2026-cı ilin ilk 6 ayının yekunlarına əsasən, Azərbaycanın xarici iqtisadi mövqeyində və tədiyə balansında ötən ilin eyni dövrü ilə müqayisədə ciddi müsbət dəyişikliklər qeydə alınıb. İqtisadçı ekspert Eldəniz Əmirov ölkənin cari əməliyyatlar balansındakı kəskin artımı, neft-qaz və qeyri-neft sektorundakı son göstəriciləri, habelə turizm və kapital axınındakı mənfi meylləri rəqəmlərlə təhlil edib.
Tədiyə balansında 2 dəfəlik sıçrayış: Profisit 4,7 milyard dollara çatdı
İqtisadçı bildirir ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2,3 milyard dollardan 4,7 milyard dollara yüksəlib. Bu isə profisitin təxminən 2 dəfə artması deməkdir. Göstəricinin ÜDM-ə nisbəti də 6,3%-dən 12,4%-ə kimi kəskin yüksəlib.
Bu müsbət dinamikanın təməlində duran əsas səbəbləri iqtisadçı belə sıralayır:
-Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti 23,6% artaraq 7,3 milyard dollardan 9 milyard dollara yüksəlib;
-Qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri 13,7% azalaraq 5 milyard dollardan 4,3 milyard dollara düşüb. Bu, ümumi tədiyə balansı baxımından mühüm müsbət dəyişiklikdir;
-Xarici ticarət dövriyyəsi 20,3 milyard dollardan 22,4 milyard dollara yüksəlib. Xarici ticarət balansının profisiti isə 4,1 milyard dollardan 6,2 milyard dollara çatıb (artım təxminən 51%).
-Əmtəə ixracı 16,9% artaraq 12,2 milyard dollardan 14,3 milyard dollara yüksəlib. Bunun əsas hissəsi neft-qaz ixracının 10,5 milyard dollardan 12,3 milyard dollara yüksəlməsi ilə bağlıdır.
Eldəniz Əmirov ixrac göstəricilərinin detallarını da diqqətə çatdırır: “Xam neft ixracı 6,5 milyard dollardan 7,6 milyard dollara, təbii qaz ixracı 3,7 milyard dollardan 4,2 milyard dollara, neft emalı məhsullarının ixracı isə 0,3 milyard dollardan 0,5 milyard dollara yüksəlib”.
Dinamikanı qiymətləndirərkən nəyi nəzərə almalıyıq?

İqtisadçı xarici ticarət göstəricilərindəki kəskin artımı qiymətləndirərkən çox mühüm və xüsusi bir məqama diqqət çəkir: “Burada vacib bir məqamı nəzərə almaq lazımdır. 2026-cı ilin aprel ayında əvvəlki illərdə alınmış qızılın böyük həcmdə satışı həyata keçirilib. İlk 3 ayda Azərbaycanın qeyri-neft ixracı 862 milyon dollar olduğu halda, aprel ayındakı satışdan sonra ilk 4 ay üzrə qızıl ixracının özü 3,6 milyard dollara çatıb. Buna görə də 2026-cı ilin ilk yarısında xarici sektor göstəricilərində müşahidə edilən güclü dinamikanı qiymətləndirərkən bu birdəfəlik iri qızıl satışının yaratdığı effekti də nəzərə almaq lazımdır. Yəni göstəricilərdəki yaxşılaşmanın müəyyən hissəsi istehsal və ənənəvi ixracın genişlənməsindən deyil, aprel ayında həyata keçirilmiş böyük həcmli qızıl satışından qaynaqlanır”.
Bununla belə, ənənəvi qeyri-neft-qaz ixracında da müsbət meyl davam edib. 2025-ci ilin ilk 6 ayında 7,6% artım qeydə alınmışdısa, 2026-cı ilin eyni dövründə artım 18% olub və ixracın həcmi 2 milyard dollara çatıb.
Nəqliyyat sektoru, xarici investisiyalar və ehtiyat aktivləri
Tədiyə balansına müsbət təsir edən digər mühüm istiqamət nəqliyyat xidmətləridir:
Nəqliyyat xidmətlərinin ixracı 6,6% artıb, idxalı isə 1,7% azalıb. Nəticədə bu sahədə profisit 9,9% artaraq 856,4 milyon dollardan 941,1 milyon dollara yüksəlib. Nəqliyyat sektoru artıq xidmətlər balansına davamlı müsbət töhfə verən əsas sahələrdən birinə çevrilir.
Qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlbi də 19,6% artaraq təxminən 0,9 milyard dollara çatıb.
Ehtiyat aktivlərinin reallaşmış hissəsində də kəskin müsbət dönüş var. 2025-ci ilin ilk yarısında 274,9 milyon dollar azalma olduğu halda, 2026-cı ilin ilk yarısında 1,4 milyard dollar artım qeydə alınıb.
Mənfi dinamika: Turizmdə 76%-lik düşüş və xaricə kapital axını
Eldəniz Əmirov ümumi mənzərənin müsbət olmasına baxmayaraq, bir neçə kritik istiqamətdə müşahidə olunan mənfi meylləri və risqləri də açıqlayır: “Turizm sektorunda kəskin zəifləmə davam edir. Qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 14,7% azalaraq 1,7 milyard dollardan 1,4 milyard dollara düşüb. Turizm xidmətləri üzrə ixrac 946,4 milyon dollardan 747,8 milyon dollara enib. Turizm balansının profisiti isə 194,3 milyon dollardan cəmi 47,2 milyon dollara düşüb - bu, təxminən 76% azalma deməkdir. Azərbaycana gələn xarici vətəndaşların sayının 10,3% azalması bu mənfi dinamikanı izah edən əsas amildir.
Neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri də böyüyüb. 2025-ci ilin ilk yarısında 705,2 milyon dollar olan kəsir 2026-cı ildə təxminən 1 milyard dollara yüksəlib.
Birbaşa investisiyalar üzrə diqqət çəkən başqa bir məqam Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi kapitalla bağlıdır. Ölkəmizin xaricə yönəltdiyi birbaşa investisiyalar 1,3 milyard dollardan 5 milyard dollara yüksəlib. Eyni zamanda ölkəyə cəlb edilən birbaşa xarici investisiyalar 3,2 milyard dollardan 3,7 milyard dollara yüksəlsə də, ölkədən xaricə kapital yönəldilməsi tempinə görə daha sürətli olub”.
İqtisadçı ekspertin qənaətinə görə, 2026-cı ilin ilk yarısında Azərbaycanın tədiyə balansının ümumi mənzərəsi 2025-ci ilin eyni dövründən xeyli güclüdür.
Əsas yaxşılaşma neft-qaz gəlirlərinin artması, qeyri-neft-qaz sektorunun cari əməliyyatlar kəsirinin azalması, xarici ticarət profisitinin genişlənməsi, qeyri-neft ixracının və nəqliyyat xidmətlərinin artması hesabına baş verib. Lakin turizm gəlirlərinin kəskin azalması, neft-qaz sektoru üzrə xidmətlər kəsirinin böyüməsi və xaricə yönəldilən birbaşa investisiyaların sıçrayışı iqtisadi siyasətdə xüsusi diqqət tələb edən əsas istiqamətlər olaraq qalır.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər