Azərbaycanlı mütəxəssislərin Ermənistana səfərləri elektrik ötürücü xətləri və dəmir yolları üzrə əvvəllər elan edilmiş işçi görüşlər çərçivəsində baş tutub. Ermənistan tərəfi rabitə məsələləri üzrə ikitərəfli işlər aparır və enerji sektorunda Azərbaycanla gələcək ticarət tərəfdaşlığını istisna etmir.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 13 avqustda keçirilən brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, 2 dəfə - 5 sentyabr 2025-ci il və 15 yanvar 2026-cı il tarixlərində keçirilən ikitərəfli görüşlərin təfərrüatları rəsmi olaraq mətbuatda dərc olunub və mütəxəssislər elektrik xətlərinin, boru kəmərlərinin və kabellərin çəkilməsi, eləcə də dəmir yolu xidmətinin bərpası məsələlərini müzakirə ediblər.

"Biz bu mövzular üzərində işləyirik; ikitərəfli əməkdaşlıq davam edir. Enerji sektoruna gəldikdə isə, Ermənistanın süni intellekt zavodlarının artan ehtiyacları əlavə elektrik enerjisi tələb edə bilər, ona görə də Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq da daxil olmaqla, həm elektrik enerjisi ixrac edə, həm də idxal edə bilər", - deyə Ermənistanın Baş naziri qeyd edib.

Nikol Paşinyan vurğulayıb ki, İrəvanın strateji məqsədi günəş enerjisi istehsalı və enerji saxlama stansiyalarının inkişafı yolu ilə tam enerji müstəqilliyinə nail olmaqdır, lakin bu, ölkənin beynəlxalq enerji ticarətində iştirakına mane olmur.

“AzPolitika.info”