ABŞ-də yayımlanan yeni hesabatda ölkə başçısı Donald Trampın ikinci prezidentlik dövründə administrasiyada yer alan ultra zəngin şəxslərin sayının kəskin artdığını ortaya qoyub.

Qeyri-kommersiya təşkilatı olan "Public Citizen" tərəfindən hazırlanan hesabata görə, Tramp administrasiyasında sərvəti ən azı 100 milyon dollar olan 57 məmur fəaliyyət göstərir.

Hesabatda həmin şəxslərdən 17-nin ABŞ-nin müxtəlif ölkələrdəki səfirləri, 40-nın isə icra hakimiyyətində yüksək vəzifələr tutan şəxslər olduğu bildirilib.

Trampın 23 üzvdən ibarət kabinetində də sərvəti ən azı 100 milyon dollar olan 8 nəfərin olduğu qeyd edilib.

Hesabata əsasən, Corc Buşun prezidentliyi dövründə sərvəti ən azı 100 milyon dollar olan 5 məmur olub. Barak Obama administrasiyasında bu göstərici 3, Co Baydenin prezidentliyi dövründə isə 5 nəfər təşkil edib.

Beləliklə, Tramp administrasiyasındakı 57 ultra zəngin məmurun sayı əvvəlki üç prezidentlik dövründəki 13 nəfərlik ümumi göstəricini 4 dəfədən çox üstələyib.

Qeyd edək ki, "Forbes" jurnalının sərvətini 6 milyard dollardan çox qiymətləndirdiyi Donald Tramp və sərvətinin 800 milyard dolları keçdiyi bildirilən amerikalı milyarder İlon Mask isə hesabata daxil edilməyib.

"AzPolitika.info"