Qafqaz Araşdırmalar Mərkəzi İctimai Birliyi sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Media savadlılığının təşviqi” layihəsi çərçivəsində Goranboy rayonunda və Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün təlimlər təşkil edib.
“AzPolitika.info” xəbər verir ki, 60-a yaxın gəncin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Qafqaz Araşdırmalar Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri Elçin Rüstəmov açıb.
İştirakçılara layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verən E.Rüstəmov bildirib ki, təşəbbüsün əsas məqsədi tələbələr, gənc jurnalistlər və bloqerlər arasında tənqidi düşüncə və media savadlılığı bacarıqlarını formalaşdırmaq, dezinformasiya ilə mübarizə vərdişlərini inkişaf etdirməkdir. Layihənin xüsusi hədəflərinə media məzmununun tənqidi təhlilinə dair biliklərin artırılması, rəqəmsal fakt-yoxlama alətlərindən istifadə bacarıqlarının qazandırılması, media etikası və obyektiv jurnalistika prinsiplərinin aşılanması, eləcə də gənclər arasında sosial məsuliyyət və düzgün informasiya mədəniyyətinin formalaşdırılması daxildir.
Daha sonra layihənin təlimçisi, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli çıxış edərək rəqəmsal dövrdə sosial media və onlayn informasiya resurslarının sürətli artımının gənclər qarşısında həm məlumat bolluğu, həm də dezinformasiya və manipulyasiya riskləri yaratdığını vurğulayıb:
“Xüsusilə gənclər və gənc media mənsubları çox vaxt mənbəyi dəqiqləşdirmə, faktları müqayisə etmə və arqumentləri tənqidi təhlil etmə bacarığına malik olmadıqda yanlış məlumatların təsiri altına düşürlər. Bu da ictimai debatlarda səthilik, media manipulyasiyasına açıqlıq və vətəndaş fəallığının zəifləməsi ilə nəticələnir. Bu baxımdan, tənqidi düşüncə və media savadlılığının artırılması yalnız təhsil məsələsi deyil, həm də ölkənin framed ölkənin informasiya təhlükəsizliyi və sosial davamlılığı baxımından həyati zərurətdir.”
Zaur İbrahimli gənclər üçün interaktiv təqdimatla çıxış edib. Təqdimat zamanı “İnformasiya bolluğu və informasiya gigiyenası”, “Tənqidi düşüncə nədir?”, “Saxta xəbər (Fake News) növləri”, “Manipulyasiya üsulları”, “Mənbənin etibarlılıq testi”, “Rəqəmsal fakt-yoxlama alətləri”, “Jurnalistikanın qızıl qaydaları” və “Rəqəmsal məkanda məsuliyyət” kimi mühüm mövzular ətrafında ətraflı məlumat verilib.
Yüksək fəallıqla keçən təlimlərin sonunda iştirakçılar mövzu ilə bağlı təlimçiyə çoxsaylı suallar ünvanlayıb, interaktiv müzakirələr aparılıb.
“AzPolitika.info”


Şərhlər