Menu

REPETİTORLUQ BAZARI BAĞLANA BİLƏR... - Təhsil sistemində bu dəyişikliklər edilsə...

12.11.2026, 17:02
REPETİTORLUQ BAZARI BAĞLANA BİLƏR... - Təhsil sistemində bu dəyişikliklər edilsə...

Azərbaycanda repetitorluq artıq təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib. Bir çox valideyn övladının məktəbdə aldığı biliklərlə kifayətlənmir, əlavə hazırlıq üçün ailə büdcəsindən ciddi vəsait ayırmağa məcbur olur. Bu isə həm təhsildə sosial bərabərsizlik yaradır, həm də məktəbdə tədrisin keyfiyyəti ilə bağlı suallar doğurur. Bəs repetitorluğun qarşısını almaq üçün hansı sistemli dəyişikliklərə ehtiyac var? Avropa ölkələrinin təcrübəsindən yararlanmaqla şagirdlərin məktəbdə keyfiyyətli təhsil almasını təmin etmək mümkündürmü?

Mövzunu "AzPolitika"ya şərh edən təhsil eksperti Fuad Hacıyev bildirib ki, Azərbaycanda repetitorluğun qarşısını almaq üçün ilk növbədə onun yaranmasına səbəb olan problemlər aradan qaldırılmalıdır. Çünki repetitorluq sadəcə müəllimlərin əlavə qazanc əldə etmək istəyi ilə bağlı məsələ deyil. Burada məktəbdə tədrisin keyfiyyəti, müəllimlərin əməkhaqqı, qəbul imtahanlarının modeli, valideynlərin övladlarının gələcək təhsili ilə bağlı narahatlıqları və məktəblə universitetə qəbul arasında yaranan uçurum kimi bir neçə amil var:

"Azərbaycanda əsas hədəf elə bir məktəb mühiti yaratmaq olmalıdır ki, valideyn övladını repetitor yanına göndərməyə məcbur hiss etməsin. Şagird məktəbdə aldığı biliklə həm buraxılış, həm də qəbul imtahanlarına hazırlaşa bilməlidir. Əlavə dərs isə ailənin könüllü seçimi olaraq qalmalıdır. Repetitorluğu birdəfəlik aradan qaldırmaq vədi məncə real yanaşma deyil. Uşaqların öyrənmə sürəti, maraqları və hədəfləri fərqlidir. Kiminsə müəyyən fəndə əlavə izaha, digərinin olimpiadaya və ya beynəlxalq imtahana hazırlığa ehtiyacı ola bilər. Bizim həll etməli olduğumuz məsələ adi məktəb proqramını mənimsəmək üçün də əlavə ödənişli hazırlığa ehtiyac yaranmasının qarşısını almaqdır. Bunun üçün ilk növbədə məktəb proqramı, dərsliklər və imtahan tələbləri arasındakı uyğunluq mütəmadi qiymətləndirilməlidir. Şagird sinifdə öyrəndiyi mövzu ilə imtahanda qarşılaşdığı tapşırıq arasında aydın əlaqə görməlidir. İmtahana hazırlıq məktəbdəki tədrisin təbii davamı olduqda əlavə hazırlığa tələbatın azalması üçün zəmin yaranar. İkinci mühüm addım məktəblərdə ödənişsiz dəstək dərslərinin təşkilidir. Mövzunu tam mənimsəməyən uşaqlar üçün kiçik qruplarda əlavə məşğələlər keçirilməsi faydalı olar. Bu işi görən müəllimlərin əlavə əməyi də ödənilməlidir. Müəllimin üzərinə yeni vəzifə qoyarkən ona vaxt, metodik dəstək və maddi stimul vermək lazımdır".

Ekspertin sözlərinə görə, Avropa təcrübəsindən bu istiqamətdə yararlanmaq mümkündür: 

"Məsələn, Fransada “Devoirs faits” proqramı çərçivəsində orta məktəbin aşağı pilləsində oxuyan şagirdlərə məktəbdə ev tapşırıqlarını yerinə yetirmək üçün ödənişsiz dəstək göstərilir. Azərbaycan üçün də belə yanaşmanın uyğunlaşdırılmış forması nəzərdən keçirilə bilər. Əvvəlcə seçilmiş məktəblərdə tətbiq edib nəticələri qiymətləndirmək, daha sonra genişləndirmək məqsədəuyğun olar. Eyni zamanda, bütün şagirdlər üçün əlçatan, məktəb proqramına və imtahan tələblərinə uyğun pulsuz videodərslər, izahlı tapşırıqlar və sınaq materialları sistemli şəkildə təqdim edilməlidir. Bu, xüsusilə əlavə hazırlığa maddi imkanı çatmayan ailələrə dəstək verər. Müəllim–şagird münasibətlərində də şəffaflıq qorunmalıdır. Məktəbdə verilən qiymət və uşağa münasibət onun əlavə ödənişli dərsə gedib-getməməsindən asılı olmamalıdır. Aydın etik qaydalar həm ailələrin etimadını, həm də müəllim nüfuzunu gücləndirər. Məncə bu məsələyə müəllimləri günahlandırmaqla yanaşmaq düzgün olmaz. Müəllim həllin əsas iştirakçısıdır. Məktəbin imkanlarını və müəllimə dəstəyi artırmaqla, öyrənmə çətinliklərini vaxtında müəyyənləşdirməklə repetitordan məcburi asılılığı mərhələli şəkildə azaltmaq mümkündür. Əsas uğur göstəricisi də ailənin məktəb təhsilinə arxayın ola bilməsidir. Beləliklə, həm məktəbə inam artacaq, həm də müəllim adının cəmiyyətdəki nüfuzu və hörməti daha da yüksələcək".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol