ZİYA MƏMMƏDOV KÜTLƏVİ İXTİSARLARA BAŞLAYIR - 2 istiqamətdə

Nəqliyyat Nazirliyinə ayrılan vəsaitlərin yarıbayarı azalması öz təsirini göstərməyə başlayır

Neftin qiymətinin düşməsi ilə başlayan böhran Azərbaycana da ciddi şəkildə təsir etməkdədir. Hakimiyyət təmsilçilərinin bəyanatlarında böhranın Azərbaycanı vurmayacağı bəyan edilsə də, reallıq tam əksini göstərir. Nəqliyyat naziri Ziya Məmmədovun bir müddət əvvəl etdiyi etiraf da bu qəbildəndir.

Həmin açıqlamasında nazir bildirmişdi ki, neftin qiymətinin düşməsi, dünyadakı böhran onları bir sıra ixtisarlara getməyə vadar edib. Nazir bildirmişdi ki, bir sıra iri layihələrin dayandırılmasının səbəbi məhz dünya bazarında neftin qiymətinin düşməsidir: “Bakı şəhəri ilə Sumqayıt şəhəri arasında sürətli elektrik qatarının təşkili ilə əlaqədar Nəqliyyat Nazirliyinin müvafiq qurumları arasında fikir mübadiləsi aparılır. Bununla bağlı arzu var. Amma bu arzunu yerinə yetirmək üçün böyük maliyyə vəsaiti tələb olunur. Hazırda dünyada neftin qiyməti aşağı düşüb. Bu da öz növbəsində layihələrin icrasına öz təsrini göstərir. Yəni bu cür layihələri ləngidir”.

"Azadlıq" qəzetinin məlumatına görə, bu il Nəqliyyat Nazirliyinə dövlət büdcəsindən ayrılmalı olan vəsaitin yarıbayarı azaldılması barədə qərar qəbul edilib. Belə bir addım isə, heç şübhəsiz, Nəqliyyat Nazirliyinin xərclərinin azaldılmasına səbəb olacaq. Məlumata görə, artıq Nəqliyyat Nazirliyində iki istiqamətdə addımların atılması qərarı verilib. Birinci addım nəqliyyat sektorunda tikinti ilə məşğul olan şirkətlərin fəhlələrinin öz hesablarına məzuniyyətə göndərilməsi ilə bağlıdır.

Qəbul olunan ikinci mühüm qərar isə Nəqliyyat Nazirliyinin işçilərinin attestasiyadan keçirilməsidir. Artıq bu prosesi aparmaq üçün Z.Məmmədovun yaxın ətrafından ibarət komissiya da yaranıb. Burada məqsəd nazirlikdə gözlənilən ixtisara müəyyən dərəcədə qanunilik donu geyindirməkdir.

Mənbə deyib ki, hər iki addımın nəticəsi olaraq nəqliyyat sektorunda çalışan minlərlə işçi işini itirmək məcburiyyətində qalacaq.

İqtisadçı ekspert Rövşən Ağayevin də sosial şəbəkədə yaydığı status da bu fikirləri təsdiqləyib. “Hökumət büdcə vasitəsilə nəqliyyat layihələrinə yönəltdiyi vəsaitin həcmini təxminən 2 dəfə azaldıb”, deyə ekspert vurğulayıb.ÿ Ekspert qeyd edib ki, 2014-cü ildə dövlət büdcəsindən bu layihələrə 1,238 milyard ayrılmışdı. Bu il isə nəqliyyat layihələrinə 662 milyon ayrılıb.

Ekspert azalmanın səbəbi ilə bağlı öz versiyalarını da səsləndirib: “Planlaşdırılan nəqliyyat layihələrinin icrası başa çatır, ya da neftin qiymətilə bağlı hökumət daha ehtiyatlı büdcə tərtib etməli olub. Əgər azalma büdcəyə daha ehtiyatlı yanaşma səbəbindən baş veribsə, görəsən hansı planlaşdırılan layihələr ertələnib?”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar