Ermənistan tərəfi atəşkəs rejimini pozmaqda davam edir.Müdafiə Nazirliyinin verdiyi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 86 dəfə pozaraq mövqelərimizi intensiv atəşə tutub.

Cəbhə xəttində təxribaat törədən Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi öldürülüb.APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün saat 16:15 radələrində Qarabağ cəbhəsində baş vermiş atışmada Ermənistan ordusunun əsgəri, 1990-cı il təvəllüdlü Şekspir Mhitaroviç Akopyan öldürülüb.

Ermənilərə məxsus internet saytları ötən gün saat 20:00 radələrində daha bir hərbi qulluqçunun cəbhədə öldürülməsi barədə məlumat yayıb. Lakin həmin şəxsin kimliyi barədə məlumat verilməyib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb. Vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!