Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. Görüşdə RİH başçısı yanında Şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin istehsal, emal, kommersiya sahələrində çalışan sahibkarlar, bank rəhbərləri iştirak ediblər. Tədbirlə bağlı Salyan RİH-dən “AzPolitika.info”ya daxil olan məlumatda bildirilir:
“Son zamanlar ölkədə manatın devalvasiyası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi çətinliyin doğura biləcəyi vəziyyətin aradan qaldırılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görülür. Geosiyasi və geoiqtisadi vəziyyətin təsiri nəticəsində respublikada yaranmış vəziyyət yeni iqtisadi şərait və metodlarla aradan qaldırılmaqdadır.
Bu istiqamətdə rayonda da müəyyən tədbirlər görülmüşdür. Süni qiymət artımı ilə əlaqədar olaraq rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmışdır. Həmçinin, əlavə olaraq rayon üzrə 7 işçi qrupları yaradılmış, qrupların işində ziyalıların, ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilmişdir. İşçi qrupları tərəfindən mütəmadi olaraq rayon ərazisində fəaliyyət göstərən mağaza və topdan satış ticarət müəssisələrində, çörəkbişirmə sexlərində monitorinqlər aparılmış, süni qiymət artımlarının qarşısının alınması və fəaliyyətlərinə köməklik göstərilməsi məqsədilə onlara müvafiq tövsiyələr verilmişdir.

Rayonda qeyri neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində müəyyən tədbirlər görülmüş, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun 728 min 900 manat kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması üçün müvafiq işlər aparılmış, Kürqaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 24 başlıq süd sağım sexinin tikintisi başa çatdırılmışdır.
Görüşdə o da vurğulanmışdır ki, 2015-ci il ümumilikdə Salyan rayonu üçün uğurlu il olmuşdur.
“Azərbaycan Respublikası Regionlarının (2014-2018-ci illər) sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” çərçivəsində Salyan şəhərinin qaz təminatının yaxşılaş-dırılması üçün 2015-ci ildə rayonun daha dörd yaşayış məntəqəsinə - Bəydili, Abadkənd, Sarvan və Xələc kəndlərinə, eləcə də Salyan şəhərinin 20 Yanvar küçəsinə təbii qaz verilişi bərpa olunmuş, Marışlı, Seyid Sadıqlı, Yeni Uluxanlı, Birinci Varlı, İkinci Varlı və Kürsəngi kəndlərində qazlaşma işlərinin aparılmasına başlanılmışdır.
2015-ci ildə YAP rayon təşkilatı üçün inzibati binasının tikintisi başa çatdırılmış, 4 mərtəbəli «Biznes mərkəzi», rayonun Peyk kəndində 220 şagird yerlik yeni məktəb və Salyan rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxana binası tikilərək istifadəyə verilmiş, zəruri inventar və avadanlıqlarla təmin edilmişdir.

Hazırda rayonun Qarabağlı və Kürqaraqaşlı kəndlərində Heydər Əliyev fondunun təşəbbüsü ilə hər biri 100 çarpayılıq uşaq bağçalarının, Ərazi kənd təsərrüfatı idarəsinin, rayon Prokurorluğunun inzibati binalarının və Çuxanlı-Gəncəli-Piratman-Parça Xalac-Seydan kəndlərini birləşdirən avtomobil yolunun tikintisi işləri davam etdirilir, şəhər 11 saylı Uşaq bağçası əsaslı təmiri edilir və Seyidan kənd məktəbi üçün yeni binanın tikintisi davam etdirilir.
Görüşdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Ramil Salmanov, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Vahid Vahidov, sahibkarlardan Nurəddin Məlikov və Yusif Haxıyev çıxış edərək insanların sosial müdafiəsinin möhkəmləndirilməsi, iqtisadiyyatda yeni münasibətlərə keçidin təsirinin azaldılması üçün görülən tədbirlərdən danışmışlar.
Sahibkarlarla görüşdə həmçinin yeni bazar münasibətləri şəraitində təklif və mülahizələr səslənmişdir. Sahibkar Nurəddin Məlikov Salyan şəhərində Yaşıl bazarın yaradılması, «Aqrarkredit» bankın müdiri Vaqif İslamov rayonda pambıqçılığın inkişafı üçün güzəştli şərtlərlə kreditlərin verilməsi barədə, sahibkarlardan Seyran Seyranov, Teymur Kərimov rayonun istixana təsərrüfatlarında, həmçinin konserv məhsullarının istehsalında ixrac əməliyyatlarının təşkilinə dəstək göstərilməsi barədə, «Dağüstü» kəndli-fermer təsərrüfatının rəhbəri Avdı Həsənov ərzaq təhlükəsizliyini təmin etmək üçün iri taxılçılıq təsərrüfatlarının yaradılması və onlara kreditlərin təşkilinin yeni müasir şəraitə uyğun verilməsinin labüdlüyü barədə, sahibkar Ələddin Fərəcov isə ona məxsus soyuducu kameralardan 1 il müddətinə sahibkarların haqqı ödənilmədən istifadə etmələrinə şərait yaradacağı barədə təkliflərlə çıxış etmişlər.
Canlı diskussiya və işgüzar şəraitdə keçən görüşdə RİH başçısı Tahir Kərimov sahibkarların arzu və təkliflərinin hər zaman nəzərə alınacağı və onlar üçün lazımi şəraitin yaradılacağını bildirmişdir”.


Şərhlər