Ucar rayonu 28 May küçəsi ev 43-də yaşayan Camalov Nurlan Calal “AzPolitika.info” saytına şikayət məktubu göndərib. Məktubda Nurlan Camalov "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialının müdiri Ağamalı Əzizovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi bildirir. Belə ki, Nurlan Camalov orta məktəbdə işləyən anasının heç bir sənədə imza etmədiyi, hətta xəbəri olmadığı halda Ağamalı Əzizov tərəfindən hansısa kredit müqaviləsində zəmanətçi kimi qeyd olunduğunu yazır:
“Filial müdiri Ağamalı Əzizov orta məktəbdə işləyən anamdan şəxsiyyət vəsiqəsini seçici siyahısı tərtibatı adı ilə aldadıb alaraq, başqa şəxsə 20.000 manat kredit verilməsində zəmanətçi kimi adını sənədləşdirmiş, anamın əvəzindən sənədə özü saxta imza etmişdir”.
Nurlan Camalovun iddiasına görə, bunda Ağamalı Əzizovun marağı vətəndaşlara kredit kimi verilən pulun müəyyən faizini özünə götürməsi ilə bağlıdır. O, məsələnin üstünün başqa bankdan kredit götürmək istəyərkən açıldığını bildirir: “Başqa Bankdan kredit götürmək istədikdə zəmanətçi olduğundan anama pul vermədilər. Bundan sonra bizə məlum oldu ki, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar filialının müdiri Ağamalı Əzizov anamın xəbəri olmadan onun adını zəmanətçi kimi saxtakarlıqla sənədləşdirmişdir”.
Nurlan Camalov qeyd edir ki, belə bir iş yalnız onların başına gəlməyib. "Aqrarkredit"in Ucar filialının müdiri Ağamalı Əzizovun çoxlu sayda rayon sakininin şəxsiyyət vəsiqəsini seçki siyahısı tərtib etmək adı ilə aldığını, onların xəbərləri olmadan adlarını kredit müqavilələrinə zəmanətçi kimi yazaraq kredit verdiyini bildirir. Həmin şəxslərin imzalarını isə saxtalaşdırdığını iddia edir.
Şikayətçi bu məsələ ilə bağlı Ağamalı Əzizovun özünə də etiraz etdiklərini, filial müdirinin onları hədələdiyini iddia edir: “Ağamalı Əzizovdan bu saxtakarlığının səbəbini soruşduqda acıqlı cavab verdi. Bildirdi ki, bu bankın yiyəsi çox böyük vəzifə sahibidir, nə etsəniz mənası yoxdur. Gözləyin bu ilin sonuna kredit ödənişi bitəcək və sizə arayış verəcəm. İndidə qalmışıq çıxılmaz vəziyyətdə. Qeyd edim ki, Ağamalı Əzizovun atası Əlisa Əzizov uzun müddət Ucar rayon Maliyyə İdarəsinin müdiri vəzifəsində işləyib, ötən il təqaüdə göndərilib.”
Nurlan Camalov daha sonra yazır ki, bu, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar filialının fəaliyyətində olan yeganə qanunsuzluq deyil. Onun iddiasına görə, Ağamalı Əzizov yalnız o adamlara kredit verir ki, pulun müəyyən hissəsini ona qaytarmağa razılaşırlar: “Buna razı olmayanlara kredit verilmir... "Aqrarkredit"in Ucar filialının fəaliyyəti obyektiv yoxlanılarsa, bu tam subut olunacaq”.
Sonda "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar filialının müdiri Ağamalı Əzizovun əməllərində cinayət tərkibinin olduğunu iddia edən şikayətçi hüquq-mühafizə orqanlarından, Mərkəzi Bankın sədri Elmar Rüstəmovdan, maliyyə naziri Samir Şərifovdan faktları araşdırmağı xahiş edir: “İnanıram ki, müfafiq orqanlar bu faktları obyektiv araşdırıb, qanuni tədbirlər görəcəklər”.
Məktunbda qeyd olunanlarla bağlı Ağamalı Əzizovun da mövqeyini dərc etməyə hazırıq.
Rasim
AzPolitika.info

Şərhlər