80-ə yaxın işçinin işdən çıxarılması payçılar arasında mübahisəyə səbəb olub
Yeni ilin gəlişi heç də hamı üçün bayram əhval-ruhiyyəsi gətirməyib. Dünya bazarında neftin kəskin şəkildə ucuzlaşmasının Azərbaycanda da ciddi fəsadlar törədəcəyinə dair proqnozlar özünü doğrultmağa başlayıb. Artıq bütün sferalarda - istər ticarət, istərsə də iaşə və hətta istehsal sahələrində tələblə təklif arasında müəyyən dərəcədə uyğunsuzluq nəzərə çarpmaqdadır. Bu proses getdikcə ciddi forma almağa başlayır və bunun xüsusilə də əhalinin az təminatlı hissəsinə mənfi təsirinin güclənməyəcəyinə təminat vermək çətindir.
Xüsusilə neft sektorunun ölkəmiz üçün önəmini danmaq mümkünsüzdür. Və məhz bu sektorda ixtisarların həyata keçirilməsi, neftin ucuzlaşmasının Azərbaycana göstərdiyi mənfi təsirin ilk siqnallarından biri olaraq qəbul edilə bilər. “Azpolitika”ya daxil olan məlumata görə, yeni ilin ilk günlərində “Bahar Enerji Əməliyyat Şirkəti”nin 80-ə yaxın əməkdaşına bildiriş təqdim olunub. Həmin bildirişlərdə göstərilib ki, bu işçilərlə bağlanmış müqavilənin müddəti uzadılmayacaq, yəni onlar işdən azad olunurlar. Bu işçilərinsə böyük əksəriyyəti birbaşa şirkətə aid quyulardakı neft hasilatında iştirak edənlərdir.
Onu da xatırladaq ki, sözügedən şirkət bir neçə il “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun nəzarətində idi. Lakin bu şəxsə aid bir çox biznes strukturları kimi, bu şirkətə də “əl qoyulub”. Və onun şirkətdəki payının Azərbaycan Beynəlxalq Bankına olan borcunun əvəzi olaraq əlindən alındığı iddia olunur. Ancaq Hafiz Məmmədov şirkətin tək sahibi deyildi. Şirkət sonradan “Azneft” İB-nin direktoru Daşqın İsgəndərovun qardaşına həvalə olundu.
Qeyd edək ki, “Bahar Energy Ltd.” şirkətinin əsas payçıları “Baghlan Group”, “Greenfield İnternational”, "RAFI Oil” və ARDNŞ-dir. “Bahar” və “Qum-dəniz” dəniz yataqlarının işlənməsi üzrə HPB tipli müqavilə 2009-cu ilin dekabr ayında ARDNŞ (20%) və “Bahar Energy Ltd.” (80%) arasında bağlanılıb. “Bahar Energy Ltd.” şirkətinin təsisçiləri “Baghlan Group”, “Greenfield İnternational” və “RAFI Oil” offşor şirkətləridir. Onlar Dubay-Cebel Əli azad iqtisadi zonasında qeydə alınıb. Göründüyü kimi, “Hafka”nın əcnəbi ortaqları da olub və onlar indi də var. Son ixtisarda isə yerli işçilərlə bərabər, bir neçə yüksək maaşlı əcnəbinin də adı işdən çıxarılanların siyahısına salınıb ki, bu da şirkətin əcnəbi payçılarının narazılığına səbəb olub. Mənbəmiz bildirir ki, hazırda bununla bağlı mübahisə yaşanır və məsələyə yaxın günlərdə aydınlıq gətirilməlidir.
Mövzunu davam etdirəcəyik.
TAHİR
"AzPolitika"

Şərhlər