ABŞ Prezidenti Donald Trampın administrasiyası prioritetlərini açıqlayıb. Ağ Ev rəsmiləri bildirirlər ki, hazırkı administrasiya xarici ölkələrə, o cümlədən Ukraynaya silah və sursat tədarükünə deyil, birbaşa ABŞ-ın hərbi arsenalının bərpasına köklənib.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərin Kiyevin hərbi yardım istəyi ilə bağlı suallarını cavablandırarkən məlumat verib.

“Prezident Tramp ilk gündən etibarən məhz ABŞ-ın silah ehtiyatlarının bərpasına diqqətini yönəldib”, – deyə Levitt vurğulayıb.

O, Co Bayden administrasiyasının xarici ölkələrə kütləvi silah göndərilməsini nəzərdə tutan siyasətini “tragik” adlandırıb.

Mətbuat katibi qeyd edib ki, hazırda ABŞ-ın həm ölkə daxilində, həm də xaricdə istənilən missiyanı yerinə yetirmək üçün “kifayət qədər” sursatı var, lakin bu ehtiyatların tükənməsinə yol verilməyəcək.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski CNN-ə verdiyi müsahibədə ABŞ-dan “Patriot” raketlərinin ehtiyatlarının cəmi 5%-ni istəmişdi. Zelenskinin sözlərinə görə, Ukraynanın hazırkı raket-tutucu ehtiyatları ötən illə müqayisədə iki dəfə azalıb və bu, qışı sağ-salamat keçirmək üçün kritik əhəmiyyət kəsb edir.

Daha əvvəl iyul ayında Ankarada Zelenski ilə görüşən Tramp Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya verilməsinə müsbət yanaşsa da, sonradan bu qərarından geri çəkilərək, həmin raketlərin məhz ABŞ-ın özünə lazım olduğunu bildirmişdi.

“The Atlantic” jurnalının məlumatına görə, “Raytheon” və “Lockheed Martin” şirkətləri Ukraynaya lisenziya verilməsinə qarşı çıxırlar. İstehsalçılar ehtiyat edirlər ki, Ukrayna mühəndisləri texnologiyanı təkmilləşdirə bilərlər. “The Telegraph” isə daha bir vacib detalı vurğulayır: Vaşinqtonun bu addımdan imtina etməsinin əsas səbəblərindən biri texnologiyanın Rusiya əlinə keçməsi (sızıntı) ehtimalıdır.

Rasim

"AzPolitika.info"