"Vicdansız məmur işinə səhlənkar yanaşıb, bəs sənin adamlığına nə gəlib?"
Abşeron rayonu Xırdalan qəsəbəsində iki ictimai obyektin arasındakı çəmənliyi hansısa yollarla əldə edən bir sahibkar ərazidəki bina sakinlərinin istifadə etdiyi piyada yolunun da bir hissəsini tutmaqla, tikinti aparır. Bu barədə həmin məhəllədə yaşayan jurnalist Cavid İsmayıl öz "facebook" səhifəsindən paylaşdığı yazıda məlumat verib.
Ərazidən çəkdiyi fotoları da təqdim edən jurnalist yazır: "Yaşıl damlı tikili poçt binası, boz damlı tikili mərasim evidir. Bu iki tikilinin ortasında, indi kubiklər gördüyünüz yerdə bu yaxınlara qədər çəmənlik vardı. Kənarında köhnə bir söhbətgah olan bu çəmənlik ana-bacıların söhbət, uşaqların əyləncə yeri idi. Həm də məhəlləmizdə pul ödəmədən otura və əylənə biləcəkləri yeganə yer idi. Ümid edirdik ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən "Abad Həyət" layihəsindən Xırdalana da pay düşəndə bu yer də nə vaxtsa abadlaşdırılacaq. Amma sən saydığını say, gör...

Ötən yay bu ərazini kubiklərlə hasara aldılar, ötən həftədən isə sürətlə tikintiyə başladılar. Hələ tikinti başlamamış - bu ilin mart ayında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın Xırdalan sakinləri üçün keçirdiyi səyyar qəbula qatılmış, Xırdalanın məni narahat edən problemləri sırasında bu ərazinin hasarlanmasını da dilə gətirmişdim.
İradə xanım icra nümayəndəsi ilə bələdiyyə sədrindən məsələ ilə bağlı izahat istəmiş, onlar da ərazini hasarlayan sahibkarın əlində "çıxarış" olduğunu demişdilər. Yəni məsələnin mahiyyəti budur ki, hər hansı sahibkar özəlləşdirmək istədiyi torpaq sahəsinə dair yerli bələdiyyədən müvafiq sənəd alır, sonra da həmin sənəd əsasında torpağı özəlləşdirir və bu qanuni prosesin heç bir rayon icra hakimiyyətinə aidiyyəti yoxdur. İnandınız?
Mən bu şirin nağıla inanmaq istərdim - ölkəmizdə bələdiyyə sədrlərinin icra başçılarının qarşısında farağat durduğunu görməsəydim.
İndi bu əlində "çıxarış" olan sahibkarın yapdıqlarına fotolarda diqqətlə baxın. Adam iki obyektin - poçtla mərasim evinin arasında obyekt tikir. Amma həm poçtun, həm də mərasim evinin divarından daha çox qabağa, yəni yola çıxıb. O yol isə piyada yoludur. Hara şikayət ediriksə, xeyri yoxdur. Deyirlər ki, əlində "çıxarış" var. Olsun, lap yaxşı. Deyək ki, o çıxarışı verən vicdansız məmur işinə səhlənkar yanaşıb, bəs sənin adamlığına nə gəlib? Yarım metr torpaq hər gün o yoldan istifadə edən piyadaların söyüş-qarğışından çoxmu dəyərli oldu, yoxsa baha?"
AzPolitika.info




Şərhlər
Bunun izahı belədir: Qarabağı erməniyə satanlar, indi də qalan ərazilri hərrac edirlər!!! Ölkəni tam pula çevirib, qaçacaqlar...
Doğrudan da,Dağlıq Qarabağdan sonra ərazisi "işğal" altına düşən rayonlardan biri də Abşerondur.Birini erməni-rus hərbiçiləri işğal edib,digərini isə Azərbaycanı kommersiya məqsədi ilə talayanlar.Abşeronda böyük torpaq sahibkarları arasında deputat və məmurlar var.Ən az torpağı olan deputatın 13 ha(Hökməli),ən çox torpağı olan məmurun arvadının adına 103 ha(Saray) var.13 ha bu yaxınlarda vəzifəyə təyin olunan deputata,103 ha isə prezident aparatında böyük vəzifə tutanlardan birinə məxsusdur.
Hamı bilir ki torpağı kim satır kimin əli ilə satır pulu kim alir aparıb kimə verir. ! kvm torpaqda pusuz olmur.Sovet hökümətində də elə işlər olurdu hamı da bilirdi niyə oldu ancaq hakimiyyət qırmızı qırmızı deyirdi ki belə deyil başqa cürdür və bunun axırı necə qurtardığını hamı bildi.İ.H.başçısı şəxsən bilməsə kubiki kubikin üstünə qoymaq olmaz
“Məhəlləmizdə pul ödəmədən otura və əylənə biləcəyimiz yeganə yer idi…” Ele buna gore de eylence bitdi! Bes ewitmemisiz ki, "За удовольствие надо платить"