AZAD MİRZƏCANZADƏNİN ELMİ MEYARLARI VƏ AZAD RUHU

Məhəmməd Talıblı

“Elmin kralı olmaq üçün, oxumağın köləsi olmaq lazımdır”

Onore De Balzak

Elm adamları deyəndə elmi-akademik çevrələrdə çalışanların hamısını qətiyyən nəzərdə tutmalı deyilik. İnsitut direktorları və təhsil müəssisələrinin rəhbərlərinin hamısını də həmin kateqoriyaya aid edilməməlidir. Cəmiyyəti diri saxlayanları yalnız çağdaş dövrdə yaşayanlardan ibarət olanlardan təsəvvür etmək böyük yalnışlıqdır. Gəlib-keçmiş və haqq dünyasına qovuşan elə insanlarımız vardır ki, indiki elmin dirəkləri hələ də onların çiyinləri üzərində qərar tutur. Akademik Azad Mirzəcanzadə belə sütunlardandır. Yaşasaydı bu gün onun 90 yaşı tamam olacaqdı.

Azad müəllimlə bağlı yubiley tədbirlərinin sönüklüyü onun bu millət üçün etdiklərinə adekvatdırmı? Yalançı bir tarixçini yaşadığı zamanın şərtlərinə özünü uyğunlaşdırdığına görə dağın başına qoyuruq. Rəhbər vəzifədə çalışan bir insanın elmi nailiyyətlərini törən tədbirində sadalayanda təəcübünə nəzarət edə bilmirsən. Amma dünyadan köçən Azad müəllimin elmi fəaliyyətinə yazılacaq xatirələri kütləvi hal aldığını görə bilmirik. Mən buna bir vətəndaş olaraq çox üzülürəm.

Elm insanı vicdanını və biliklərini çağdaş şərtlərə güzəştə gedirsə, onun tarix üçün heç bir önəmi qalmır. Tarix üçün yaradanları və tarixə işləyənlərin missiyaları fərqli olur. Azad Mirzəcanzadə Ali Attestasiya Komissiyasının sədri olarkən ərköyün məmurların almaq istədikləri elmi ad almaq yarışının qarşısında uzun illər ciddi müqavimət göstərdi. Axına qarşı üzdü. Elmin “plankasın” aşağı salmamaq üçün partnomenklatura ilə üz-üzə gəldi. Onun bu cür prinsipiallığı bir tərəfdən ona qarşı elmi elitanın rəğbətini artırırdısa, digər tərəfdən isə kiçik “padşahların” nifrətini alovlandırırdı. Bu gedişə çox dözə bilmədi. Onu aparan çaya “Araz” deməsə də, belə bir çayda çox da üzə bilməyəcəyini dərk etməmiş də deyildi. Bu gedişatın elmin sabahkı qayğıları üçün nələr demək olduğunu dərk etdiyi üçün onu daim kədərli və pessimist ovqatda görməyə adət etmişdik.

Bizim tələbəlik dövrümüzə (90-cı illərdən sonra) düşən həmin illərdə ciddi resonans doğran kitablar çox deyildi. Sistem transformasiyası, müharibə şəraiti və tərcümə mərkəzlərinin yoxluğu kitabla bağlı bir vaakum yaratmışdı. Yeni kitabların nəşri və oxucu auditoriyası toplaması xeyli çətinləşmişdi. Ona görə oxucunu cazibə dairəsinə salan kitablara da rast gəlmək nadir hallardan sayılırdı.

Belə nadir kitablardan biri də bu illərdə Azad müəllimin “İxtisasa giriş” kitabı sayılırdı. Hamımızın böyük həvəslə oxuduğu kitab idi. Sonradan “Qanun” nəşriyyatı onu yeni redaktədə və həcmdə (səh.430) çap etdirdi. Sonrakı nəşr daha həcmli və oxunaqlı alınmışdı. Onu hər dəfə oxuduqca təkcə bir neftçi-alimin yox, elmin bütün sahələrinə nüfuz etmiş bir bilim insanın dərin düşüncələrinin ölçülərini dərk etməmək mümkün deyildi. Müəllifin düşüncə miqyasını və mütailə qabiliyyətini bütün çılpaqlığı həmin kitabdan görmək olurdu. Həmin kitabda bunun sirrini da tapmaq mümkün olur. Bunu əslində cavab reaksiyası da hesab etmək olar. Sanki bu fikirləri məhz elə Azad müəllim üçün deyildiyini zənn edirsən.

Kitabda məşhur fransalı cərrah Ptinin belə bir fikri var: “Əgər həkim yalnız həkimdirsə, heç zaman o, yaxşı həkim ola bilməz.” Deməli, həkim yaxşı həkim olmaqla yanaşı, məsələn, yaxşı psixoloq deyilsə, demək heç yaxşı həkim də deyil. Bu kontekstdə götürəndə həmin kitabın sanbalı Azad Mirzəcanzadənin nə qədər ensklopedik biliyə malik olduğunu bir daha göstərirdi. Qaynaq çeşidliliyi və mövzulararası sinergetik bağlılıq aydınlığı ilə sezilirdi.

Azad müəlllimin dar bir sahənin adamı olmadığını ifadə edən digər bir göstərici onun Üzeyir Hacibəyliyə özünəməxsus münasibəti ilə bağlı olmasıdır. Onun həm evinə gedib-gələnlər, həm də iş yerində olanlar deyirlər ki, iş otağındakı və evindəki masanın üzərində yalnız Üzeyir Hacıbəylinin şəkli var idi. Üzeyir bəyi bu qədər əzizləyən yalnız maarifçi və ziyalı insan ola bilərdi. Ziyalılıqdan söz düşmüşkən...

Müasir dövrün bahalı qalstuqu və bərbəzəyi ilə göz parıldadan “ziyalılarını” yad süfrələrdə çox görmüşük. Bahalı ziyafətlərə aludə olmuş və ey-işrət gözünü örtmüş bəziləri bahalı xərclə yaşamağı üstünlük sayanlar var. Konfutsinin bir fikri düşündürücüdür: “Pulu itirdin - heç nə itirmədin. Vaxtı itirdin - çox şey itirdin. Sağlamlığını itirdin - hər şeyi itirdin.”

Azad müəllimin bu qədər məhsuldar olmasının kökündə bəlkə həyat nemətlərinə heç bir bağlılığının olmaması və zahiri parıltıya laqeyd münasibəti idi. Onu tanıyanlar deyirlər ki, hər gün fasiləsiz elmlə məşğul olduğuna görə, alimin gündəlik yeməyi əsasən kolbasa, pendir və “selyodka” idi.

Lev Tolstoy deyirdi ki, insan özünü öydükcə, lovğalandıqca istedad və bacarığı da azalır. Elm adamının düşüncəsində qul-quldar münasibətlərinə yer varsa, demək o, işbazdır. Azad düşüncə daşıyıcısı deyil. Özünü lazım olanda iş otağının xadiməçisi kimi hiss etməyən insan, ictimai xadimdə ola bilmir. Azad Mirzəcanzadəni xarakteriza edən özünəməxsus keyfiyyətlərdən biri də Elm Komitəsinin və Ali Attestasiya Komissiyasının sədri olan zaman xadimələrə iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi. Özü də deyirmiş ki, masanın üzərindəki qarışıqlıq onun iş rejimini əks etdirən maraqlı bir səhnədir.

Azad Mirzəcanzadə neft kapitalının nə olduğunu da hamıdan dərin dərk edirdi. İnsan kapitalının da cəmiyyət üçün hansı önəm kəsb etdiyi başa düşürdü. Neftimiz ölkəyə kapital gətirən zaman, onun kimi bir dəyərli insan kapitalını itirdik. Azad müəllim məhz 2006-cı ildə BTC-nin işə düşdüyü ay ərəfəsində dünyasını dəyişdi. Özü də neftçi idi. Özü bir neftçi-alim olaraq ölkəmizin üzünü ağardıb başını uca etmişdi. Qara qızıl isə ölkəmizin üzünü ağartmalı idi. Bu gün dünyada neft-qaz sənayesində geniş tətbiq olunan nanotexnologiyalar nəzəriyyəsini hələ 80-ci illərdə meydana gətirən Azad müəllim bununla da kiçik hissəciklərin təsir gücünü hələ o zamanlar aşkarlaya bilmişdi. Özü isə bu ölkəmizin hissəciyi kimi yox, NƏHƏNGİ kimi yaddaşlarda qaldı.

Bəli, məhz cəmiyyəti diri saxlayan Ölməz və Nəhəng Ruh kimi...

29 sentyabr 2018

635x100

Şərhlər

Məhəmməd Talıblı 2018-09-29 12:58:42

Yazı ilə bağlı qeydləriniz üçün çox təşəkkür edirəm. Elmimizdə vicdanlı insanları dəyər vermək və onları yada salmaq adi bir vətəndaşlıq borcumuzdur.

geoloq 2018-09-29 12:58:42

Allah rehmet etsin Azad muellime! O rehmete gedenden sonra coxlari "Xosbext" oldu

Dr.AGAOGLU 2018-09-29 12:58:42

Qeyri-adi INSAN,ALİM,VƏTƏNDAŞ.Bütün həyatı,fəaliyyəti Azərbaycanın insan potensialının inkişafına yönəlmiş fərqli GENLİ Ali AKADEMİK.Bütün ölkə üzrə Azad Mirzəcanzadənin,Rafik Əliyevin və o qəbildən olan insanların heykəlləri mayak kimi ucaldılmalıdır.

Əsəd 2018-09-29 12:58:42

1992-ci ildə AXC-Musavat höküməti dövründə o Azərbaycan Ali Attestasiya Komissiyasının sədrliyinə gətirilmiş və həmişə düz, ədalətli olmağı ilə həqiqi elm adamları arasında böyük nüfuz qazanmışdır. Məni həmişə bir şey düşündürür ki, ədəbiyyat-incəsənət xadimlərinə bu qədər böyük heykəllər qoyduğumuzkən elm adamlarının heykəlləri niyə Bakıda azdır. Axı gələcək nəsilin tərbiyəsində, gənclərin elmə həfəs göstərməsində bu heykəllərində müəyyən rolu ola bilərdi. Heç kimin tanımadığı uydurma qəhrəman “Koroğlu” heykəlinin yerində A.Mirzəcanzadənin heykəli qoyula bilməzdimi?

Əsəd 2018-09-29 12:58:42

Məhəmməd Talıblıya yazıya görə təşəkkür edirəm. A. Mirzəcanzadə 23 yaşında texnika elmlər namizədi, 29 yaşında isə doktorluq dissertasiyası müdafiə etmiş, 34 yaında Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü seçilmişdir. Mən çox fəxr edirəm ki Azad müəllimin Az. Neft kimya insitutunda kafedra müdiri olduğu müddətdə institutun az.sektorunda oxumuşam. Düzdür o rus sektoru tələbələrinə dərs deyirdi lakin çox xoşbəxtəm ki onu tez-tez görürdüm. Biz Rusyaya praktikaya gedəndə isə SSRİ-nin müxtəlif şəhərlərindən gələn tələbələr bizim ölkəmizi A.Mirzəcanzadəyə görə tanıyırdılar və biz qürur hissi keçirirdik.

ETİBAR 2018-09-29 12:58:42

ALLAH RƏHMƏT ELƏSİN.

Məhəmməd 2018-09-29 12:58:42

Yazının müəllifinə belə yazıya görə- belə bir elm dahisini yad etdiyinə gürə təşəkkür etməliyik və mən təşəkkür edirəm!!!!ƏƏƏLLLAA yazıdır! Başlıq-mövzuda gözəl seçılıb!!!!! Hesab edirəm ki, geniş miqyasda və yüksək səviyyədə qeyd edilməlidir!!!!!!! Azad müəllimin RUHUNA və yazı müəllifinə səmimi hörmət hissi ilə Məhəmməd.....

Seymur 2018-09-29 12:58:42

ALlah rehmet elesin. Lutfuzadeden geri qalan alim deyildi. Qan dovraninin riyazi-fiziki tenliklerle ifadesini vermishdi Bir defe derse 1 patefon getirdi Kohne 1 val cixartdi dedi Bethovendi qulaq asin Biz shokda idik Dediki bu musiqide boyuk riyaziyyst var

Son yazılar