Rusiya Dövlət Dumasının deputatı, "Rodina" partiyasının sədri Aleksey Juravlyovun yaxınlarının və qeyri-rəsmi ailə üzvlərinin adına ümumi dəyəri yüz milyonlarla rublla ölçülən daşınmaz əmlak və dəbdəbəli avtomobillər qeydiyyata alınıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) dərc etdiyi yeni təhqiqatda məlumat verilir.
Rəsmi bəyannaməsində yalnız bir motosikletə sahib olduğunu və yeganə gəlirinin deputat maaşı olduğunu göstərən Juravlyovun gizli var-dövləti üzə çıxıb. Təhqiqatçıların məlumatına görə, deputatın nikahdankənar münasibətdə olduğu və iki övladının anası Yevgeniya Şaimovanın adına Rublyovka yaxınlığında ümumi dəyəri 80 milyon rubl olan iki mənzil, işğal olunmuş Krımda (Yalta) 35 milyon rublluq ev və "Mercedes-Benz E-Class" avtomobili rəsmiləşdirilib. Heç bir yerdə işləməyən Şaimovanın və onun anasının aktivlərinin dəyəri 150 milyon rubla yaxınlaşır.
Bununla yanaşı, deputatın ayda 120 min rubl məvacib alan 37 yaşlı köməkçisi Tatyana Kaleginanın adına Krasnoqorskda 35.5 milyon rublluq mənzil və "Porsche Macan" avtomobili alınıb. Kaleginanın anasının adına isə Moskva ətrafında 50 milyon rubl dəyərində villa qeydiyyata alınıb. Deputatın keçmiş həyat yoldaşının mülkləri də nəzərə alındıqda, Juravlyovun yaxın ətrafına məxsus aktivlərin ümumi dəyərinin 200-300 milyon rubl arasında olduğu bildirilir.
Qeyd edək ki, Aleksey Juravlyov və onun başçılıq etdiyi "Rodina" partiyası Rusiyada müxalif "Yabloko" partiyasının seçkilərdən kənarlaşdırılması üçün iddia qaldıran ana təşəbbüskarlardan biridir.
Rasim
"AzPolitika.info"

Şərhlər