ABŞ Prezidenti Donald Tramp yenə İranla uğurlu danışıqlar getdiyini və Hörmüz boğazının tezliklə açılacağını bəyan edib.
“AzPolitika” xəbər verir ki, ABŞ Prezidenti “Fox New”-a verdiyi müsahibədə Hörmüz boğazının "çox tezliklə" gəmiçilik üçün yenidən açılacağını, əks halda İranın daha güclü Amerika hücumları ilə üzləşəcəyini bildirib.
"Boğaz çox tezliklə yenidən açılacaq, əks halda onlara çox ağır zərbə vurulacaq", - Tramp deyib.
Amerika prezidentinin sözlərinə görə, hazırda Vaşinqton və Tehran arasında "çox yaxşı danışıqlar" gedir. O bildirib ki, Vaşinqton və Tehran arasındakı danışıqların nəticələri yaxın 48 saat ərzində məlum ola bilər.
"Biz çox yaxşı irəliləyirik. Nəticələr barədə 48 saat ərzində öyrənəcəyik. Bu, sabah və ya birigün baş verə bilər. Əhəmiyyətli irəliləyiş əldə olunub", - Tramp Los-Ancelesdən uçuşdan əvvəl deyib.
Tramp həmçinin hərbi münaqişə ilə bağlı diplomatik həllə üstünlük verdiyini vurğulayıb: "Biz onlara çox, çox ağır zərbə vurduq. Amma ən ağır zərbə hələ qarşıdadır və ümid edirəm ki, biz bunu etmək məcburiyyətində olmayacağıq. Hazırda çox yaxşı danışıqlar aparırıq. Onlar sadəcə bunu etiraf etmək istəmirlər. Düşünürəm ki, razılaşma əldə etmək ağıllı olardı. Görək nə olacaq".
Trampın sözlərinə görə, danışıqlar nəticəsində İranın nüvə silahlarından imtina etməsi rəsmən təsdiqlənəcək: "İran heç vaxt nüvə silahına sahib olmayacaq".
Daha əvvəl “Axios” nəşri məlumat yayıb ki, danışıqlar bir neçə həftədir davam edir və Vaşinqton avqustun 5-də razılaşmanı elan etməyi planlaşdırır. Müzakirə olunan razılaşma 60 gün müddətinə müvəqqəti keçid rejimini nəzərdə tutur və bu müddət uzadıla bilər. Həmin 60 gün ərzində gəmilər üçün heç bir rüsum nəzərdə tutulmur. Bundan əlavə, tərəflər boğazın mərkəzi hissəsindəki minaları 30 gün ərzində təmizləmək niyyətindədirlər.
Nəşrin məlumatına görə, danışıqlarda Omandan əlavə, Qətər, Səudiyyə Ərəbistanı və Pakistan nümayəndələri də vasitəçilik edir.
“AzPolitika.info”

Şərhlər