Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tutduğu vəzifədən azad edilib. Ermənistan mətbuatının və teleqram kanallarının verdiyi məlumata görə, Təhlükəsizlik Şurasının yeni katibi vəzifəsinə parlamentin keçmiş spikeri Alen Simonyan təyin olunub.
Ermənistanın Baş naziri Nikol Paşinyan Armen Qriqoryanın istefasını təsdiqləyərək, ona hökumətdə yeni vəzifə təklif etdiyini, lakin Qriqoryanın imtina etdiyini bildirib.
Nikol Paşinyan Armen Qriqoryanın gələcək fəaliyyəti ilə bağlı jurnalistlərə açıqlamasında kadr dəyişikliyinin detallarını açıqlayıb: "Mən Armen Qriqoryana Baş nazirin aparatında iş təklif etdim, lakin görünür, o, yaxın gələcək üçün müəyyən fasilə götürməyə üstünlük verir. Mən bu qərara anlayışla və hörmətlə yanaşıram".
Armen Qriqoryan uzun müddət Paşinyan komandasının xarici siyasət və təhlükəsizlik blokunda əsas fiqurlardan biri olub, xüsusilə Qərblə təmaslarda və təhlükəsizlik danışıqlarında fəal rol oynayıb.
Onu əvəzləyən Alen Simonyan isə Paşinyanın ən yaxın siyasi mütəffəqlərindən biridir və əvvəllər Ermənistan Milli Məclisinin spikeri vəzifəsini icra edib. Simonyanın bu strateji post gətirilməsi Paşinyanın hakimiyyət komandası daxilində nəzarəti daha da möhkəmləndirmək gedişi kimi qiymətləndirilir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər