MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S.A.S) VİRUSLA BAĞLI TÖVSİYƏLƏRİ - ABŞ mediasında dərc olundu

ABŞ-ın dünyaca məşhur "Newsweek" jurnalı Məhəmməd Peyğəmbərin (s.a.s) 7-ci əsrdə virusla mübarizə ilə bağlı söylədiklərini əks etdirən yazı dərc edib.

"Avropa.info" xəbər verir ki, Rays Universitetinin Sosiologiya Bölməsində fəaliyyət göstərən alim, professor Craig Considinenin qələmə aldığı yazıda, 7-ci əsrdə Məhəmməd Peyğəmbərin (s.a.s) virusla mübarizə üçün insanlara hansı tövsiyələr verdiyi bildirilir. Həmin yazını təqdim edirik:

"COVİD-19 virusu qlobal hal aldığından, bu pandemiya hökumətləri və xəbər mənbələrini məcbur edir ki, dünya əhalisini ən dəqiq və faydalı məsləhətlərlə təmin etsinlər. Hazırda təcrübəli səhiyyə işçilərinə, eləcə də pandemiyanın yayılmasını və təsirlərini araşdıran elmi işçilərə tələbat getdikcə yüksəlir.

İmmunoloq Dr. Anthony Fauci və tibbi müxbir Dr. Sanjay Gupta kimi mütəxəssislər qeyd edirlər ki, gigiyena qaydalarına və karantin şəraitinin tələblərinə riayət etmək və ya yoluxucu xəstəliklərin yayılmasına mane olmaq məqsədilə özünü digərlərindən təcrid etmək COVID-19 virusunun qarşısını almağın ən səmərəli üsullarıdır.

Pandemiya dövründə gigiyena qaydalarına və karantin şəraitinin tələblərinə riayət etməyi başqa kimin təklif etdiyini bilirsinizmi?

1400 il əvvəl yaşamış İslam peyğəmbəri Muhamməd (s.a.s).

Ölümcül xəstəliklərlə bağlı məsələlər üzrə müasir tibb təhsili görmüş ekspert olmamasına baxmayaraq, Muhamməd (s.a.s.) COVİD-19 kimi yoluxucu virusların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üsulları ilə bağlı son dərəcə yararlı tövsiyələr vermişdir.

Hz. Muhamməd (s.a.s) buyurmuşdur: "Əgər bir yerdə yoluxucu xəstəlik üz verərsə, oraya getməyin. Əgər sizin olduğunuz yerdə yoluxucu xəstəlik baş qaldırarsa, oranı tərk etməyin".

O həmçinin demişdir: "Yoluxucu xəstəliyi olanlar sağlam insanlardan uzaq tutulmalıdır."

Hz. Muhamməd (s.a.s) eyni zamanda insanları onları infeksiyalardan qoruyacaq gigiyena qaydalarına əməl etməyə təşviq edirdi. Muhamməd Peyğəmbərin (s.a.s) bəzi hədislərinə nəzər salaq:

"Təmizlik imandan bir parçadır"

"Oyandıqdan sonra əllərinizi yuyun, çünki yatarkən onların hara toxunduğunu bilmirsiniz".

"Yeməyin bərəkəti yeməzdən əvvəl və sonra əlləri yumaqdadır".

Bəs hər şeyə rəğmən bir insan xəstələnərsə, onda necə? Ümmətinin ağrıdan əziyyət çəkən nümayəndələrinə Hz. Muhamməd (s.a.s) nə məsləhət edərdi? 

O, insanları müalicə və dərman qəbul etməyə çağırardı: "Müalicə olunun, çünki Allah qocalıqdan başqa bütün xəstəliklərin çarəsini də yaratmışdır".

Güman ki, onu (s.a.s.) fərqli edən ən mühüm xüsusiyyət inancla rasional düşüncə arasında müvazinəti qoruya bilməsi idi. Son həftələrdə bəziləri bu məsələdə son dərəcə irəli gedərək təklif edirdilər ki, insanlarla məsafəni qorumaq və karantinin tələblərinə əməl etməkdənsə, dua insanı koronavirusdan daha yaxşı qoruyar. 

Bəs duanın əsas və hətta yeganə dərman növü kimi qəbul edilməsi fikrinə Muhamməd Peyğəmbərin (s.a.s) münasibəti necə olardı?

9-cu əsr fars əsilli islam alimi əl-Tirmizinin rəvayətinə nəzər salaq: "Bir gün Muhamməd Peyğəmbər (s.a.s) bir bədəvinin dəvəsini bağlamadığını gördükdə ondan soruşur: “Nə üçün dəvəni bağlamadın?” 

Bədəvi cavab verir: “Allaha təvəkkül etdim”. 

Peyğəmbər s.a.s dedi: “Əvvəlcə dəvəni bağla, sonra Allaha təvəkkül et”.

Hz. Muhamməd (s.a.s) insanları haqqı dində axtarmağa səsləyirdi. Lakin bununla belə, cəmiyyətin sabitliyi, təhlükəsizliyi və rifahı naminə təməl ehtiyat tədbirlərini onlara öyrətməyi də gözardı etmirdi.

Başqa sözlə desək, O (s.a.s.), insanlara dini əhkamlardan əlavə sağlam düşüncəni də əsas götürməyi təlqin edirdi.

Doktor Craig Considine, Rays Universitetinin Sosiologiya Bölməsində fəaliyyət göstərən alim, professor, qlobal çaplı natiq və media əməkdaşıdır.

O, “Muhammədin Humanistliyinə Xristianca Baxış” və “Amerikada İslam: Məsələlərin Tədqiqi" kimi bir çox əsərlərin müəllifidir.

635x100

Şərhlər

Rasim 2020-03-28 01:13:00

Çox teşekkür edirem bele dolğun melumata göre. İnsanlar az da olsa öz dinlerini tanıdılar.

Orxan 2020-03-27 23:45:14

Peygembərimizin yolundayıq

Son yazılar