Böyük ehtimalla, özünün sonuncu rəsmi görüşündə ABŞ dövlət katibi postunu bu yaxınlarda tərk edəcək Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Suriya barəsində danışıb.
“La Stampa”-nın (İtaliya) məlumatına görə, Romada keçirilən “Aralıq dənizi dialoqu” konfransındakı çıxışından əvvəl siyasətçilər BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə birlikdə “Parko dei Prinsipi” otelinin böyük olmayan zalında görüşüblər. Görüş bir saata kimi davam edib və buradakı dialoq hər hansı xüsusi mərasim tələb etmədən açıq və səmimi atmosferdə keçib. Söhbət zamanı Kerri öz rus həmkarı ilə danışığında onunla razılaşıb ki, Rusiya qələbə çalıb, amerikanlar isə öz yerlərində sayıblar və Suriya əməliyyatındakı aparıcı rol Moskvanın əlinə keçib. Lakin Kerri deyib ki, indi həqiqət anı gəlir, Əsəd aydın kompromisə getməlidir və ruslar onu inandırmalıdırlar ki, əks halda bu o demək olacaq ki, Suriyada bundan sonra baş verənlərin hamısının məsulliyəti onun üzərində qalacaq. Lavrovun diplomatik cavabı belə olub ki, Moskva kompromisə hazırdır, amma dövlət katibinə bildirmək istəyir ki, onlar bunu Trampla razılaşdıracaqlar.
Danışıqlardan sonra isə insanlara dolu zaldakı səhnəyə daxil olan Lavrov “Rai” televiziya şirkətinin prezidenti Monika Maconiyə və “Stampa” qəzetinin direktoru Mautisio Molinariya müsahibə verib. Əhval-ruhiyyəsi yüksək olan nazir, ətrafdakılarla zarafatlaşaraq, Kremlin strategiyasını yaxşı anlamaq üçün onlara Rusiya tarixini öyrənməyi təklif edirdi.
M.Maconi ondan soruşub ki, Suriyanın dostu kimi Rusiya kompromislərə hazırdırmı. Lavrov izah edib ki, Moskva ilk öncə Suriyanın Liviyanın vəziyyətinə düşməməsində maraqlıdır. Molinari isə soruşub ki, Moskva ilə Tramp arasındakı ilk razılaşma Suriya məsələsiyləmi bağlı olacaq. Bu suala konkret cavab verməkdən yayınan Lavrov deyib: ”Rusiya dialoqa açıqdır. Əgər ABŞ prezidentinin yeni administrasiyası fəaliyyətini terrorla mübarizəyə cəmləyəcəksə və Rusiya ilə əməkdaşlıq etmək istəyəcəksə, onda əlbəttə ki, biz buna hazırıq. Seçki kampaniyası dövründə Tramp bildirib ki, onun başlıca məqsədi Suriyada İŞİD-lə mübarizədir. Nə vaxt ki, o özünün xarici siyasət komandasını toplayacaq, onda biz həmin məsələyə baxa bilərik. Biz Trampla şərtləri müzakirə edəcəyik”.
Maraqlıdır ki, “Financial Times” məlumat verir ki, Türkiyədə arxa planda Rusiya ilə Əsədə qarşı vuruşan dörd silahlı müxalifət qrupları ilə danışıqlar olub.
Kerri və İtaliyanın xarici işlər naziri Paolo Centilioninin görüşündən sonra müxtəlif səpgili yoxlanılmayan məlumatlar yayılır. Məsələn, guya həmin görüş zamanı ABŞ dövlət katibi ”Hələb məsələsi qapanıb, şəhər təhvil verilib” və həmçinin də “danışıqlar bərpa olunana kimi Rusiya ilə sülh yaratmaq vacibdir” kimi fikirlər söyləyib. Forumun son iki günündə əksər analitiklər qeyd ediblər ki, əməliyyatın daha sürətli başa çatması üçün Dəməşq şərqi Hələb üzərindəki hücumları gücləndirib.
Bir qədər sonra Kerri Centilioni ilə birlikdə keçirdiyi mətbuat konfransında özünün uzun və faktiki olaraq vida çıxışında deyib: “Mən əminəm ki, biz İŞİD-lə mübarizədəki səylərimizdə nəticə əldə edə biləcəyik”.


Şərhlər