İran Prezidenti Məsud Pezeşkian istefası ilə bağlı xəbərləri rədd edərək, istefa vermək niyyətində olmadığını və vəzifələrini qətiyyətlə yerinə yetirməyə davam edəcəyini bildirib.

“AzPolitika” xəbər verir ki, bu barədə İran mediası  məlumat yayıb.

Yayılan bu şayiə və iddialardan sonra Prezident Məsud Pezeşkiyan İran dövlət televiziyasında (IRNA) canlı müraciət edərək iddiaları qətiyyətlə təkzib edib.

Prezident hakimiyyət daxilində nifaq salmaq istəyən dairələrin olduğunu bəyan edərək deyib: “Əgər istefa vermək fikrim olsaydı, bunu gizlətməz, açıq şəkildə bəyan edərdim. İstefa etməyəcəyəm, sonadək mübarizə aparacağam! Biz Silahlı Qüvvələrimiz və ölkə rəhbərliyi ilə tam həmrəylik içində çalışırıq. Bəzi dairələr Prezidentlə Ali Lider arasında ixtilaf yaratmağa çalışır, lakin aramızda heç bir problem yoxdur”.

Pezeşkianın xalqa açıq müraciəti bu axşamdan başlayaraq dörd hissədə dərc olunacaq. 

Qeyd edək ki, daha əvvəl Qərb mediası dəfələrlə Pezeşkianla İran rəhbərliyindəki mühafizəkar qanad və SEPAH arasında gərginlik olduğu barədə məlumatlar yayıb.

İranın siyasi kulislərini qarışdıran əsas xəbər isə Ali Dini Liderə yaxınlığı ilə tanınan din xadimi Məhəmməd Baqır Xarazinin açıqlamalarından sonra alovlanıb. 

Belə ki, məlumatlara görə, Xarazi Prezident Məsud Pezeşkiyanın vəzifəyə gəldiyi gündən bu yana azı 28 dəfə istefa ərizəsi təqdim etdiyini və ya istefa verməklə rəhbərliyi hədələdiyini öne sürüb.

İddiaya görə, bu hal Ali Lider Əli Xamneyinin kəskin reaksiyasına səbəb olub və Pezeşkiyana sərt xəbərdarlıq göndərilib: "Əgər bir dəfə də istefa təhdidi etsə, bu dəfə onun istefasını tərəddüdsüz qəbul edəcəyik". Xarazi bu uyarının ardından dövlət başçısının və komandasının istefa ritorikasından geri çəkildiyini iddia edib.

Sözügedən iddialar yalnız prezidentlə mahdudlaşmır. İranın həm diplomatik, həm də hərbi rəhbərliyində kritik yenidənqurma addımlarının atılacağı bildirilir:

Xarici işlər naziri Abbas Arakçının bundan sonra Qərblə aparılan kritik nüvə danışıqlarında iştirak etməyəcəyi iddia olunur. Bu addım İran xarici siyasətində daha mühafizəkar və sərt xəttin üstünlük qazandığının göstəricisi kimi qiymətləndirilir.

Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Məhəmməd Baqır Zülqədrin vəzifədən azad edilərək yerinə Ali Liderin hərbi müşaviri Möhsün Rizayinin gətiriləcəyi vurğulanır.

İranlı tanımmış analitik Əhməd Zeydabadi və digər siyasi şərhçilər bildirirlər ki, Xarazi kimi fiqurların ortaya atdığı iddiaların ardınca Prezidentin bu dərəcədə sərt təkziblə çıxış etməsi Tehran kulislərindəki gərginliyin dərəcəsini göstərir. Zeydabadi rəsmi qurumları şayiələrin qarşısını almaq üçün şəffaf davranmağa çağırıb.

Hazırda Pezeşkiyan komandasının öz mövqeyini qoruduğunu bəyan etməsinə baxmayaraq, xarici siyasət və təhlükəsizlik strukturlarındakı kadr dəyişiklikləri ilə bağlı rəsmi qərarların necə olacağı böyük maraqla gözlənilir.

“AzPolitika.info”