Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl zərbələr ölkədə yanacaq böhranını daha da dərinləşdirib. Avqust ayının əvvəlindən başlayan təchizat problemləri artıq paytaxt Moskva da daxil olmaqla bütün ölkə miqyasında ciddi çətinliklər yaradıb. Moskvada və digər iri şəhərlərdə yanacaqdoldurma məntəqələrində (YDM) uzun növbələr yaranıb, benzin satışına ciddi məhdudiyyətlər tətbiq olunur.

Rusiyamediasınınvə yerlisakinlərinverdiyiməlumatagörə, MoskvadaYDM-lərdə sürücülərə yanacaqməhdudiyyətlə verilir. Rəsmi olaraq bir avtomobil üçün 40-60 litr limit nəzərdə tutulsa da, sürüclər reallıqda onlara ən çoxu 30 litr benzin satıldığını bildirirlər. Xüsusilə ən çox tələbat olan Aİ-95 markalı benzin kəskin defisitə çevrilib.

Ekspertlər qeyd edirlər ki, bu, böhranın ikinci və daha ağır dalğasıdır. Çünki növbələr uzanır, baha qiymətə də olsa tez yanacaq almaq mümkün olan məntəqələrin sayı isə sürətlə azalır.

Rusiya hökuməti problemdəki gərginliyi dolayısı ilə etiraf edib. Baş nazirin müavini Aleksandr Novak mövcud vəziyyəti "gərgin situasiya" adlandırsa da, zədələnmiş NEZ-lərin təmirindən sonra problemlərin aradan qalxacağını iddia edir.

Böhranın qarşısını almaq üçün rəsmi Moskva hətta yanacaq standartlarını aşağı salmağa məcbur olub. İndi YDM-lərdə ekoloji və texniki keyfiyyəti aşağı olan yanacaqların satılmasına izin verilir. Rusiya Prezidenti Vladimir Putin isə PUA hücumlarının "kritik nəticələr vermədiyini" desə də, vurulan ziyanı etiraf edib və dövlətin infrastrukturun bərpasına kömək edəcəyini vəd edib.

Müstəqil neft-qaz sektoru analitiki Boris Aronsşteynin sözlərinə görə, böhran artıq sistem xarakteri alıb və xaricdən edilən kiçik həcmli alışlar daxili bazarı xilas edə bilməz: “Rusiyada günlük neft məhsulları istehlakı 110 min tondur. İndiyədək Hindistandan idxal edilən 68 min ton benzin ölkənin birgünlük tələbatını belə ödəmədiyi halda, Mərakeşdən alınan 30 min ton yanacaq sutkalıq normanın cəmi dörddə biridir. Hindistandan gətirilən benzin neft treyderlərinin qiymətdə razılaşa bilməməsi səbəbindən limanlarda qalıb. Hindistan tonu 110-130 min rubla təklif etdiyi halda, Sank-Peterburq birjasında daxili qiymət 77 min rubldur. Treyderlər zərərinə mal almaq istəmirlər. Qazaxıstan vəd etdiyi 50 min tonun əvəzinə Rusiyaya cəmi 5 min ton yanacaq verib. Ölkənin öz daxili bazarında tələbat yüksəkdir və əsas emal zavodlarından biri olan Pavlodar NEZ-i illik təmirə dayanır”.

Analitiklər hesab edirlər ki, hökumət qiymətləri süni şəkildə saxlamaqla defisiti və "qara bazar"ı dərinləşdirir. Əgər hökumət qiymətləri tamamilə sərbəst buraxsa, ölkədə benzinin litri 120-130 rubla (hazırda bəzi yerlərdə 90-100 rubldur) yüksələ bilər. Bu isə istehlakı azaldaraq tələb və təklif balansını yenidən bərpa edə bilər, lakin əhalinin narazılığını artıracaq.

Sənayenin aşağı oktanlı və aşağı standartlı (Avro-3, Avro-2) benzin istehsalına keçməsi də gözlənilir. Hətta aviasiya kerosininin donma həddi mənfi 60 dərəcədən mənfi 50 dərəcəyə endirilib ki, bu da qış aylarında, xüsusilə Arktika zonasında uçuşlar zamanı təyyarələrin mühərriklərində yanacağın donması riski yaradır.

Rəsmi rəqəmlər məxfi saxlanılsa da, hesablamalara görə, USQ-nin zərbələri nəticəsində Rusiyanın benzin emalı güclərinin 35%-ə yaxını sıradan çıxarılıb. Avqust ayında sıradan çıxarılan Orsk NEZ-inin bərpası üçün ən azı 6 ay vaxt lazımdır ki, bu da illik 6 milyon ton zərər deməkdir. Bu zavodun əsas məhsulu isə hərbi və kənd təsərrüfatı texnikası üçün həyati əhəmiyyət kəsb edən dizel yanacağı idi.

Sentyabr ayında neft emalı zavodlarının planlı əsaslı təmir mövsümü başlayır. Hökumət təmir müddətlərini qısaltmağa çalışsa da, təhlükəli istehsalatda texniki reqlamentlərin pozulması zavodlarda böyük qəzalara və partlayışlara yol aça bilər (necə ki, bu yaxınlarda Komsomolsk-na-Amure zavodunda baş vermişdi).

Ekspertlərin fikrincə, əgər Ukraynanın Rusiyanın neft emalı və loqistika infrastrukturuna hücumları eyni intensivliklə davam edərsə, ölkənin yanacaq sektoru qış aylarında tam kollaps vəziyyətinə düşə bilər.

Rasim Əliyev

“AzPolitika.info”