Cəbhə bölgəsinə aparan strateji əhəmiyyətə malik bu yola sahib çıxan yoxdur
Əlbəttə ki, rayonlarımıza, qəsəbə və kəndlərimizə yeni yolların çəkilməsi, yaxud əsaslı təmirilə bağlı hər bir qərar Azərbaycanın ümumilikdə nəqliyyat infrastrukturuna verilən yeni töhfədir. Çünki yol iqtisadi inkişaf, sosial rifah və mədəniyyət daşıyıcısıdır.
Sözsüz ki, yol inşası zamanı onun əhati etdiyi regionun ölkə üçün strateji əhəmiyyəti, oradakı əhalinin sayı, nəqliyyat axınının intensivliyi, iqtisadi, sosial əhəmiyyəti və digər amillər əsas götürülməlidir. Və yol tikintisinin ardıcıllığı da bu amillərə əsaslanaraq, növbəli şəkildə həyata keçirilməlidir.
Ancaq ölkə üzrə yeni salınan yolların xəritəsinə baxdıqda, müəyyən xaotikliyi və nizamsızlığı görməmək olmur. Bəzən böyük sayda əhalinin istifadə etdiyi, intensiv nəqliyyat axını və böyük iqtisadi əhəmiyyəti olan yollar bərbad vəziyyətdə olduğu halda, əhalisi dəfələrlə, hətta on dəfələrlə az olan məntəqələrə yol çəkilir.
Əlbəttə ki, heç kim ən ucqar dağ kəndlərinə belə müasir, yüksək keyfiyyətli yollar çəkilməsinin əleyhinə deyil. Ancaq yuxarıda qeyd etydiyimiz kimi, yol inşasının əhalinin sıxlığı və digər vacib məqamlar mütləq nəzərə alınmaqla, məntiqi ardıcıllıqla yerinə yetirilməsi daha məqsədəuyğun olardı.

Bundan əvvəl isə Şamaxıdan Dəmirçiyə təxminən 24 kilometr uzunluğunda yeni yol çəkilib. Yəni tikinti işləri bitəndən sonra bu əraziyə üst-üstə 46 kilometrə yaxın yol çəkilmiş olacaq.Əlbəttə ki, bu tip layihələr sevindirici və hətta qürurvericidir. Ancaq üzümüzü ölkəmizin Qarabağ bölgəsinə və düşmənlə təmas xəttinə, cəbhəyanı ərazilərə tutanda, təəssüf ki, bəzi yaşayış məntəqələri arasındakı yollarda eyni mənzərəni görə bilmirik.
Məsələn, yolu Bərdə-Ağdam istiqamətinə düşənlər bunu təsdiqləyə bilərlər ki, xüsusilə Bərdədən Ağdamın inzibati mərkəzi rolunu oynayan Quzanlı qəsəbəsinə qədər olan yol çox bərbad vəziyyətdədir.

Burada istər-istəməz müqayisə aparmalı oluruq – yuxarıda qeyd etydiyimiz İsmayıllının Lahıc qəsəbəsinin əhalisi 1000 nəfərə yaxındır, onu yeni yolla birləşdirəcək Şamaxının Dəmirçi kəndində isə cəmi 537 nəfər yaşayır. Və bu məntəqələrdəki əhalinin bir-biri ilə çox sıx gediş-gəlişə malik olduğunu da demək olmaz.

Doğrudur, bir neçə il əvvəl bu problemin həlli istiqamətində müəyyən addımlar atıldı. Belə ki, Ağdamın işğalda olmayan ərazisindəki rayondaxili yollar əsaslı təmir olundu. Yerli sakinlər həmin vaxt rayonun icra başçısı olan Nizami Sadıqovun bu işdə müəyyən rolunun olduğunu da bildirirlər. Deyilənə görə, sabiq başçının vəzifəsindən uzaqlaşdırılmasında isə o vaxtkı “Qaçqınkom” sədri Əli Həsənovla arasındakı konflikt həlledici rol oynayıb...

Bir sözlə, Azərbaycanın istənilən guşəsinə çəkilən yeni yol bizi sevindirir, ancaq onların başında Qarabağa gedən yollarımız durmalıdır. Çünki bu yollar hansısa ərəbin, ingilisin və digərinin dincələcəyi, kef çəkəcəyi yerə yox, işğal altındakı torpaqlarımıza aparır...
CƏLAL
AzPolitika.info





Şərhlər
Hörmətli Cəlal bəy.
Azərbaycanda yol çəkilişi ilə məşğul olan şəxsləri Qarabağdakı yollar maraqlandırmır və heç vaxt da maraqlandırmayacaqdır. Çünki onların oralarda-elə təhlükəli yerlərdə imarətləri yoxdur. Oralar təhlükəli yerlərdir. Onu bilirlər ki, bacıoğlanlarının pulunu vaxtında verməsələr onlar dayılarının evini "qradlaya" bilərlər. Bir də ki, bunlar o torpaqları siliblər. Gəlib Bakının və s. ərazisində Laçın, Kəlbəcər və s. və i. rayonları yaradıblar.