İranda İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda və İsraillə son münaqişə zamanı məxfi məlumatları ötürməkdə ittiham olunan iki nəfər edam edilib.

"AzPolitika"nın məlumatına görə, edam edilən Omid Behzad və Puriya Safut İranın hərbi qulluqçuları, polis əməkdaşları və təhlükəsizlik obyektləri barədə koordinatları, fotoşəkilləri və digər məlumatları İsrail kəşfiyyatına ötürməkdə təqsirli biliniblər. Məhkəmə prosesi başa çatdıqdan sonra ölüm hökmləri icra olunub.

Onlar İsrail kəşfiyyatının yerüstü agentləri kimi fəaliyyət göstərdikləri və irimiqyaslı kəşfiyyat əməliyyatının bir hissəsi olan tapşırıqları yerinə yetirdikləri iddia edilib. İstintaq materiallarında qeyd olunur ki, O.Behzad obyektlərin yerləşdiyi yeri müəyyən edib və koordinatlarını “Mossad”la əlaqəli kanallar vasitəsilə ötürüb, P.Safut isə hərbi və təhlükəsizlik obyektləri haqqında məlumatları xarici peyk teleşəbəkəsi vasitəsilə göndərib.

Bu edamlar İranın 2026-cı ildə İsrail və ABŞ ilə münaqişə fonunda kəşfiyyat əməkdaşlığı ittihamları ilə bağlı apardığı sərt tədbirlərin davamıdır. İran məhkəmə orqanları (Mizan agentliyi) hökmərin Ali Məhkəmə tərəfindən təsdiqləndiyini və icra olunduğunu bildirib. Belə ittihamlarla bağlı edamlar son aylarda dəfələrlə təkrarlanıb.