Zahid Oruc,

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

3 sentyabr 2026-cı il tarixində İrəvanda keçirilən erməni-türk iş adamlarının biznes forumu, Margara–Alican sərhəd məntəqəsində aparılan intensiv hazırlıq işləri, Kars–Gümrü dəmir yolunun yenidən gündəmə gətirilməsi və Türkiyə–Ermənistan arasında ticarət-sənaye palataları arasındakı razılaşmalar Qafqazda Açılımın Azərbaycanla sinxron idarə olunan birgə yol xəritəsidir.

Türkiyə ilə Ermənistan arasında otuz ildən artıq bağlı qalan sərhəd 1990-cı illərin ağır mirası – Kəlbəcər rayonunun işğalından sonra qapanan coğrafiyanın mənzərəsidir. Lakin Vətən müharibəsində parlaq Qələbə ilə hələ 10 noyabrda – müharibənin rəsmi yekun sənədi imzalananda regional kommunikasiyaların açılması üçün hüquqi şərtlər müəyyənləşdirildi.

Ankara Ermənistanın müstəqilliyini 16 dekabr 1991-ci ildə tanımışdı, lakin Qarabağ müharibəsinin genişlənməsi Cənubi Qafqazın ənənəvi iqtisadi-ticarət xəritəsinə də zərbə vurdu, tarixi yolların bağlanması ilə əsrlərlə formalaşan regional bütövlük pozuldu. Prezident İlham Əliyev Azərbaycanın qazandığı Zəfəri yalnız azərbaycanlılara məxsus hadisə kimi saxlamadı, qalibiyyətin coğrafiyasını böyüdərək onu bölgə xalqları və ədalət tərəfdarı olan bütün dövlətlərin sərvətinə çevirməyə çalışdı. Ölkəmizin 2020-ci ildə yaratdığı yeni geosiyasi reallıqdan sonra Ankara–İrəvan əlaqələri də paralel müstəvidə inkişaf edir. Lakin üç onillikdə rəsmi Bakının həlledici mövqeyi Əliyev-Ərdoğan strategiyasının sərhədlərin açılmasında da vahid siyasət olduğunu görməyə imkan verir.

Mühüm xarici partnyorlar-Avropa Birliyi nəqliyyat bağlantılarının genişləndirilməsinə siyasi və maliyyə dəstəyi göstərməyə hazır olduğunu bəyan edib. Jamestown Fondu aktiv görüşləri iki ölkə arasında rəsmi ticarətin başlanması istiqamətində mühüm dəyişiklik kimi qiymətləndirir.

Türkiyə–Ermənistan biznes forumu da çoxdankı hazırlığın növbəti mərhələsidir. Kars, Van və İğdır biznes dairələrinin fəallığı göstərir ki, sərhədin açılmasına Türkiyədə ən böyük iqtisadi maraq göstərən qüvvə məhz şərq vilayətlərinin sahibkarlarıdır.

Tədbirin miqyası böyükdür, təxminən 200 biznes təmsilçiləri adından çıxış edən Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva sərhəd açılacağı halda Van–İrəvan avtomobil məsafəsinin təxminən 290 kilometrə enəcəyini və yolun 3–4 saata qət edilə biləcəyini bildirib. Türk sahibkarlarının planı daha böyükdür: Ermənistanın azad iqtisadi zonalarında istehsala nail olaraq, Avrasiya İqtisadi İttifaqına üzvlüyündən istifadə edərək təxminən 180 milyon nəfərlik bazara çıxış qazanıla bilər. Lakin Türkiyənin şərq vilayətlərinin biznes marağını Ankaranın dövlət siyasəti ilə bütövlükdə eyniləşdirmək olmaz.

Türk məhsulları illərdir əsasən Gürcüstan üzərindən İrəvana daxil olur, əvəzində özünün qarşılıqlı ixrac imkanları isə məhduddur. Sərhədin açılması yeni ticarəti ucuzlaşdıracaq və birbaşa iqtisadi münasibətlərə çevriləcək.

Son iqtisadi canlanmanın səbəbi prezident İlham Əliyevin 8 avqust 2025-ci il tarixində Vaşinqtonda gerçəkləşdirdiyi üçtərəfli razılaşmadır. Onsuz da Azərbaycan amili Türkiyənin milli və regional maraqlarından ayrılmazdır. Əks halda, işğalın davam etdiyi bir dövrdə Ermənistanla çoxmilyardlı qarşılıqlı mənfəət naminə Bakının torpaqları uğrunda apardığı mübarizənin arxa plana keçirilməsi ən böyük zərbəni “bir millət, iki dövlət” formuluna vurardı.

Ölkəmiz son otuz ildə Türkiyənin Cənubi Qafqaz siyasətinin enerji, nəqliyyat, təhlükəsizlik, hərbi əməkdaşlıq və iqtisadi dayaqlarından birinə çevrilib. Polşanın nüfuzlu Şərq Araşdırmaları Mərkəzinin – OSW-nin Türkiyə–Ermənistan normallaşmasına həsr etdiyi təhlildə işlədilən “Azerbaijan first” ifadəsi tarixi və 21-ci əsrin gerçəkliyini ifadə edir. Mərkəz müəllifləri qurulmuş strateji münasibətlərin Ankara üçün daha böyük çəki daşıdığını göstərirlər. OSW sarsılmaz bağlılığın üç mühüm dayağını xüsusi qeyd edir: Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TANAP kimi enerji xətləri, Azərbaycanla hərbi müttəfiqlik sazişi və İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış yüksək siyasi qardaşlıq iki dövləti birləşdirən təməllərdir.

Hakan Fidan 15 yanvar 2026-cı ildə Ankaranın ardıcıllığını açıq göstərmişdi: Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi əvvəlcə imzalanaraq yekunlaşdırılmalı, bundan sonra Türkiyə–Ermənistan normallaşması mümkün qədər sürətlə tamamlanmalıdır. Sərhədin texniki cəhətdən hazırlanması siyasi qərarı əvəz etmir-hər kəs sülh müqaviləsinin imzalanmasını gözləyir.

European Council on Foreign Relations-un Aslı Aydıntaşbaş və Riçard Kirakosyan tərəfindən hazırlanmış “Acts of normality” araşdırması Türkiyə–Ermənistan yaxınlaşmasının iqtisadi və geosiyasi səbəblərini ön plana çıxarır - Vaşinqton prosesi və TRIPP gündəliyi Azərbaycanın regionda yaratdığı yeni reallığın strateji nəticəsidir.

Ermənistan bazarının açılması Türkiyəyə xeyli iqtisadi faydalar gətirəcək. Əhalisinin üç milyondan az olması regional bağlantıların yaradacağı milyard dollarla əlavə dəyərin fonunda əhəmiyyətli rol oynamır.

Lakin Azərbaycanla münasibətlərin Türkiyə üçün iqtisadi ölçüsü isə yalnız bir qonşu bazarın həcmi ilə müqayisə edilə bilməz, çünki türk iqtisadiyyatının öncül sahələrini əhatə edir. SOCAR Türkiyənin 2026-cı ilin iyununda açıqladığı məlumata əsasən, Petkim, STAR Neft Emalı Zavodu, TANAP, SOCAR Terminal, SOCAR Storage, SOCAR Trading və digər aktivləri əhatə edən investisiyaların ümumi həcmi təxminən 19,5 milyard dollara çatıb. Şirkət Türkiyədə ən böyük xarici birbaşa sərmayeçi mövqeyini qoruyub saxlayır.

2020-ci il Vətən müharibəsi Türkiyəyə yeni geosiyasi status qazandırdı. Ankara onilliklər ərzində Cənubi Qafqazın mühüm qonşusu və Azərbaycanla qardaş dövlət idi, lakin regionun təhlükəsizlik arxitekturasında əsas xarici güc ATƏT Minsk qrupunun həmsədrləri sayılırdı. Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbədən sonra regional geosiyasi arxitektura dəyişdi, Türkiyə Cənubi Qafqaz təhlükəsizlik sisteminin əsas siyasi güclərindən birinə çevrildi.

Rusdilli Carnegie Politika-da Olesya Vartanyanın “К миру через Анкару” məqaləsi hadisəyə Ermənistan tərəfindən baxmağa imkan verir. Müəllifə görə, 2020-ci ildən sonra İrəvan Türkiyəni regional təhlükəsizlik hesablamalarından kənarda saxlamağın mümkün olmadığını daha aydın gördü. Ermənistan Ankara ilə normallaşmanı həm yeni hərbi eskalasiya risklərinin azaldılması, həm də ölkənin regional tranzit sisteminə daxil olması üçün vasitə hesab edir.

İrəvanda Türkiyəyə artıq yalnız tarixi düşmənçilik və soyqırım ideologiyası ilə yanaşılmır, Azərbaycanla münasibətlərə təsir imkanları olan əsas regional güclərdən biri kimi baxılır. Təsadüfi deyil ki, erməni Baş nazir diversifikasiya olunan təhlükəsizlik deyəndə birinci növbədə, əhatə olunduğu türk xalqları ilə münasibətlərin normallaşmasını nəzərdə tutur.

Sərhədin açılması İrəvanı 85 milyondan çox əhalisi olan böyük bazara çıxarır, üstəlik Türkiyə vasitəsilə Avropa iqtisadi məkanına, Azərbaycan üzərindən Xəzər hövzəsinə və Mərkəzi Asiyaya bağlaya bilər. Ölkənin otuz ildən artıq formalaşan qapalı nəqliyyat coğrafiyası dəyişə, tranzit xərcləri azala, yeni investisiya və istehsal imkanları yarana bilər.

Bakı regional iqtisadi inteqrasiyanı davamlı sülhün təminatına, güclü dayaqlarına çevirməyi bacarır. Əgər Ermənistan Türkiyə sərhədinin, regional dəmir yollarının, tranzit imkanlarının, Azərbaycan və Türkiyə bazarlarına çıxışın üstünlüklərini əldə edəcəksə, regionda ərazi iddialarının, müharibə riskinin və qarşılıqlı düşmənçilik üzərində qurulmuş əvvəlki siyasi ideologiyanın da hüquqi sonu gəlməlidir.

Sülhdən sonra Cənubi Qafqaz: üç dövlət, bir iqtisadi məkan

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əhəmiyyəti yalnız iki ölkə arasında müharibə təhlükəsinin aradan qalxması ilə ölçülə bilməz. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Cənubi Qafqazın indiyədək vahid iqtisadi-siyasi region kimi inkişaf etməməsinin başlıca səbəbi onilliklər boyu davam edən münaqişələr, işğal və bunun nəticəsində sərhədlərin, yolların və ticarət əlaqələrinin qapanması olub.

Sülh müqaviləsindən sonra dəyişəcək ən mühüm məsələ xəritədə keçmiş yolların bərpası, Cənubi Qafqazın üç dövlətinin ilk dəfə bir-birinin iqtisadi dövriyyəsinə daxil olmasıdır.

İqtisadi münasibətlər növbəti müharibə təhlükəsini azaldır. Azərbaycan benzinini satan erməni sahibkar, Naxçıvan üzərindən mal daşıyan türk iş adamı və Zəngilan terminalından gəlir götürən azərbaycanlı tacir və dövlət büdcələri üç ölkənin birgə razılaşdırdığı bəyannamələri daha zəmanətli edir.

Sərhədlər açıldıqdan sonra hansı iqtisadiyyat yaranacaq?

Ən böyük dəyişiklik nəqliyyatda və logistikada gözlənilir. Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərinin bağlı olması İrəvanı onilliklər ərzində Gürcüstan və İran marşrutlarından asılı vəziyyətdə saxlayıb. Yeni şəraitdə Ermənistan üçün bir neçə istiqamət paralel açıla bilər: Azərbaycan vasitəsilə Xəzər və Mərkəzi Asiya, Naxçıvan və Türkiyə istiqaməti, Gümrü-Kars xətti, Yerasx-Sədərək və İcevan-Qazax dəmir yolu əlaqələri.

TRIPP-in 43 kilometrlik dəmir yolu hissəsinin dəyəri ekspert hesablamalarına görə 250-400 milyon dollar civarında ola bilər. Daha böyük maliyyə paketlərinin formalaşdırılması nəzərdə tutulur. Azərbaycan üçün ənənəvi yol Naxçıvanla ən qısa quru bağlantıdır, Ermənistanın cənubuna iqtisadi fəallığın gəlməsidir, Türkiyənin şərq vilayətlərini yeni regional nəqliyyat sisteminə qoşulmasıdır.

Azərbaycan və Türkiyə paralel olaraq Kars-Dilucu istiqamətində 224 kilometrlik yeni ikixətli dəmir yolu layihəsini gerçəkləşdirir. Carnegie-nin hesablamasında layihənin dəyəri təxminən 2,4 milyard avro – 2,8 milyard dollar göstərilir. Yeni xətt Naxçıvanı Türkiyənin dəmir yolu sistemi ilə daha böyük ötürücülük qabiliyyəti ilə birləşdirəcək.

Orta Dəhlizin genişlənməsi isə prosesin daha böyük iqtisadi ölçüsüdür. Dünya Bankının hesablamalarına görə, zəruri investisiyalar və logistika islahatları həyata keçirilərsə, Orta Dəhliz üzrə yük axınları 2030-cu ilə qədər üç dəfə arta, daşınma müddəti isə iki dəfə azala bilər. Bankın iqtisadi modeli Azərbaycan, Gürcüstan və Qazaxıstanın öz aralarındakı ticarətinin 2030-cu ilə qədər 37 faiz, üç ölkə ilə Avropa Birliyi arasındakı ticarətin isə 28 faiz artmasını proqnozlaşdırır.

Sərhədyanı rayonlarda nəticələr daha tez hiss oluna bilər. Onilliklərlə hərbi postlar qurulan Zəngilan, Qazax, Tavuş, Kars və İğdır kimi sərhədyanı rayonlarda ilk dəyişiklik ən sadə formada görünəcək: gömrük xidməti, yükdaşıma, anbar — hər biri sülhün ilk iqtisadi arxitekturasıdır.

Turizm də yeni coğrafiyadan pay alacaq. Kars-Ani-Gümrü-İrəvan, Naxçıvan-Zəngəzur-Qarabağ, Bakı-Tbilisi-Kars və gələcəkdə bunları bir-birinə bağlayan regional marşrutlar Cənubi Qafqazın turizm coğrafiyasını dəyişdirə bilər.

Üç ölkənin bazarlarının bir-birinə açılması ilə enerji, qida, metallurgiya, bank-sığorta və telekommunikasiya sektorlarında rəqabət də, tərəfdaşlıq da mümkün olacaq — hansının üstün gəlməsi qiymət və keyfiyyətlə müəyyənləşəcək.

Zəngəzur açılımının daha böyük iqtisadi mənası isə həm də nəqliyyat təhlükəsizliyidir. Carnegie-nin 2026-cı il araşdırmasında Bakının TRIPP-ə iqtisadi marağının səbəblərindən biri də Gürcüstan və İran üzərindən mövcud tranzit marşrutlarının geosiyasi riskləridir. Alternativ xətt bir marşrutun digərini əvəz etməsindən daha çox Azərbaycanın hər hansı bir tranzit istiqamətindən həddən artıq asılılığını azaldır.

Naxçıvan üçün isə nəticə daha böyük ola bilər. Muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqə xətlərinə qoşulması daşınma müddətini və tranzit xərclərini azalda, Naxçıvanın Türkiyə ilə mövcud iqtisadi inteqrasiyasını ölkənin ümumi istehsal və ticarət sistemi ilə daha sıx birləşdirə bilər.

Bakı İrəvan üçün ilk dəfə iqtisadi tərəfdaşa çevrilir

Sülhdən sonra Azərbaycanın Ermənistanla münasibətlərdə qazandığı yeni iqtisadi mövqe ayrıca əhəmiyyət daşıyır. Otuz ildən artıq müddətdə iki dövlət arasında iqtisadi qarşılıqlı asılılıq mövcud olmayıb. Bakı İrəvan bazarında mal satmayıb, enerji təhlükəsizliyində rol oynamayıb, qonşuluq aparılmayıb və işğalçı tərəfin xarici ticarətinin ölkəmiz üzərindən keçməsinə imkan verilməyib. Ermənistan iqtisadiyyatının əsas xarici dayaqlarından biri Rusiya, xaricə əsas quru çıxışı isə Gürcüstan və İran olub.

İndi işğaldan qalan iqtisadi xəritə dəyişməyə başlayır.

Azərbaycan üçüncü ölkələrdən Ermənistana gedən yüklərin öz ərazisindən tranzitinə qoyduğu məhdudiyyətləri aradan qaldırıb. Ardınca yerli benzin və dizelin ixracına başlayıb. Bir neçə il əvvəl siyasi baxımdan təsəvvür edilməsi çətin görünən hadisə – Azərbaycan yanacağının Ermənistanda satılması – artıq iqtisadi münasibətlərin ilk nümunələrindən biridir.

Ermənistanın xarici iqtisadi əlaqələri çoxşaxəli olduqca Rusiyadan birtərəfli asılılığı azala bilər. Bakı ilk dəfə hər iki qonşu ölkənin gündəlik iqtisadi maraqlarına təsir edən dövlətlərdən birinə çevrilə bilər.

Azərbaycan neft məhsullarının Ermənistan bazarına çıxması perspektivi gələcəkdə Bakı ilə İrəvan arasında əməkdaşlığın hansı xətti üzrə inkişaf etməsindən asılıdır. Halbuki Gürcüstan enerji şəbəkəsini coğrafi baxımdan ən yaxın böyük qaz istehsalçısı olan Azərbaycan hesabına şaxləndirib.

İki respublikanın iqtisadi əlaqələrinin tarixinə nəzər salanda indiki proseslərin tamamilə sıfırdan başlanmadığı aydın görünür. 1987-ci ilin rəsmi göstəricilərinə görə, Azərbaycan Ermənistana bir ildə 388 min ton avtomobil benzini, 375 min ton dizel yanacağı, 1 milyon 860 min ton mazut, 30 min ton sürtkü materialları, 7,6 min tona yaxın polietilen və digər məhsullar göndərirdi. Dünya Bankının məlumatına görə, 1989-cu ildə respublikanın təbii qaz istehlakı 5,87 milyard kubmetrə çatmışdı. Müharibə və sərhədlərin bağlanması ilə qırılan faydalı iqtisadi bağların yerində indi tamamilə başqa siyasi şərtlər altında yeni münasibətlər yaranır: Bakı İrəvan üzərində mühüm təsir imkanları qazanır. Ermənistanın indiki illik qaz bazarının həcmi 37 il əvvəlki dövrlə müqayisədə iki dəfə azalıb - təxminən 2,3–2,4 milyard kubmetr səviyyəsində olması göstərir ki, Azərbaycan sülhdən sonra İrəvanın enerji mənbələrində rol qazanır, nəticədə Cənubi Qafqazın vahid enerji-iqtisadi məkanının formalaşmasında müstəsna status əldə edir.

Azərbaycanın sülhdən qazanacağı ən böyük strateji nəticələrdən biri hərbi qələbə ilə dəyişdirdiyi regional güc balansını iqtisadi qarşılıqlı asılılıqla möhkəmləndirməkdir.

Margara hazırdır, bəs siyasi sərhəd?

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan 1 iyul 2022-ci ildə Vyanada üçüncü ölkə vətəndaşlarının və diplomatik pasport sahiblərinin quru sərhədindən keçməsinə imkan verilməsi barədə razılığa gəlmişdilər.

Ararat Mirzoyanın 2026-cı il avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və xaricdə fəaliyyət göstərən erməni səfirləri ilə Margara məntəqəsinə getməsi nazirin dediyi kimi, tarixi fürsəti itirməmək və beynəlxalq ictimai fikri açılışa hazırlamaqdır.

Türkiyə–Ermənistan münasibətlərinin ziddiyyəti siyasi sərhədlər bağlı qalsa da, iqtisadi əlaqələrin heç vaxt tam bağlı olmamasıdır.

Türk malları illərdir Ermənistan bazarına Gürcüstan və digər üçüncü ölkələr vasitəsilə daxil olur. Türk–Erməni İş İnkişaf Şurasının rəhbəri Kaan Soyak dolayı ticarətin təxminən 300–350 milyon dollar həcmində olduğunu bildirir. Ermənistanın 2025-ci il idxal statistikasında Türkiyə mənşəli malların dəyəri təxminən 366,8 milyon dollar göstərilir.

Lakin normallaşmaya daha ehtiyatlı yanaşan siyasi və ictimai qüvvələr var. Azərbaycanla strateji müttəfiqliyi Türkiyənin milli marağı hesab edən milliyyətçi və mühafizəkar dairələr Bakı ilə razılaşdırılmamış açılışa ehtiyatlı yanaşırlar. 1915-ci il hadisələri, ASALA terrorunun yaddaşı, Ermənistan daxilində Türkiyəyə qarşı tarixi iddiaları qoruyan siyasi qruplar və diasporun mövqeyi də iqtisadi hesablamalara təsir edən amillərdir.

Rusiya və İran nə görür?

Türkiyə–Ermənistan sərhədinin açılması Rusiyanın Cənubi Qafqazdakı ənənəvi dominant mövqeyinə təsir göstərir. Ölkənin uzun illər Rusiyadan yüksək iqtisadi və təhlükəsizlik asılılığının səbəblərindən biri də Türkiyə və Azərbaycan sərhədlərinin bağlı olması idi. Ermənistanın qərb və şərq istiqamətlərində yeni iqtisadi çıxışlar əldə etməsi Moskvanın İrəvan üzərində tarixi təsirini – iqtisadi və siyasi çəkisini azalda bilər.

Lakin Moskva Türkiyə–Ermənistan normallaşmasına prinsip etibarilə qarşı olduğunu bəyan etmir. Əsas məsələ, açılım prosesinin erməni-rus xalqları arasında münasibətlərin tarixən ən aşağı səviyyəyə düşdüyü, ABŞ və Avropa İttifaqının regionda daha fəal olduğu və Rusiyadan yan keçən Şərq–Qərb nəqliyyat layihələrinin genişləndiyi şəraitdə cərəyan etməsidir.

Sülhdən sonrakı yeni regional arxitekturanın kimin tərəfindən idarə olunacağı ən böyük sualdır.

İranın əsas narahatlığı isə Ermənistan–İran sərhədinin statusu, Azərbaycanla Naxçıvan arasında yaranacaq yeni əlaqənin hüquqi rejimi və regionda xarici qüvvələrin mümkün iştirakı ilə bağlıdır.

Qlobal geopolitik savaşın və hərbi münaqişələrin coğrafiyasının genişləndiyi dövrdə Cənubi Qafqazın və Xəzər hövzəsinin geostrateji əhəmiyyəti artır.

Regionda sülh heç vaxt indiki qədər bölgə dövlətlərindən asılı olmayıb. Qafqazlarda tarixən toqquşan imperiyalar və onun siyasi varislərinin planları ayrılıqda bir dövlətin vasitəsilə konflikt vəziyyəti yaratmağa imkan vermir. Lakin regionüstü Rusiya, ABŞ və Avropa Birliyinin, həmçinin İran və Türkiyənin maraqlarının uzlaşmayacağı təqdirdə hansı vasitələrlə qeyri-sabitlik ocaqlarının yaradılcağı açıq sual olaraq qalır. Lakin sərhədlərin açılması qarşısıalınmaz prosesdir.

Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyaya çıxış imkanları genişlənərsə, Tehran bunu öz tranzit imkanları üçün rəqabət kimi görəcək və Cənubi Qafqazın yeni nəqliyyat xəritəsində İranın rolu azalacaq. Hörmüz və Fars körfəzi ətrafında qlobal gərginlik və digər təzhizat zəncirlərinin məruz qaldığı təhlükələr Orta dəhlizin önəmi daha artırır.

Gürcüstanın tranzit alternativsizliyinin sonu

Otuz ildən artıq müddətdə Ermənistanın Türkiyə və Qərb istiqamətində xarici ticarətində Gürcüstan əvəzsiz tranzit ölkəsi olub. İnhisarçı tranzit mövqeyinin zəifləyəcəyi şübhə doğurmur. Azərbaycan–Ermənistan–Türkiyə istiqamətində alternativ xətlər yarandıqca yük sahiblərinin seçim imkanları artacaq. Regionda yolların çoxalması Gürcüstanın alternativsizliyini aradan qaldırır.

İctimai rəy siyasi elitadakı münasibətlərdən daha mürəkkəbdir

2026-cı ilin vəziyyətini hər iki ölkədə eyni metodologiya ilə ölçən, reprezentativ və etibarlı yeni paralel ictimai rəy sorğusu yoxdur. Əvvəlki sosial və akademik tədqiqatlar Ermənistanda sərhədin açılmasına münasibətin siyasi baxışlardan, Türkiyəyə etimaddan, təhlükəsizlik hissindən və iqtisadi gözləntilərdən ciddi şəkildə asılı olduğunu göstərir.

Lakin Paşinyanın 2026-cı il parlament seçkisində yenidən qalib gəlməsi, təbliğat kampaniyasının müharibə partiyasına qarşı mübarizə adı ilə təqdim olunması nəticəsini verdi: Türkiyə və Azərbaycanla normallaşma xəttinin Ermənistan cəmiyyətində mühüm siyasi bazasının olduğu dünyaya nümayiş etdirildi. Qazandığı güclü etimad Qarabağ hərəkatını və çoxəsrlik düşmənçiliyi təşviq edən qüvvələri birdəfəlik siyasi sistemdən silmək üçün hakimiyyətə əlavə mandat verib. Xankəndidən könüllü köçmüş ermənilərin bir hissəsi, milliyyətçi müxalifət və Rusiyaya yaxın siyasi qruplar sülhün qarşısını almağa qadir deyillər.

Ona görə də İrəvana gedən yol siyasi baxımdan Bakıdan keçir.

Açılım Azərbaycanın qazandığı Zəfərin siyasi coğrafiyasının genişlənməsidir.

“AzPolitika.info”