Hazırda süni intellekt texnologiyaları sürətlə inkişaf edir və gündəlik həyatın bir çox sahəsinə daxil olur. Azərbaycan bu texnoloji dəyişikliklərə nə dərəcədə hazırdır və AI yaxın illərdə ölkədə ən çox hansı sahələrə təsir göstərəcək?
Bu barədə “AzPolitika”ya danışan İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov deyib ki, Azərbaycanın süni intellekt texnologiyalarının tətbiqinə hazırlıq səviyyəsi güclü strateji iradə ilə tətbiqi infrastruktur və kadr çatışmazlığı arasında balanslaşır.
Onun sözlərinə görə, son illərdə qanunvericilikdə innovasiya fəaliyyəti üçün nəzərdə tutulan geniş vergi güzəştləri, dövlət xidmətlərinin vahid rəqəmsal arxitekturada cəmlənməsi və rəqəmsal transformasiya addımları bu sahəyə böyük önəm verdiyimizi göstərir: “Bununla belə, tam hazırlıqdan danışmaq üçün Azərbaycan dilində irihəcmli verilənlər bazalarının (datasets) yaradılması, dövlət-özəl sektorları arasında real vaxt rejimində data inteqrasiyasının dərinləşdirilməsi və ixtisaslaşmış yerli mühəndis qıtlığının aradan qaldırılması vacibdir. Süni İntellekt Akademiyası kimi təşəbbüslər bu boşluqları hədəfləsə də, real tətbiq və rəqəmsal müstəqillik üçün hələ zamana və sınaq layihələrinə ehtiyac var”.

Ekspert qeyd edib ki, yaxın illərdə bu texnologiyanın ən kəskin təsir göstərəcəyi sahələr ilk növbədə dövlət idarəçiliyi və maliyyə sektoru olacaqdır: “Milli Məlumat Hövzəsinin inkişafı fonunda mygov portalının süni intellekt alqoritmləri ilə inteqrasiyası vətəndaş müraciətlərinin avtomatik analizinə, sənəd dövriyyəsinin optimallaşdırılmasına və fərdiləşdirilmiş proaktiv (əvvəlcədən xəbərdar edən) dövlət xidmətlərinə keçidə imkan verəcək ki, bu da bürokratik maneələri kəskin azaldacaqdır. Ölkənin rəqəmsallaşma səviyyəsi ən yüksək olan sahəsi – bankçılıq və fintex sektorunda isə kredit skorinqi, risklərin idarə edilməsi, maliyyə fırıldaqçılığının real vaxt rejimində aşkarlanması və generativ süni intellektə əsaslanan müştəri xidmətləri gündəlik biznes standartına çevriləcəkdir”.
E.Abbasov vurğulayıb ki, digər mühüm transformasiya isə ölkənin yaşıl enerji keçidi və aqrar sektorunda baş verəcəkdir: “Bərpa olunan enerji mənbələrinin idarə olunması, "ağıllı şəbəkə" (Smart Grid) vasitəsilə enerji istehsalı və istehlakının proqnozlaşdırılması, həmçinin paylayıcı şəbəkələrdəki itkilərin azaldılması birbaşa süni intellekt analitikasına əsaslanacaqdır. Kənd təsərrüfatında isə peyk və dron görüntülərinin analiz edilməsi fermerlərə torpağın vəziyyətini izləməyə, bitki xəstəliklərini erkən aşkar etməyə və su-gübrə resurslarına qənaət etməyə imkan verəcəkdir. Beləliklə, Azərbaycan yaxın gələcəkdə süni intellektin sadəcə passiv istifadəçisi olmaqdan çıxıb, onu öz kritik infrastrukturuna inteqrasiya edən aktiv tətbiqçiyə çevrilmək potensialına sahibdir”.
Oğuz Ayvaz
AzPolitika. info

Şərhlər