Rusiya Ermənistandan idxal edilən balıq və süd məhsullarına tətbiq olunmuş məhdudiyyətləri ləğv etməkdən imtina edib. İrəvanın məhdudiyyətlərin götürülməsi ilə bağlı müraciətinə Moskvanın cavabı mənfi olub.
Rusiya Baytarlıq və Bitki Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") bəyan edib ki, Ermənistan tərəfindən daha əvvəl aşkar edilmiş qayda pozuntularının aradan qaldırıldığına dair heç bir rəsmi və əsaslandırılmış təsdiq daxil olmayıb.
Rusiya nəzarət qurumu İrəvanın addımlarının kifayət etmədiyini vurğulayıb: "Ermənistan nəzarət orqanından yalnız zəmanətlər və xahiş xarakterli müraciətlər daxil olub. Bu isə məhdudiyyətlərin ləğv edilməsi üçün yetərli deyil. Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfinə rəsmi məlumat göndərilib".
Qeyd edək ki, cəmi bir ay əvvəl Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi Rusiya tərəfi ilə "konstruktiv dialoq" aparıldığını və məsələnin müsbət həll olunacağını iddia edirdi.
Rusiyanın Ermənistan məhsullarına qarşı tətbiq etdiyi sanksiya və məhdudiyyətlər bu ilin yaz aylarından etibarən xüsusilə intensivləşib. Aprel ayından başlayaraq Rusiya tənzimləyici orqanları texniki tələblərin pozulması və təhlükəsizlik problemlərini əsas gətirərək Ermənistandan ixrac edilən bir sıra kənd təsərrüfatı məhsullarına mərhələli şəkildə qadağalar qoyub.
"Rosselxoznadzor" aparılan yoxlamalar zamanı sistemli pozuntular aşkar edildiyini iddia edərək, iyun ayında Ermənistanın bütün balıq istehsalçıları üçün Rusiya bazarını tamamilə bağlayıb.
Balıq qadağasından sora növbə süd məhsullarına çatıb. Rusiya tərəfi Ermənistandakı emal müəssisələrində məhsulların izlənilməsi, sənədləşdirmə və istehsalat nəzarəti sistemində ciddi qüsurların yenidən ortaya çıxdığını bəyan edib.
Ekspertlər hesab edirlər ki, Moskva ilə İrəvan arasında dərinləşən siyasi gərginlik fonunda Rusiyanın "sanitar və texniki" bəhanələrlə Ermənistan iqtisadiyyatına rıçaqlar vasitəsilə təzyiqi davam edəcək.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər