif qurumların qapısını döyməyəcək, sahibkar investisiya layihəsini daha tez reallaşdıracaq, bank və ipoteka əməliyyatları daha operativ aparılacaq, alqı-satqı prosesində vaxt itkisi və əlavə xərclər minimuma enəcək. Rəsmi məlumata görə, təkcə 2025-ci ildə ölkə üzrə 364 min 136 dövlət qeydiyyatı əməliyyatı həyata keçirilib. Hər gün orta hesabla 1000-dən çox daşınmaz əmlak əməliyyatı dövlət qeydiyyatından keçir".
Almaniya, Estoniya və Sinqapur kimi ölkələrin onilliklər əvvəl eyni yolu keçdiyini və bunun nəticəsində əmlak sektoruna yüz milyardlarla dollar investisiya qoyulduğunu xatırladan komitə sədri əlavə edib: "Qanun layihəsi kağız sənədlərdən rəqəmsal dövriyyəyə, parçalanmış informasiya bazalarından vahid dövlət reyestrinə, uzun gözləmə müddətindən operativ və vətəndaşyönümlü xidmət modelinə keçidi təmin edir".
Millət vəkili çıxışının sonunda yeni qanun layihəsinin əhəmiyyətinə inamını ifadə edib: "İnanırıq ki, layihə xüsusilə bələdiyyə aktları ilə verilən və hələ də qeydiyyatsız olan əmlakların da hüquqi status qazanmasına yol açacaq, ölkəmizdə qeydiyyatsız ev, mənzil və torpaq məsələsinin birdəfəlik həlli üçün zəmin yaradacaq, mülkiyyət hüquqlarının daha etibarlı müdafiəsinə və daşınmaz əmlak bazarında yeni iqtisadi dəyərin formalaşmasına xidmət edəcək".
Rasim
“AzPolitika.info”

Şərhlər
Çox gözəl təklifdir