Menu

DUMA SEÇKİSI BAŞA ÇATDI - Qalib məlumdur, lakin sensasiya da var...

21.09.2026, 10:51
DUMA SEÇKİSI BAŞA ÇATDI - Qalib məlumdur, lakin sensasiya da var...

Rusiya Dövlət Dumasına seçkilər başa çatıb. 

“AzPolitika” xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatlarına görə, gözlənildiyi kimi, hakim “Vahid Rusiya” partiyası böyük üstünlüklə qalib gəlib. MSK-nın hazırkı göstəricisinə görə, hakim partiya proqnozlaşdırılandan daha çox yer qazanıb. Belə ki, bülletenlərin 83,52%-i sayıldıqdan sonra "Vahid Rusiya" federal siyahıda səslərin 57,82%-ni toplayıb. Hansı ki, bu göstərici maksimum 51-53 faiz proqnozlaşdırılırdı. İkinci yerdə həmişəki kimi Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) 13,84% səslə qərarlaşıb. Liberal Demokrat Partiyası (LDPR) üçüncü yerdə (8,77%), "Yeni Adamlar" isə dördüncü yerdədir (7,07%)

İlkin məlumatlara görə, gözlənilənlərin əksinə olaraq, "Ədalətli Rusiya" 5% həddini (4,99%) keçə bilməyib. Əgər bu partiya 5 faizlik həddi keçə bilməsə, bu “uğursuzluq” seçkinin əsas sensasiyası sayılacaq.

Xatırladaq ki, Sergey Mironovun rəhbərlik etdiyi və ötən çağırışlarda Dumada yer alan bu partiya qeyri millətlər və miqrantlarla bağlı sərt mövqeyilə seçilir. Mironov özü dəfələrlə bu mövzuda qalmaqallı açıqlamaları və təkliflərilə yadda qalaraq, əhalinin radikal hissəsinin simpatiyasını qazanmağa çalışıb…

MSK-nın məlumatlarına görə, "Vahid Rusiya"nın namizədləri vahid partita siyahısındakı üstünlükləri ilə bərabər, 225 təkmandatlı seçki dairəsindən 208-də liderlik edirlər. Kommunistlər yalnız beş təkmandatlı seçki dairəsində birinci yeri tutublar. LDPR namizədləri iki təkmandatlı seçki dairəsində, "Rodina" isə birində liderlik edirlər.

İlkin nəticələrə görə, "Vahid Rusiya" Dövlət Dumasında konstitusiya çoxluğuna nail olmağa yaxındır. Bunun üçün partiyanın 301 yer qazanması lazımdır. Hazırkı nəticəyə görə, "Vahid Rusiya" federal siyahıda təxminən 130 parlament yerinə malikdir. Bundan əlavə, partiyanın namizədləri 208 təkmandatlı seçki dairəsində liderlik edirlər. Bunun üzərinə Dövlət Dumasına düşməyən partiyalar üçün mandatların yenidən bölüşdürülməsi nəticəsində "Vahid Rusiya"ya veriləcək yerləri də gəlmək lazımdır. Bütün bunlar hakim partiyanın asanlıqla konstitusiya çoxluğu əldə edəcəyini göstərir.

Daha bir maraqlı nəticə müharibə əleyhinə olan yeganə partiyanın - "Yabloko" partiyasının bülletenlərin 96,86%-i sayıldıqdan sonra Novqorod Vilayət Dumasında yer qazanmasıdır. Partiya siyahısı üzrə məhkəmə qərarı ilə seçkiyə buraxılmayan partiya əyalət dumasında da olsa, mandat qazana bilib…

Xatırladaq ki, Dövlət Dumasında 450 yer var, bunun yarısı partiya siyahıları, digər yarısı isə təkmandatlı seçki dairələrində səsvermənin nəticələrinə görə müəyənləşir. İlkin nəticələr isə göstərir ki, Dumanın siyasi tərkibində heç bir ciddi dəyişiklik baş verməyəcək.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol