İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarının yenidən fəaliyyətini bərpa etməsinə icazə verməyəcək.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi danışıb.
"Hər kəs bilməlidir ki, Amerika bazaları heç bir halda əvvəlki vəziyyətinə qayıtmaq iqtidarında deyil və İran heç vaxt buna icazə verməyəcək",- agentlik Hatəmidən sitat gətirib.
Komandan həmçinin qeyd edib ki, ABŞ Hörmüz boğazından kənarlaşdırılıb:
"Artıq onların Fars körfəzinə, Oman dənizinə və Hörmüz boğazına daxil olmaq icazəsi yoxdur", - general-leytenant bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılması haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı razılaşmaları pozmaqda ittiham edərək İrana qarşı irimiqyaslı zərbələri bərpa edib.
Avqustun 2-də Tramp Tehranla razılaşma əldə etmək üçün İrana qarşı planlaşdırılan zərbənin ləğv olunduğunu bildirib.
Avqustun 5-də İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib ki, İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun koordinatlarını razılaşdırıb. Bununla yanaşı, o qeyd edib ki, razılaşma boğazın dərhal açılmasını nəzərdə tutmur və ABŞ-nin hərəkətlərindən asılıdır.

Şərhlər