ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumları azaltmağa razı olduğunu bildirib.
“AzPolitika” xəbər verir ki, Tramp bunu amerikalı jurnalistlərə açıqalmasında deyib.
“Mən Prezident Zelenski ilə danışdım. Dedim ki, neft emalı zavodlarına hücumları azaltmalısınız. O dedi ki, “Yəqin ki, belə də edəcəyik”. Onun edə biləcəyi başqa şeylər də var”, - deyə Tramp qeyd edib.
Ağ Ev rəhbəri növbəti dəfə qlobal yanacaq qiymətlərinin artmasının əsasən ABŞ və İran arasındakı hərbi münaqişə ilə deyil, Rusiya ilə Ukrayna arasındakı müharibə ilə bağlı olduğunu iddia edib.
Qeyd edək ki, sentyabrın ortalarında Tramp Zelenskini dizel yanacağı ilə əlaqəli Rusiya obyektlərinə zərbə endirməkdən çəkinməyə çağırmışdı. “Bu, bütün dünya üçün pisdir. Biz onun dizel yanacağına hücum etməsini istəmirik”, - deyə ABŞ Prezidenti bildirmişdi. Daha sonra Tramp Ukrayna Prezidenti ilə telefon danışığı aparıb. “Axios”un məlumatına görə, danışıq zamanı “dizel” sözü dəfələrlə təkrarlanıb və Rusiya neft emalı zavodlarına zərbə endirməmək xahiş edilib. Zelenski öz növbəsində bildirib ki, Kiyev gərginliyin azalmasına hazırdır, lakin Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması ilə yanaşı, Rusiyanın Ukraynanın enerji sektoruna və vacib infrastrukturuna hücumlarının dayandırılması da lazımdır.
Ukrayna Prezidenti qeyd edib ki, "Artıq yalnız hücum altında olan ölkə əziyyət çəkməyəcək”. Zelenski həmçinin Rusiya rəhbərliyinə enerji atəşkəsinin bir hissəsi olaraq Ukrayna ordusunun zərbə endirməsinə icazə verilməyəcək hədəflərin siyahısını "masaya qoymağı" təklif edib. Lakin Rusiya tərəfi buna lazımi reaksiya verməyib.
2026-cı ilin əvvəlindən bəri Ukrayna Silahlı Qüvvələri Rusiya neft emalı zavodlarına 70 dəfədən çox zərbə endirib və onlardan bir neçəsi sıradan çıxıb. Təkcə avqust ayında altı böyük neft emalı zavodu təmir üçün bağlanıb. Bu zavodların bağlanması səbəbindən Rusiyada neft emalı 2002-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu da öz növbəsində ölkədə yanacaq qıtlığına, növbələrə və ixracına qadağa qoyulmasına səbəb olub.
Sonda qeyd edək ki, Trampın yuxarıda qeyd edilən bəyanatına rəğmən, ötən gecə Ukrayna PUA-ları Rusiyanın Krasnodar diyarındakı “Edelveys-95” neft anbarına hücum edib. Hücum nəticəsində partlayışlar və yanğın baş verib. Bu böyük anbarın tutumu 4500 kubmetrdir. Burada həmçinin yanacağın yüklənməsi və qəbulu üçün dəmir yolu xətti var. Anbarda Rusiyanın ən böyük neft emalı zavodlarından alınan neft məhsulları toplanr.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər