Maliyyə Nazirliyinin təqdim etdiyi 2027-ci il dövlət büdcəsinin ilkin parametrləri ölkənin orta müddətli makroiqtisadi strategiyasını və fiskal prioritetlərini aydın şəkildə göstərir. Rəsmi rəqəmləri 2026-cı ilin müvafiq göstəriciləri ilə müqayisə etdikdə görünür ki, hökumət iqtisadi artım tempini qoruyub saxlamaqla yanaşı, təhlükəsizlik və sosial öhdəliklərin maliyyələşdirilməsində konsolidasiya olunmuş yanaşmaya üstünlük verir.
Büdcə hesablamalarının təməlini təşkil edən Azərbaycan neftinin büdcə qiymətinin 65 dollar səviyyəsində götürülməsi fiskal ehtiyatlılıq prinsipinin davam etdiyini göstərir. 2026-cı il büdcəsində də xam neftin bir barelinin qiymətinin oxşar konservativ həddə müəyyən edilməsi, xarici bazarlardakı dəyişkənliyə qarşı bufer yaratmaq məqsədi daşıyır. Qiymətin 65 dollardan götürülməsi neft bazarındakı ehtimal edilən qiymət enmələrindən sığortalanmağa və gözlənilmədən yaranacaq əlavə gəlirlərin ARDNF-də toplanmasına imkan verir.
Manatın ABŞ dollarına nisbətən məzənnəsinin 1,7 manat səviyyəsində sabit saxlanılması proqnozu isə ölkədə valyuta sabitliyinin və mövcud pul-kredit siyasətinin 2027-ci ildə də dəyişməz qalacağını təsdiqləyir. İllik inflyasiyanın 5,3 % həddində gözlənilməsi 2026-cı illə müqayisədə qiymət artımının mülayim və idarəolunan diapazonda saxlanılmasının hədəfləndiyini göstərir. Bu inflyasiya dərəcəsi həm daxili tələbatın artımını, həm də idxal olunan inflyasiyanın təsirlərini özündə ehtiva edən reallığı əks etdirir.
2027-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat proqnozlaşdırılması 2026-cı ilin göstəriciləri ilə müqayisədə mütləq rəqəmlərlə müəyyən artımı ifadə edir. 2026-cı illə tutlaşdırdıqda, həm gəlirlərin, həm də xərclərin artması dövlətin iqtisadiyyatda aparıcı rolu saxladığını göstərir. Dövlət büdcəsində yaradılan 3 milyard 166 milyon manatlıq kəsir maliyyə sisteminin dayanıqlılığı çərçivəsində qiymətləndirilir və bu kəsirin daxili borclanma, qalıqlar və digər mənbələr hesabına örtülməsi nəzərdə tutulur.
Eyni dinamika icmal büdcədə də özünü göstərir. İcmal büdcənin gəlirlərinin 47 milyard 608,8 milyon manat, xərclərinin isə 50 milyard 386,7 milyon manat səviyyəsində planlaşdırılması büdcədənkənar dövlət fondlarının (xüsusilə Dövlət Sosial Müdafiə Fondu və ARDNF) fəaliyyəti də daxil olmaqla, ümumi dövlət maliyyəsinin miqyasını göstərir. İcmal büdcədəki 2 milyard 777,9 milyon manatlıq kəsir də ümumdaxili məhsula nisbətdə təhlükəsiz həddə qalmaqdadır.
2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinin 11 milyard 900 milyon manat həcmində müəyyən edilməsi xüsusi diqqət çəkir. 2026-cı ilin transfertləri ilə müqayisədə bu rəqəmin sabit saxlanılması və ya ciddi sıçrayışa yol verilməməsi neft gəlirlərindən büdcə asılılığının pilləli şəkildə azaldılması və "fiskal qaydalar"ın tətbiqi niyyətini vurğulayır. Toplam 39,2 milyard manatlıq gəlirin tərkibində ARDNF transferti taxminən 30 % civarında paya malik olur ki, bu da qeyri-neft/qaz sektorunun vergi və gömrük daxilolmalarının payının artmaqda davam etdiyini göstərir.
Büdcə xərclərinin strukturunda strateji prioritet olan müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat həcmində proqnozlaşdırılması 2026-cı ilin müvafiq xərc maddələri ilə müqayisədə yüksək səviyyənin qorunduğunu nümayiş etdirir. Geopolitik reallıqlar, ordunun modernləşdirilməsi, müdafiə sənayesinin inkişafı və azad edilmiş ərazilərdə təhlükəsizlik infrastrukturunun qurulması bu xərclərin ümumi büdcənin 20 %-dən çoxunu təşkil etməsini şərtləndirir.
2027-ci ilin ilkin göstəriciləri aydın şəkildə sübut edir ki, Azərbaycanın fiskal siyasəti 2026-cı ildə götürülmüş xəttin məntiqi davamıdır: makroiqtisadi sabitlik, ehtiyatlı neft qiyməti proqnozu, gücləndirilmiş müdafiə potensialı və qeyri-neft gəlirlərinin hesabına büdcə balansının qorunması.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər