Məlum olduğu kimi, avqustun 15-dən etibarən metroda “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması layihəsinin növbəti mərhələsinə başlanılması planlaşdırılır. Bu mərhələdə “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti təxminən bir il müddətinə dayandırılacaq. Beləliklə, həmin istiqamətdə hərəkət edən sərnişinlər marşrutlarının bir hissəsində metrodan, digər hissəsində isə yerüstü nəqliyyatdan istifadə etməli olacaqlar.

Diqqət çəkən məqam isə alternativ nəqliyyatın ödənişli olmasıdır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, layihə ilə əlaqədar təşkil olunacaq ekspres avtobusların pulsuz olması nəzərdə tutulmur. Onun sözlərinə görə, belə bir qərar sərnişinlərin kütləvi şəkildə ekspres avtobuslara yönəlməsinə səbəb ola bilər və bu səbəbdən vətəndaşlara bir neçə ay ərzində marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, metro ilə hərəkətin bir hissəsini avtobusla əvəz edən sərnişinin hər gedişinə əlavə 1 manat 20 qəpik xərc yaranacaq. Həftəiçi hər gün işə gedib-gələn sərnişin üçün bu, ay ərzində təxminən 26,4 manat, bir il ərzində isə 316,8 manat əlavə xərc deməkdir.

Maraqlıdır ki, oxşar vəziyyətdə İstanbulda sərnişin üçün fərqli mexanizm tətbiq edilir.

Belə ki, bu ilin aprel ayından İstanbulun M7 Yıldız–Mahmutbey metro xəttinin Mecidiyeköy–Çağlayan hissəsində aparılan təmir işləri zamanı sərnişinlərin alternativ nəqliyyatla daşınması üçün pulsuz İETT avtobusları təşkil edilib. Aprelin 27-də yayılan rəsmi açıqlamada konkret olaraq Mecidiyeköy istiqamətindən Nurtepe stansiyasına pulsuz İETT ring avtobuslarının təşkil edildiyi bildirilib. Məqsəd isə sərnişinin metroda yaranmış məcburi fasiləyə görə əlavə ödəniş etmədən səfərini davam etdirməsidir.

Əslində burada İstanbul nümunəsi maraqlı bir sual ortaya çıxarır: “İctimai nəqliyyatın əsas hissəsində yaranan texniki və ya tikinti məhdudiyyətinin alternativ nəqliyyat xərci kim tərəfindən qarşılanmalıdır?”

Təbii ki, Bakı və İstanbulun nəqliyyat sistemi, sərnişin sayı, büdcəsi və idarəetmə mexanizmləri eyni deyil. Ona görə də Türkiyədə tətbiq olunan modeli olduğu kimi Azərbaycana köçürmək mümkün olmaya bilər. Lakin prinsip baxımından burada müqayisə apara bilərik. Çünki sərnişin metro xəttinin təmirə bağlanmasını özü seçmir. Metrodan avtobusa keçmək də onun könüllü qərarı deyil. Əksinə, mövcud nəqliyyat infrastrukturunda aparılan işlər nəticəsində sərnişin məcburi şəkildə alternativ nəqliyyatdan istifadə etməli olur.

Bu halda əsas sual yaranır: “Nəqliyyat sisteminin inkişafı üçün aparılan tikinti işlərinin yaratdığı əlavə xərc niyə tamamilə sərnişinin üzərinə düşməlidir?”

Ən azı müzakirə edilə biləcək variantlardan biri “28 May”–“Nizami” arasında yalnız metro sərnişinlərini daşıyan xüsusi “pulsuz ekspres avtobusların” təşkil olunması olardı.

Əslində belə bir ehtimal bir neçə ay əvvəl də gündəmə gəlmişdi. Aprelin 8-də “Bakı Metropoliteni”nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəisi Məmməd Rzayev “28 May” və “Nizami” stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsinin müzakirə edildiyini bildirmişdi. O zaman məsələnin yalnız Metropolitenə aid olmadığı və aidiyyəti qurumların kompleks şəkildə çalışdığı açıqlanmışdı.

Rəhman Hümmətovun “hamının ekspres avtobuslara yönəlməsi” ilə bağlı “narahatlığı”na gəlincə, bunun alternativ həlli kimi də elə məhz İstanbul nümunəsini göstərmək olar. Yəni, sərnişinlər üçün ayrıca metro-əvəzləyici ekspres marşrutların yaradılması, onların yalnız “28 May”–“Nizami” arasındakı əlaqəni təmin etməsi və digər marşrutlardan ayrılması. Beləliklə, həm sərnişinin əlavə xərcinin qarşısını almaq, həm də adi avtobus marşrutlarının həddindən artıq yüklənməsinin qarşısını almaq mümkün ola bilər…

E. Bəyməmmədli

"AzPolitika.info"