"Vüqar karsa, elə bir adamın yanına salmışdılar ki, mütləq ikisindən biri bu görüşdə ölməli idi"
Artıq bir müddətdir ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətli məsələsi gündəmə gəlib. Buna səbəb qətldə təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsinin ictimailəşməsidir.Penitensiar Xidmət bu məsələyə aydınlıq gətirə bilməyib. Yalnız uşağın atasının kimliyi barədə araşdırma aparıldığı bildirilib.
Vüqar Əliyevin xanımı Aynur Əliyeva mətbuata açıqlamasında Ruslan Aslanovun qətlilə bağlı indiyə qədər ictimaiyyətə məlum olmayan bəzi detalları açıqlayıb. Bəlli olub ki, Lamiyə Quliyeva hələ 12 yaşında olarkən Ruslan Aslanov tərəfindən təcavüzə məruz qalıb. Və bundan sonra da onunla münasibəti olub. Aynur Əliyevanın sözlərinə görə, Vüqar Əliyev Lamiyə Quliyeva ilə nişanlanarkən bundan xəbərsiz olub. Aynur Əliyeva həmçinin bildirib ki, Lamiyə Quliyeva Ruslanı qətlə yetirərkən bətnində 4 aylıq körpəsi olub. Uşaq Ruslan Aslanovdan imiş. Sonradan Aslan Aslanov uşağı götüzdürüb. Keçmiş icra başçısının məqsədi hadisənin namus üstdə olduğunu ört-basdır etmək imiş.
Lakin Vüqar Əliyev həbsdə olarkən başına gələnləri bədii üslubda qələmə alıb. Onun əlyazması “Azadlıq” qəzetinin redaksiyasına daxil olub. Qeyd edək ki, Vüqar hadisəni bədii üslübda, üçüncü şəxsin dilindən yazıb. Bu hissədə Ruslanın qətlinin necə baş verdiyi təsvir olunur. Həmin materialın bədii çalarlarını bir kənara qoyaraq, hadisənin mahiyyəti üzrə hissələri oxuculara təqdim edirik.

- Qaqa, mən daha gözləyə bilmərəm! Sabahdan aclıq aksiyasına başlayıram! Bunlarla başqa cür danışmaq mümkün deyil.
Bu söhbətdən 6 gün sonra Vüqarla təsadüfən gəzintidə rastlaşan Bəxtiyar bir anlıq tutuldu. Adətən aclıq aksiyası keçirən məhkumu 7-ci korpusa köçürüb onu həkimlərin nəzarəti altında saxlayırdılar. Və yaxud da həbsxana işçiləri rəisin göstərişi ilə özlərini elə aparırdılar ki, guya aclıq aksiyası keçirən məhkumla qətiyyən maraqlanmırlar. Bu cür psixoloji təzyiqə dözməyən məhbuslar adətən 3-4 gün sonra aclığı dayandırırdılar. Bəxtiyar Vüqara dedi:
- Qaqa, yoxsa aclıq aksiyasını kamerada keçirirsən?
- Keçirirdim! Gördülər ki, dayanan deyiləm dünən köçürdülər 225-ci kameraya. Sabah bir həftə olur ki, aclıq edirəm. Heç kimin də vecinə deyil. Nə həkim gəlib baxır, nə də yoxlayan var.
Buz kimi olan bu kameraya Vüqarı salmaqla onu sındırmaq istəyirdilər. Az da olsa həbsxana həyatı yaşayan Vüqarın anası Məlahət xanım aclıq aksiyası keçirən oğlunun nələr çəkdiyini çox yaxşı bilirdi. Bu cür təzyiqlərə məruz qalan həyat yoldaşı Ibrahim cəza çəkdiyi illər boyu vərəm xəstəliyinə yoluxmuşdu, hələ də o xəstəlikdən əziyyət çəkirdi. Oğlunun da bu xəstəliyə tutulacağından təşvişə düşən ana nazirliyə kimi getmiş, bu vəhşiliyə son qoymalarını tələb etmişdi. 2009-cu ilin dekabr ayının 19-da həbsxana rəisi uduzduğunu qəbul edib 2 həftəlik aclıq aksiyasından sonra Vüqarın tələblərini yerinə yetirmişdi.
Kars tipli kamerada 14 günlük aclıq aksiyası keçirən Vüqar nəinki cəza çəkdiyi müddət ərzində xəstəliyi ilə əlaqədar “mərkəzi xəstəxana”ya müalicə almaq üçün neçə dəfə getdiyini təsdiq edən arayış aldı, hətta həbsxananın baş həkimindən ombusdman Elmira Süleymanovanın köməkliyi ilə Ali Məhkəməyə müraciət üçün ötürdüyü vaxtın günahkarı olan Sənan Məmmədovun etirafına nail oldu. Bu, Vüqarın Aslanova vurduğu ikinci zərbə idi. Artıq ötürülmüş vaxtın bərpasına zidd olan heç bir bəhanə qalmamışdı. Eyni zamanda da ATƏT-in nümayəndələrinin nəzarəti öz təsirini göstərirdi.

Məmurların bu cür çəkişməsinə şahid olan Ibrahim kişi ANS telekanalına üz tutaraq “Günəbaxan” verlişində həqiqəti çatdırmağı xahiş etmişdi. Ancaq Vüqarın işi ilə bağlı bu proqramda heç bir xəbər verilmədi.
***
Qobustan qapalı həbsxanasının “canlı qəbiristanlığında” ağır mühit yaşanırdı. İllər ötdükcə ömürlük məhkumların sayı artdığına görə artıq onları yerləşdirməyə çətinlik çəkən həbsxana rəisi nazirin əmrinə əsasən bir-birinə düşmən olan ömürlük məhbusları bir kameraya zorla saldırırdı ki, ikisindən biri ölsün və sayları azalsın.

Nazirin göstərişi ilə Vüqarın məhkəməsinə mane olmaq istəyən həbsxana rəisi həbsxana zabitlərini o karsın yanında saxlatmış, nəticə barədə ona məlumat verilməyini tapşırmışdı.
Bundan xəbər tutan məhkumlar bir-birləri ilə mübahisələrini bir kənara qoyub sakitcə gözləməyə başladılar. Bir neçə saat sonra karsdan heç bir səs gəlmədiyini görüb zabitlər qapını açdılar və çox təəccübləndilər. Vüqar ona düşmən olan məhkumla sakitcə söhbət edirdi.
- Gedin rəisinizə deyin ki, bu dəqiqə Aslanovu da mənim yanıma gətirsəniz, ona toxunan deyiləm. Bu qardaşla bir problemimiz var idi, sizin sayənizdə onu həll etdik.
***
[caption id="attachment_91542" align="alignleft" width="300"]

Vüqarı on sutka karsda saxladılar. Vüqarın məhkəməsi dekabrın 8-nə təyin edilmişdi. Amma məhkəmə gecikirdi. Vüqar eşitmişdi ki, 2007-ci ildə onun vəkilinə təzyiq etmişdilər və vəkil məhkəmədə vəsatət qaldırıb ki, guya Vüqar ömürlük həbs cəzası ilə razılaşıb, cəzasının yüngüləşdirilməsini xahiş edir. Bunu bəhanə edərək məhkəmə keçirmək istəmirdilər. Amma ATƏT-in nümayəndəsi Monika xanımın təzyiqi ilə məhkəmə dekabrın 15-nə təyin edildi.
15 dekabr 2010-cu il tarixində Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən məhkəmədə Vüqarın vəkili nə qədər sübutlar gətirsə də, heç nəyi nəzərə almayaraq Vüqarın ömürlük həbs cəzasını dəyişmədən saxladılar.
ATƏT-in nümayəndəsi Monika xanım bu qərardan dəhşətə gələrək “Azərbaycanda qanun işləmir! Siz harda görmüsünüz ki, sübut olunmayan bir ölümə görə ömürlük həbs cəzası verilsin” deyəndə hakim Hafiz Nəsibov cavab vermişdi: “Bizdə verirlər! Bura Azərbaycandır, Avropa yox!”

Şərhlər