Yeni rəhbərlik bu vəsasitin təyinatı üzrə göndərildiyini aydınlaşdıracaqmı?

Bakı Metropoliteninin rəhbərliyi dəyişdikdən sonra, bir çox sahələrdəki mənimsəmələrə dair çoxlu sayda faktlar və açıqlamalar işıq üzü gördü. Bu məlumatlara daha bir əlavə də Azpolitika.info saytına daxil olub. Belə ki, 7 min civarında işçisi olan Bakı Metropolitenində hər ay Azərbaycan Silahli Qüvvələrinə Yardım Fonduna köçürmələr adı altında pul yığılırmış.

Mənbə bildirir ki, sıravi işçilərdən hər ay 2-3 manat, ustalar və bu ranqa aid digər işçilərdən 10-20 manat, növbətçi və instruktorlardan 40-50 manat, rəis heyəti və müavinlərdən isə 100 manat civarında pul toplanırmış. Təqribi hesablamalara görə isə bu məbləg ümumilikdə ayda 30 min manatı keçir. Əlbəttə ki, Tagı Əhmədov səviyyəsində bir fiqur üçün bu, əhəmiyyətli rəqəm deyil və heç kim bu pulların məhz onun tərəfindən mənimsənildiyini iddia etmir. Ancaq kifayət qədər həssas bir məsələ olan Silahlı Qüvvələrə yardım sahəsində də şübhəli məqamların olması düşündürücüdür. Sadəcə, sıravi heyət arasında bu vəsaitin gerçəkdən də təyinatı üzrə köçürüldüyü barədə şübhə mövcuddur. Elə bunun nəticəsidir ki, rəhbərlik dəyişəndən sonra bu adla yığılan vəsaitlə bağlı suallar yaranıb və bir çox işçilərin artıq bu ödəmələri etmək istəmədiyi ortaya çıxıb.

Adi hesablama aparsaq, doğrudan da maraqlı mənzərə ilə rastlaşmış olarıq. 2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna bu günə qədər cəmi 53 milyon manata yaxın vəsait yığılıb. Ayda 30 min manat təkcə metropoliten tərəfindən ödənibsə, bu ildə az qala yarım milyon manat deməkdir. Belə çıxır ki, bu hesablama ilə həmin fonda yığılan pulun 10 faizinə yaxın hissəsi ölkədə heç də ən varlı və ən böyük qurum olmayan metropolitenin payına düşür. Bu nə dərəcədə inandırıcı və realdır? Demək ya fondun rəqəmləri reallığa uyğun deyil, ya da metropoliten başda olmaqla bir çox qurumlarda yığılan vəsaitin sonrakı taleyi qaranlıqdır. Təəssüf ki, sözügedən məsələ ilə bağlı realı rəqəmləri əldə etmək imkanımız xaricindədir. İnanmırıq ki, bu reallıq həmin vəsaitləri toplayan və yönləndirənlərin xeyrinə olsun. Ancaq hər halda yeni rəis Zaur Hüseynov bu məsələni də araşdırsa pis olmaz.

CƏLAL