«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili bəyan edib ki, Moskvanın növbəti hədəfi Belarus olacaq. Saakaşvili bu bəyanatı Cənubi Osetiyada silahlı münaqişənin 9-cu ildönümü günlərində səsləndirib.
«Belarusda biz nə görürük? Hesab edirəm ki, Rusiya Belarusu tutmaq və ilhaq etməyə hazırlaşır. Təlimlər zamanı buraya infrastruktur daşınıb gətiriləcək. Beləliklə, təhlükə yox olmayıb, təhlükə yalnız artmaqdadır. Sadəcə, ukraynalılar onu öz sərhədlərində ləngidirlər» - deyə, Litvaya səfəri ərəfəsində «BNS» kanalına verdiyi müsahibədə Saakaşvili qeyd edib.
Onun sözlərinə görə, indi NATO Moskvadan qaynaqlanan təhlükəni real qiymətləndirir, ona görə də Baltik ölkələrinə təhlükə bir neçə il bundan əvvəl olduğundan azdır. Amma Qərbin xəyanət riski qalmaqdadır.
Xatırladaq ki, Saakaşvili 2003-cü ildə Gürcüstanda hakimiyyətə «Qızılgül inqilabı» zamanı gəlib. Bu inqilab Eduard Şevardnadzeni devirib.
2013-cü ildə Gürcüstan prokurorluğu onun həbsinə order verən zaman Saakaşvili ölkəni tərk edib. O, səlahiyyətlərini aşmaqda ittiham olunub.


Şərhlər