Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin gözlənilən qış mövsümünü çıxara bilməsi və mülki əhalini Rusiyanın kütləvi raket hücumlarından qoruya bilməsi üçün ABŞ-yə təcili müraciət edib. Zelenski Vaşinqtondan ABŞ ordusunun ehtiyatında olan "Patriot" hava hücumundan müdafiə raketlərinin (PAC-3) azı 5 faizini Ukraynaya satmasını xahiş edib.
“AzPolitika” xəbər verir ki, bu barədə "Euronews" və CNN-ə müsahibəsində Ukrayna lideri bəyan edib.
Zelenski hazırda Ukraynanın hava hücumundan müdafiə imkanlarının böhran həddində olduğunu açıqlayıb: "Keçən illə müqayisədə bu il əlimizdə 2,5 dəfə az raket tutucu var. Rusiya isə ay ərzində əvvəlkinə nisbətən 2 dəfə çox ballistik raket istehsal edir və istifadə edir. Mən amerikalı tərəfdaşlarımızdan ehtiyatlarında olan raketlərin 5 faizini bizə satmalarını xahiş edirəm. Əgər 5 faizi satsalar, biz qışı çıxara biləcəyik və insanların həyatını xilas edəcəyik. Əgər 10 faiz satsalar, Rusiyanın bütün ballistik raketlərini məhv edə bilərik. Lakin hazırda bizdə tələb olunanın cəmi 1 faizi var."
Ukrayna Prezidenti hər gün saatlarla tərəfdaşlarla gizli danışıqlar apardığını, raket əldə etmək üçün müxtəlif variantlar təklif etdiyini bildirib.
Məlumata görə, ABŞ və Yaxın Şərqdəki hərbi gərginlik fonunda "Patriot" raketlərinin qlobal qıtlığı yaranıb. Rusiya isə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin tükənməsindən istifadə edərək son həftələrdə xüsusilə Kiyev və digər iri şəhərlərə ballistik raket zərbələrini intensivləşdirib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər