2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri, Göytəpə şəhər V.Mürsəlov adında 1 nömrəli tam orta məktəbinin müəllimi Zaur Ələkbərov “AzPolitika.info” saytı vasitəsilə təhsil naziri Mikayıl Cabbarova Açıq Məktub yazıb. Cəlilabad rayonunun təhsil məmurlarından şikayət olunduğu məktubda deyilir:

"Hörmətli cənab Nazir!

Sizə yazmış olduğum bu məktub, əslində 2 il bundan qabaq yazılmalı idi. Bu vaxta qədər gecikmə səbəbim təhsil islahatında yerli təhsil rəhbərlərinə əlimdən gələn köməkliyi etmək idi. Əvvəlki Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri təhsildə olan qanunsuzluqları dilə gətirənləri heç bir müxalif partiyanın üzvü olmasalar belə, “müxalifətçi” damğası ilə susdurub, aldığı rüşvətləri isə o zamankı təhsil naziri Misir Mərdanovun əmri ilə etdiyini deyərək, sığortalanırdı. Artıq hamı bilirdi ki, məktəblərdə direktorlar RTŞ-dən aslı olduğu üçün, bu qanunsuzluqlar baş verir.

Yeni təyin olunmuş RTŞ müdiri gəldiyi gündən müəllimlərdən aylıq əmək haqqından “yuxarılara” faiz və qəzet pulu tələb etmədi. Amma...

Siz, təhsil naziri təyin olunduqdan sonra təhsil sahəsində islahatlar aparılacağına, müəllimin itmiş nüfüzunun bərpa ediləcəyinə inamımız yarandı. Təhsil Nazirliyində neqativ hallara yol verən köhnə kadrların yeni, gənc və savadlı kadrlara əvəz edilməsi bizim ümidlərimizi daha da artırdı. Dəfələrlə işlərində yol verdiyi nöqsana görə direktorların cəzalanması da digərlərinə xəbərdarlıq idi. Amma çox təəssüflər olsun ki, nazirliyimizdə savadlı kadrların iş başına gətirilməsinə baxmayaraq, rayonlarda nəyəsə görə savadsız, səriştəsiz və ixtisasıyla uzlaşmayan insanlar vəzifə alır. Təbii ki, bu vəziyyətdə aparılan islahatların səmərəsi olmayacaq.

Bu dərs ilinin əvvəlində Cəlilabad RTŞ-nin işçisi müəllim üçün metodik vəsaiti məktəb müəllimlərinə verməkdən imtina etdi və bunun qanuni olduğunu israr edirdi. Halbuki, metodik vəsaitin birinci səhifəsində də qeyd olunur ki, metodik vəsait və dərslik komplekt şəkildə müəllimə verilməlidir. Cənab Prezidentin göstərişi ilə, ibtidai siniflərdə şahmat dərslərinin keçirilməsinə başlanılıb, lakin bu gün bizim məktəblərdə şahmatdan anlayışı olmayan müəllimlər bu dərsi tədris edir. Mətbuatdan məlumatlı olmasaydıq, “Qarabağ Tarixi” məktəbimizdə tədris edilməyəcəkdi. Hətta bu gun də rayonumuzda bir çox məktəblər bu dərsdən xəbərsizdir. Rayon məktəblərində vəziyyət o qədər acınacaqlıdır ki, əgər repetitorluq olmasa, ali məktəblərə bir nəfər də məzun verə bilmərik. Bu vəziyyət repetitorların da marağına uyğun olduğu üçün, məktəbə “haqq” verərək, işi ciddiyə almırlar. Məktəbdən şikayət olduqda isə bu cür müəllimlər təbii ki, mövcud vəziyyətin müdafiəçisi olacaqlar. Məhz bu kimi səbəblərdən müəllimlərin cəmiyyətdə hörməti azalır və dövlətin təhsilə ayırdığı bu qədər pullar kimlərinsə cibinə axır, dövlət məktəbləri nüfuzunu itirir. Nəticədə orta təbəqənin insanları təhsil alır, imkansız ailələrin uşaqları isə gələcəklərinə ümidsiz baxırlar.

Cəlilabad RTŞ-nin bəzi işçiləri əraziyə tabe olan məktəblərə yalnız “haqq” almaq məqsədi ilə gəlirlər. Qış mövsümü başlayandan birinci dərslər soba yandırmaqla, o biri dərslər isə tüstü dolmuş sinifləri müşahidə etməklə keçir. Əlbəttə, bu cur vəziyyət əgər sinifin odunu, yanacağı varsa yaranır. Əks-halda günümüz titrəyə-titrəyə vaxtı keçirməklə bitir.

Əmək Məcəlləsinin tələbləri gözlənilmir, əksinə müəllim və şagirdlərin sağlamlığı təhlükə altına alınır. Məktəb direktorları daxil olmaqla, təhsil rəhbərlərinin çoxu onlara aid olan əmək funksiyalarını, demək olar ki, bilmir və oyrənmək iqtidarında da deyillər. Belə olduğu halda onların gücü nəinki dərsi təhlil etməyə çatır, hətta hansısa pedaqoji, psixoloji və metodik mövzulardan söhbət etməyə belə acizdirlər. Müəllimlərin etik davranış qaydalarının tələblərini kobud şəkildə pozurlar. Qəsdən və ya bilməməzlikdən vəzifə səlahiyyətlərini aşaraq, cinayət törədirlər. Bu və ya digər neqativ faktları kifayət qədər uzatmaq olar.

Hörmətli Mikayıl müəllim!

Düşünürəm ki, bu faktların başında duran təhsil rəhbərlərinin savadsızlığıdır. Savadsız təhsil rəhbərləri dəyişilsə, bir çox problemlər ortadan qalxar. Cəmiyyətin təhsil rəhbərləri savadsızdırlarsa, onların yetişdirdiyi gənclikdən heç nə gözləmək olmaz.”