ABŞ-nin kəşfiyyat dəstəyi Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək imkanı yaradır. Kiyev isə Kremlin daxili ilə bağlı kritik məlumatları Amerika tərəfinə ötürür. ABŞ və Ukrayna arasında hərbi-kəşfiyyat sahəsindəki tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Müəyyən dövrdən sonra tərəflər arasında kəşfiyyat məlumatlarının mübadiləsi yenidən əvvəlki səviyyəyə bərpa olunub, hətta bəzi istiqamətlərdə daha geniş miqyas alıb.
Nüfuzlu "Politico" nəşrinin ABŞ Senatının üzvlərinə, hərbi analitiklərə və diplomatiya dairələrinə istinadən verdiyi xəbərə görə, bərpa olunan bu əməkdaşlıq müharibənin gedişatına birbaşa təsir göstərir.
Məlumatda bildirilir ki, Vaşinqtonun ötürdüyü operativ kəşfiyyat dataları Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərində yerləşən strateji hədəflərə uzunmənzilli və dəqiq zərbələr endirmək imkanı tanıyır. Bu strategiya xüsusilə Ukraynanın özünün istehsal etdiyi ağıllı uzunmənzilli dron hücumları ilə birləşdirildikdə cəbhədə və cəbhəarxası zonalarda güc balansını dəyişməyə başlayıb.
Mövcud əməkdaşlığın ən diqqətçəkən məqamlarından biri onun iki tərəfli xarakter almasıdır. İndi yalnız ABŞ Ukraynaya kəşfiyyat dəstəyi vermir; Kiyev də öz növbəsində əldə etdiyi kritik məlumatları Vaşinqtonla bölüşür.
Ukrayna kəşfiyyatı Rusiya daxilindəki proseslər, hərbi planlar və hətta Kremlin daxili strukturları ilə bağlı topladığı ən həssas məlumatları Amerika tərəfinə ötürür. Bu da Vaşinqton üçün Rusiya rəhbərliyinin niyyətlərini dəqiqliklə qiymətləndirmək baxımından əvəzsiz mənbəyə çevrilib.
ABŞ Senatının Kəşfiyyat üzrə Seçki Komitəsinin sədr müavini, senator Mark Uorner də tərəflər arasındakı bu strateji koordinasiyanı təsdiqləyib. Senator məsələnin detallarına varmasa da, görülən işin effektivliyini vurğulayıb:"Mən konkret məsələyə toxunmaq istəmirəm, amma təhlükəsizlik kəşfiyyatı vəziyyəti və ağıllı uzunmənzilli dron hücum strategiyası Ukraynanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib”.
Ekspertlərin fikrincə, kəşfiyyat mübadiləsinin bu səviyyəyə çatması göstərir ki, Vaşinqton və Kiyev hərbi əməliyyatların planlaşdırılmasında vahid mexanizm kimi hərəkət edir. Bu isə yaxın gələcəkdə Rusiya ərazisindəki strateji obyektdərə yönəlik dron və raket hücumlarının intensivliyinin və effektivliyinin daha da artacağını göstərir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər