"PISA (Programme for International Student Assessment - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı - red.) 2025 tədqiqatında Azərbaycandan 7 432 şagird iştirak edib. Bu şagirdlər ölkə üzrə ümumilikdə 118 min 15 yaşlı məktəblini təmsil edir".

"AzPolitika" xəbər verir ki, bu fikirləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü zamanı Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib.

PISA 2025-də Azərbaycandan neçə şagird iştirak edib? - Maraqlı tədqiqat

O bildirib ki, Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə şəkildə iştirak edib:

"Əvvəlki PISA tədqiqatlarında iştirak yalnız Bakı şəhərini əhatə etdiyi halda 2025-ci ildə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri prosesə cəlb olunub.

Tədqiqatda Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mil-Muğan, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şirvan-Salyan, Şəki-Zaqatala və Şərqi Zəngəzur üzrə məktəblər iştirak edib".

Müşavir vurğulayıb ki, ümumilikdə tədqiqata 241 məktəb, o cümlədən 154 şəhər və 87 kənd məktəbi cəlb olunub. İştirakçı şagirdlərin 52 faizini oğlanlar, 48 faizini qızlar təşkil edib.

O əlavə edib ki, tədqiqatda dünya üzrə 91 ölkədən 760 min şagird iştirak edib və onlar təxminən 33 milyon 15 yaşlı şagirdi təmsil edirlər.