Murad Hüseynli 

Siyasi şərhçi

Azərbaycan–Qırğızıstan münasibətlərində 31 iyul 2026-cı ildə baş verən hadisəni yalnız iki qardaş ölkənin əlaqələrində yeni mərhələ kimi qiymətləndirmək prosesin miqyasını daraltmaq olardı. Çolpon-Atada imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə”  Bakı ilə Bişkek arasındakı siyasi etimadı rəsmiləşdirməklə yanaşı, Cənubi Qafqazla Mərkəzi Asiyanın getdikcə daha sıx bağlandığı yeni regional reallığın mühüm göstəricisinə çevrildi.

Prezident İlham Əliyevin Çolpon-Atadakı çıxışında səsləndirdiyi “Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib” fikri bu mənzərəni anlamaq üçün açar tezisdir. 2023-cü ilin əvvəlindən Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etməsi, həmin ölkələrin liderlərinin isə Azərbaycana 26 dəfə səfər etməsi bu yaxınlaşmanın epizodik deyil, sistemli xarakter daşıdığını göstərir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qoşulması da həmin prosesin siyasi nəticələrindən biridir.

Bu regional xəttin mühüm halqalarından birini Qırğızıstan təşkil edir. Bakı–Bişkek əlaqələrində siyasi etimad konkret iqtisadi mexanizmlərlə tamamlanır. Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması bunun ən mühüm göstəricilərindəndir.

Bununla yanaşı, səfər zamanı energetika, beynəlxalq avtomobil əlaqələri, yükdaşımalar, gəmiçilik, gəmiqayırma, kibertəhlükəsizlik və maliyyə bazarları üzrə sənədlərin imzalanması əməkdaşlığın real sektorlarını genişləndirir.

İssık-Kulun sahilində açılan beşulduzlu “Baku Resort & Spa” isə bu əməkdaşlığın iqtisadi və simvolik tərəflərini birləşdirir. 2023-cü ildə Bişkekdə imzalanmış Azərbaycan–Qırğızıstan investisiya sazişi əsasında inşa edilən kompleks 17 hektardan çox ərazini əhatə edir, 111 otaq və 10 kottecdən ibarətdir. İlkin mərhələdə 255 nəfərin işlə təmin olunmasının nəzərdə tutulması layihənin yalnız turizm deyil, iqtisadi əməkdaşlıq baxımından da əhəmiyyətini göstərir.

Əslində, burada söhbət sadəcə Bakı ilə Bişkek arasındakı əlaqələrdən getmir. Azərbaycanın Mərkəzi Asiya siyasətində əsas istiqamətlərdən biri Xəzərin iki sahilində yerləşən məkanların nəqliyyat, enerji, ticarət və investisiya zəncirləri vasitəsilə bir-birinə daha sıx bağlanmasıdır. Bu çərçivədə Qırğızıstanla qurulan müttəfiqlik ölkəmizin Mərkəzi Asiyanın siyasi və iqtisadi imkanlarına daha dərindən inteqrasiyasını nəzərdə tutan uzunmüddətli strategiyanın tərkib hissəsinə çevrilir.

Yaxınlaşmanın dərinliyi yalnız dövlətlərarası sənədlərdə özünü göstərmir. Şuşa–Çolpon-Ata, Qəbələ–Karakol və Gəncə–Oş arasında qardaşlaşma əlaqələrinin yaradılması siyasi dialoqun cəmiyyətlərarası müstəviyə keçirilməsi baxımından əhəmiyyətli addımdır. Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına 528 şagird yerlik tam orta məktəbin açılması isə bu əlaqələrin daha fərqli – humanitar və mənəvi – ölçüsünü ortaya qoyur. Məktəbin yaradılması Qırğızıstanın Qarabağın bərpasına verdiyi töhfənin konkret nümunəsidir.

Bu dinamika Türk dünyasının inteqrasiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Qırğızıstan arasında möhkəmlənən siyasi etimad, iqtisadi əlaqələr və humanitar münasibətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində daha geniş əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Beləliklə, Bakı–Bişkek xəttində əldə olunan nəticələr ikitərəfli çərçivəni aşaraq Türk dünyasının ümumi əlaqəliliyinə təsir göstərir.

Müttəfiqlik haqqında Müqavilənin əsas siyasi əhəmiyyəti də məhz bundadır. Sənəd illər ərzində formalaşmış qardaşlığı yeni hüquqi çərçivəyə salmaqla yanaşı, qarşılıqlı dəstək və əməkdaşlığın istiqamətlərini daha aydın müəyyənləşdirir. Siyasi etimad iqtisadi maraqlarla, iqtisadi maraqlar isə regional bağlantılarla tamamlanır. Prezident İlham Əliyevin sözləri ilə desək, bu, iki qardaş ölkə arasında münasibətləri “müttəfiqlik səviyyəsinə qaldıran qarşılıqlı fəaliyyətin ən yüksək dərəcəsidir”.

Bu baxımdan Çolpon-Atada imzalanan sənədi son nöqtə kimi deyil, yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək daha doğru olar.

Azərbaycan–Qırğızıstan müttəfiqliyi artıq yalnız iki ölkə arasındakı əlaqələrin deyil, Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında formalaşan daha geniş geosiyasi xəttin mühüm elementidir.

Xəzərdən İssık-Kula uzanan bu xətt xəritədəki məsafəni azaltmır, lakin siyasi məsafəni aradan qaldırır. Onun əhəmiyyəti də məhz bundadır: Azərbaycan və Qırğızıstan arasında qardaşlıq artıq təkcə ortaq keçmişin deyil, ortaq regional gələcəyin də siyasi dayağına çevrilir.