Menu

Qorxusuzluq məsələsini həll edən riyaziyyatçı

20.01.2016, 23:01
Qorxusuzluq məsələsini həll edən riyaziyyatçı

(Tələbəlik dostuma – Azərbaycanın igid oğluna)

Etibar ƏLİYEV

Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olduğumuz ildə kimlərin fövqəladə istedada malik olduğunu hamımız bilirdik. Tələbələr arasında istedadlı həmyaşıdları tanımağa böyük maraq olur. Fiziklər isə kimyaçılara və riyaziyyatçılara daha dərindən bələd idilər. Çünki biz qonşu idik. Necə deyərlər, həm ixtisasa görə, həm də məkana görə. Bizim tələbəlik illərində olduqca məşhur bir istedad vardı. Mexanika-riyaziyyat fakültəsində oxuyan Yusif Sadıqov idi.

Yusif orta məktəbi qızıl medalla bitirmişdi. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. 3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib və birinci yerə layiq görülmüşdü. O zaman universiteti əla bitirənləri Akademiyanın institutlarında və universitetdə saxlayırdılar. Yusifi Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda elmi fəaliyyətini davam etdirmək üçün saxladılar. BDU-nu fərqlənmə diplomu ilə bitirən dostumuz 3 “beş” alaraq aspiranturaya qəbul olundu. Yusifi tanıyanlar əmin idilər ki, o, vaxtından əvvəl alimlik dərəcəsi alacaq. Hamımız düşünürdük ki, o, dünya şöhrətli alim olacaq...

Bacısı, professor Sayalı xanımın müsahibəsindən: “Hələ yanvarın birində bir ziyalı kimi, sağlam məntiq sahibi kimi bu hadisələrdən danışırdı. Deyirdi, əgər Tiflisdə olubsa, bizdə ola bilməz. Evimiz “Salyanski” adlanan məşhur hərbi kazarmanın yanında idi. Maraqlı bir detalı deyim ki, yanvarın 19-dan 20-nə keçən gecə Yusifin ad günü idi. Həm də nişanlı idi. Nişanlısı universitetdə oxuyurdu. Yusif də səhər onu imtahana aparmalı idi. Amma qəfildən tank səslərini eşidəndən sonra bizə də deməmiş sakitcə evdən çıxmışdı”.

Yusifin ölümü də düşüncəyə sığmır. Onun bir qolu tapılıb. Rus tankının altında qalan bu istedadlı qardaşımızın itkin düşməsini eşidən bütün tələbə dostları onun adı gələndə ani olaraq şoka düşdülər. Çünki Yusif davranışı, savadı, mədəniyyəti, əxlaqı ilə heç kimə bənzəmirdi. Böyük Allah onu yaradanda ona heç bir qüsur verməmişdi. Yaşadığı illərdə isə o, özündə yalnız fövqəlinsana xas olan keyfiyyətləri qoruyub saxlamaqla məşğul oldu.

Frensis Bekonun bir deyimi var: “Ateistdən yaxşı riyaziyyatçı olmaz”. Təhsil aldığımız illər ateizm dövrünə təsadüf etdiyi üçün biz dindən çox danışmırdıq. Ancaq Yusifin adı gələndə indi də düşünürəm ki, onun mədəniyyəti, əxlaqlı və qorxu bilməməsi yaxşı riyaziyyatçı olmasını tamamlayırdı.

Mən Yusifin necə təmkinlə riyazi məsələlər üzərində düşündüyünün şahidi olmuşam. Universitetin 2 saylı yataqxanasında. Riyaziyyatı yaxşı bilməyənlər ondan düşünməyi öyrənirdilər.

Bu günlərdə Yusifin şəklinin altında yazılmış şərhləri oxuyurdum. Yaxşı tanıdığım bu gənc haqda onu heç vaxt görməyən adamlar elə danışırdılar ki, elə bil doğrudan da tanıyırdılar onu. Düşündüm ki, bu, təkcə sevgidən deyil, bəzən bir hərəkət insanı ömürlük tanıdır və hamıya tanıdır. Həmin şərhlərin arasında jurnalist Şahvələd Çobanoğlunun qeydləri də bunu təsdiq edirdi: “Yusifi şəxsən tanıyırdım. Mənim müəllimimin oğludur. Atası Allahverdi müəllim ən yüksək sözlərə layiq bir insandır. Həmişə özümü ona borclu sayıram. Yusif isə bir əfsanə idi. Bizim məktəbi qızıl medalla bitirmişdi. Davranışları, tərbiyəsi, savadı onu bizim kənddə əfsanəyə çevirmişdi. Tale onu Azərbaycanın əfsanəsinə çevirdi. İgidliyi ilə.”

Qəribə hissdir. Belə bir istedadı, bu qədər igid adamı – Əfsanəni mən illərdir tanımışam. Onunla illərlə danışmışam, onunla birlikdə eyni masa arxasında əyləşib düşünmüşəm...

Mən Şəhidlər Xiyabanını hər dəfə ziyarət edəndə elə bilirəm ki, Yusif o dünyada da kimlərəsə riyaziyyat öyrədir. Amansız zaman onun istedadından lazımınca istifadə etməyimizə imkan vermədi.

Nə bilim, bəlkə Yusif tamam çıxıb gedərkən bir əlini bizə - onu salamlamaq üçün qoyub gedib. Odur ki, hər il Qara Yanvar günü deyirəm:

- Salam, əziz qardaşım! Salam Yusif! Sən qorxusuzluğunla ən çətin məsələni həll etdin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol