"65 faiz imtahanlarddan "2" alıb, oxumağı bilməyən IX-XI sinif şagirdləri var"

20 rayonun abituriyentlərinin 40 faizindən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub

2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64,7 faizi 200-dən az bal toplayıb. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib ki, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür: “0-700 bal diapazonunu şərti olaraq 0-200, 200-300, 300-500, 500-700 intervallarına bölərək, ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, ötən il abituriyentlərin 64,7 faizi imtahandan “2”, 13,6 faizi “3”, 15,7 faizi “4”, 6,0 faizi isə “5” qiymət alıb”.

Əvvəlki qəbul ilində bu göstəricilərin müvafiq olaraq 65,0 faiz, 13,8 faiz, 15,7 faiz, 5,6 faiz olduğunu deyən TQDK sədri vurğulayıb ki, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “5” qiymət alanların faizi artıb, “4” qiymət alanların faizi isə dəyişməyib: “Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da əksini tapıb.

Ali məktəblərə qəbul olanların 29,9 faizini “3”, 40,2 faizini “4”, 15,5 faizini isə “5” qiymət alanlar təşkil edib. Əvvəlki il bu göstəricilər uyğun olaraq 27,7%, 41.3%, 14.8% olub. 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 19%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır”.

Qeyd edək ki, 200-dən az bal toplayan abituriyentlərin ümumi iştirakçılarda payı 2005-ci ildə 62 faiz (500-dən çox bal toplayanlar 4,4 faiz), 2006-cı ildə 62,7 faiz (500-dən çox 4,8 faiz), 2007-ci ildə 60,2 faiz (500-dən çox 4,6 faiz), 2008-ci ildə isə 56,4 faiz (500-dən çox 4,2 faiz) olub.

Daha sonra Məleykə Abbaszadə orta məktəblərdəki acınacaqlı faktları açıqlyıb:“Çox acınacaqlı haldır ki, Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub”.

TQDK sədri bildirib ki, 11-ci sinif şagirdləri arasında 2, 9-cu sinif şagirdləri arasında isə 64 belə şagird var. Onun sözlərinə görə, bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb: “Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox, vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır.11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfərdir. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfər”.

TQDK sədri vurğulayıb ki, 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərləri, Ordubad, Qubadlı, Abşeron və Qax rayonlarının şagirdləri göstəriblər. Onun fikrincə, bu bölgələrin orta statistik şagirdlərinin göstəriciləri müvafiq olaraq 33.5, 32.4, 32.3, 31.0, 30.3, 29.3, 28.8, 28.4 və 28.2 bala bərabər olub. Ən aşağı göstəricilər isə Ağcabədi və Sabirabad rayonlarının şagirdləri (müvafiq olaraq 18.0 və 17.8 bal) arasında qeydə alınıb: “9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri türk liseyləri, Təhsil Nazirliyi tabeli və özəl liseylərin şagirdləri əldə ediblər. Onların 9-cu sinif şagirdlərinin ana dili fənni üzə doğru cavabların faizi müvafiq olaraq 71.0-a və 65.4-ə, riyaziyyat fənni üzrə müvafiq olaraq 77.7-yə və 67.0-a bərabər olub. 11-ci sinif şagirdlərinin isə ana dili fənni üzrə nəticələri müvafiq olaraq 82.9 və 77.1, riyaziyyat fənni üzrə 84.6 və 75.1 faiz təşkil edib.

Regionlar üzrə 9-cu sinif şagirdləri arasında ana dili və riyaziyyat fənlərindən ən yaxşı nəticələri Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərlərinin şagirdləri əldə ediblər. Ana dili fənni üzrə ən aşağı nəticələri Cəlilabad, Ağsu, Ağcabədi və Sabirabad rayonlarının, riyaziyyat fənni üzrə isə Cəlilabad, Gədəbəy, Ağsu, Daşkəsən, Ağcabədi və Sabirabad rayonlarının şagirdləri göstəriblər.11-ci sinif şagirdləri arasında ana dili və riyaziyyat fənləri üzrə ən yaxşı göstəricilər Mingəçevir şəhəri, Şahbuz rayonu, Naxçıvan və Sumqayıt şəhərləri, Qax rayonunun şagirdlərinə məxsusdur. Ana dili fənni üzrə ən aşağı göstərici isə Daşkəsən və Sabirabad rayonlarının, riyaziyyat fənni üzrə isə Daşkəsən, Hacıqabul, Ağcabədi və Sabirabad rayonlarının şagirdlərinə aiddir”.

Ekspertlər isə bildirirlər ki, bu gün təhsilə ayrılan xərclər inkişaf etmiş yox, heç ortabab ölkələrdəki xərclərə çata bilmir. Məsələn, böyük neft pullarının axını kimi tarixə düşəcək son 10 ildə (2005-2014-cü illər) Azərbaycan hökumətinin dövlət büdcəsi vasitəsilə xərclədiyi pulların cəmi 0,9 faizi (1,025 milyard manat) ali təhsilə, 3,5 faizi (4,044 milyard manat) səhiyyəyə, 5,2 faizi (6,046 milyard manat) orta təhsilə, 5,8 faizi (6,7 milyard manat) hüquq-mühafizəyə, 9,7 faizi (11,3 milyard manat) sosial müdafiəyə, 34,4 faizi (39,8 milyard manat) müxtəlif tikinti layihələrinə xərclənib.

Həmçinin bildirilir ki, böyük neft pulları dövründə səhiyyə və təhsilə diqqət bu cür olubsa, həmin pulların olmayacağı dövrdəki vəziyyəti təsəvvür etmək çətin deyil. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2014-cü ildə açıqladığı təhsil hesabatına üzv olan ölkələrdə orta hesabla bir orta məktəb şagirdinə dövlətin xərclədiyi vəsait 3-4 min dollardan az deyil. Bəzi ölkələrdə bu, 5 min dollara da çatır.

Eyni zamanda, inkişaf etmiş ölkələrdə bir ali təhsil tələbəsinə düşən xərc 7-8 min dollardır. Bəzi ölkələrdə dövlət il ərzində bir tələbəyə 10 min dollar xərc çəkir. Azərbaycanda isə bu rəqəm həmin ölkələrdəEkspertlər bildirirlər ki, məktəblərdə tədrisin acınacaqlı vəziyyətinə görə Təhsil Nazirliyi məktəb direktorlarını istefaya göndərməlidir. Direktorların əksəriyyəti işdən çıxarılmalı, əvəzinə daha savadlı və bacarıqlı kadrlar gətirilməlidir ki, təhsildəki vəziyyəti dəyişməyə motivasiya olsun.kindən 4-5 dəfə geri qalır.

Ekspertlər bildirirlər ki, məktəblərdə tədrisin acınacaqlı vəziyyətinə görə Təhsil Nazirliyi məktəb direktorlarını istefaya göndərməlidir. Direktorların əksəriyyəti işdən çıxarılmalı, əvəzinə daha savadlı və bacarıqlı kadrlar gətirilməlidir ki, təhsildəki vəziyyəti dəyişməyə motivasiya olsun.

Həmçinin bildirilir ki, müəllimlər arasında sınaq imtahanlarının, attestasiyanın keçirilməsi məsuliyyəti artıracaq. Mütəxəssislər məktəblilərin 9 və ya 11 illik təhsildən sonra biabırçı nəticələr göstərməsini bir neçə amillə bağlayırlar. Bir qismi bunu uşaqların yuxarı siniflərdən repititor yanına getməsi ilə əlaqələndirirlər. Bu cür nəticələr ölkədə orta təhsil sisteminin məhv olduğunu göstərir.

Ekspertlər vurğulayırlar ki, məktəblə bağlı ciddi dəyişikliklərə yol açan islahatlar aparılmır, orta təhsilin məzmunu, eyni zamanda, məktəb mühitinin yaxşılaşdırılması istiqamətində demək olar ki, pozitiv iş görülmür.

Həmçinin ekspertlər bildirirlər ki, dünyanın bir çox ölkələrində şagirdlər 8-10 fəndən imtahan verdiyi halda, bizdə daha az fəndən imtahan verilir. Əgər bizdə də 8-10 fəndən imtahan verilsə, buraxılış imtahanlarının nəticələri daha acınacaqlı olar. Bildirilir ki, orta məktəb məzunlarının 35-45 faizi dərs proqramlarını mənimsəmir. Həmçinin, təhsilin səviyyəsinin aşağı düşməsinin səbəblərindən bir də müəllim çatışmazlığıdır.

Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı "Yeni Müsavata" bildirib ki, təhsilin keyfiyyəti məsələsi dalana dirənib: “2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64,7 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb, yəni, qiymətləndirmə dərəcəsinə görə “2” alıblar. Abituriyentlərin 13,6 faizi isə “3” ilə qiymətləndiriliblər. Təsəvvür edin ki, ölkədə 2014-cü ildə imtahan verənlərn 78,3 faizinin bilikləri çox aşağı səviyyədədir. Bu, faciədir, ölkənin altına qoyulmuş minadır. Hakimiyyət illərdir bilərəkdən təhsilin səviyyəsini aşağı salırdı. Düşünürdülər ki, savadsız, “manıslaşmış” cəmiyyəti daha asan idarə etmək mümkündür. Savadlı, bilikli, dünya görüşü geniş olan insan belə absurd sistemi qəbul edə bilməz, bu, mümkün deyil. Qısa vədədə, müəyyən qədər öz istəklərinə nail oldular. Amma əvəzində yüzlərlə İŞİD-ə qoşulan fanatik, minlərlə, onminlərlə cahillər ordusu yaratdılar. Anlamadılar ki, orta və uzun vədədə savadsız toplum bunların ən böyük düşməninə çevriləcək. Bundan əlavə, hətta Ramiz Mehdiyev məqalə yazıb, vurğuladı ki, ölkədə kadr çatışmır. Elə bil ki, bunun günahı bizdədir, 23 ilə kadr yetişdirə bilmədilər. Dəfələrlə hakimiyyət nümayəndələri, təyinatlı deputatlarla diskussiyalar zamanı bildirmişəm ki, təhsildə islahat yeni bina, təmirli məktəb demək deyil. Bəli, məktəb infrastrukturu xeyli dəyişib, yenilənib, 2900-dən artıq məktəb tikilib, təmir edilib. Amma, bu islahat demək deyil, axı... İslahat - keyfiyyət dəyişikliyidir! Keyfiyyət isə hər il aşağı düşür və bu məsələ çıxmaza girib, dalana dirənib: Hər il keçid balı aşağı düşür. Ən aşağı balla, ən savadsız tələbələr pedaqoji təmayüllü ali məktəblərə qəbul olunurlar. Həmin tələbələr təhsillərini bitirib, məktəblərə müəllim kimi gedib, keyfiyyəti daha da aşağı salırlar. Ölkədə olan ən böyük problem budur. Bu absurd sistemdən sonra 2-3 ilə iqtisadiyyatda olan problemləri həll etmək, korrupsiyanı, inhisarçılığı ləğv etmək olar. Bunu bacaracağıq da, amma təhsildə olan problemləri həll etməyə illər lazım olacaq. Bu hakimiyyət gələcəyimizə ən böyük zərbəni məhz təhsil sistemini məhv etməklə vurub”.

RASİM

AzPolitika.info