Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib. APA xəbər verir ki, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunu dəlib keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

ARB TV isə xəbər verir ki, Əzizova Firəngiz yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranıb. Döş qəfəsi nahiyəsindən güllə yarası alan Əzizova Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Firəngiz Əzizovanın üzərində təcilli cərrahiyə əməliyyatı keçirilib, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Firəngiz Əzizova Şəkinin qızlardan ibarət "Gənclik” futbol klubunun qapıçısıdır. O mütəmmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.