“Muxa” ləqəbli Oleq Muxametşin öz kriminal statusundan – “qanuni oğru” adından imtina edib. “AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, kifayət qədər tanınan avtoritetlərdən biri olan O.Muxametşin özü şəxsən polis məntəqəsinə gələrək, hüquq-mühafizə orqanlarına “qanuni oğru” adını daşımadığını və heç vaxt belə statusda olmadığını rəsmən bildirib. “Muxa” hətta rəsmən daşıdığı Muxametşin soyadından da imtina edərək, Deqtyaryov olub.
Bu, keçmiş SSRİ məkanı tarixində ilk belə hadisədir. İndiyə qədər heç vaxt hansısa “qanuni oğrunun” hüquq-mühafizə orqanı qarşısında öz adından imtina etmədiyi bildirilir. Adətən, bu cür nadir hərəkət yalnız digər “qanuni oğruların” hüzurunda baş verib. Yəni ki, bu statusu daşıyanlar ondan yalnız “qanuni oğruların” qarşısında imtina ediblər.
“Muxa”ya gəldikdə isə o, kriminal aləmdə olduqca bic və fırıldaqçı biri kimi tanınır. Onun məhbus həyatı daha çox sənədlərin saxtalaşdırılması, odlu silah gəzdirilməsi və quldurluq cinayətlərilə bağlıdır. Hələ ötən əsrin 90-cı illərində “taclandırılan” “Muxa”nı bu ada “Rospis” və “Savoska” ləqəbli kifayət qədər nüfuzlu slavyan əsilli “qanuni oğrular” layiq görüblər. Ancaq onun birdən-birə, özü də belə formada bu addan imtina etməsi sual doğurub.
Rusiya mətbuatı yazır ki, “qanuni oğru” nədənsə qorxub və böyük ehtimalla bu, ölkədə kriminal avtoritet statusu daşıyan şəxslərlə bağlı qəbul edilən yeni maddə ilə əlaqədardır. Belə ki, cinayət qanunvericiliyindəki yeni maddəyə görə, istənilən vətəndaş sadəcə kriminal ierarxiyada yüksək yer tutduğuna görə 8 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər. Artıq bu maddə əsasında kriminal aləmin bir neçə nüfuzlu şəxsinə qarşı cinayət işi açılıb, həbs edilənlər var.
Onlardan biri də ən nüfuzlu slavyan “qanuni oğrulardan” olan “Şişkan” ləqəbli Oleq Şişkanovdur. Ona hətta ömürlük həbs cəzası verilməsi ehtimalı da mövcuddur. Mütəxəssislər bildirirlər ki, qanuna edilən dəyişiklik kriminal aləmdə bir çox digər avtoritetlər üçün də ciddi təhlükəyə çevrilib. Ona görə də çoxları özlərinə qarşı bu maddənin tətbiq ediləcəyindən qorxurlar və Rusiyanı tərk edirlər.

Lakin bir məsələ də var ki, kriminal aləmdə “qanuni oğru” adından imtina edilməsi sərt cəzalandırılır və hətta ölüm hökmünün çıxarılması ilə nəticələnir. Məsələn, sovet dövründə belə bir hal baş versəydi, həmin “qanuni oğru” dərhal “silahdaşları”nın fətvası ilə qətlə yetirilərdi.
Ancaq mətbuat yazır ki, Rusiyanın hazırkı kriminal aləmində “Muxa”nın bu hərəkətini böyük səhv və ağır cəzaya layiq addım kimi qiymətləndirənlərlə yanaşı, gülüşlə qarşılayanlar da var. Onlar hesab edirlər ki, bu, onun hüquq-mühafizə orqanlarından yayınması üçün növbəti bicliyidir. Çünki həmin addan yuxarıda da qeyd olunduğu kimi, yalnız digər “qanuni oğrulara” xəbər verilməklə imtina olunur.
AzPolitika.info

Şərhlər