Fəxrəddin MEHDİYEV
İyun ayının 30-da Ukraynada ölkə başçısının səyləri ilə hazırlanan yeni islahatların əsas istiqamətləri Milli Şuranın adından ictimaiyyətə açıqlandı. Bu islahatlarla oliqarxiya hakimiyyətinə, korrupsiyaya müharibə elan edildi. Təqdim olunan paket daha çox institusional dəyişikliyi, eləcə də gömrük, vergi, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində və s. sahələrdə inqilabi dəyişiklikləri nəzərdə tutur.
Gömrük sahəsindəki islahatlar Saakaşvilinin Gürcüstandakı prezidentliyi dövründə apardığı dəyişikliklərə bənzəyir. Həmin dövrdə Gürcüstanda aparılan islahatlar gömrük sistemində çox uğurlu addım oldu və bu sahədə görülən işlər dünyada ən effektli nümunəyə çevrildi.
Həmin gömrük islahatları radikallığı ilə seçilir. Belə ki, gömrük yoxlamalarının müddətinin azaldılması və maksimum 15 dəqiqə müddətində başa çatdırılması, gömrük sənədləşmələrinin sadələşdirilməsi - sayının 26 sənəddən iki sənədə qədər azaldılması, vasitəçilərin (brokerlərin) aradan qaldırılması, gömrük işçilərinin əmək haqlarının artırılması və s. həyata keçiriləcək. Göstərilir ki, gömrükdəki islahatlar nəticəsində bu sahə korrupsiyalaşmış bürokratik aparatdan insanlara və biznesə xidmət göstərən sahəyə çevriləcək.
Vergi sahəsində isə vergi yükünün azaldılması, vergitutma prosesinin sadələşdirilməsi aparılacaq. Hüquq-mühafizə orqanlarının geniş şəbəkəsinin iqtisadi fəaliyyətə müdaxiləsi dayandırılır, maliyyə pozuntularını araşdıran vahid orqan yaradılır. Daha ciddi yenilik - istintaqla əməkdaşlıq və prosessual sazişdir. Bu prosedur nəticəsində maliyyə cinayətinə yol verən şəxs maddi zərəri dövlət büdcəsinə ödəyir və bununla da iş məhkəməyə göndərilmir, cinayət məsuliyyətindən azad olunur. Bu metod da Saakaşvilinin Gürcüstandakı prezidentliyi dövründə tətbiq edilməyə başlanıb və effektini göstərib, nəticədə bu yolla iki milyard dollar vəsait dövlət büdcəsinə ödənilib.
Növbəti mərhələdə məhkəmə və səhiyyə islahatları olacaq və onlar bu ay açıqlanacaq. Ukraynada məhkəmə sistemindəki islahatlara çox böyük önəm verilir, göstərilir ki, “ədalət məhkəməsi olmayan cəmiyyətdə ədalət olmaz!” Məhkəmə islahatlarına hakimlər korpusu və Ali Rada tərəfindən müqavimət göstəriləcəyi təqdirdə, bu sahədə referendum keçirilməsi nəzərdə tutulur.
İslahatların sürətlə həyata keçirilməsi planlaşdırılır və bir il ərzində onun mütərəqqi nəticələrinin özünü göstərəcəyi gözlənilir. İslahatların miqyası nəhəng və cəlbedicidir. Ümumi Daxili Məhsulun həcminin 100% artırılması, xammal iqtisadiyyatından bilik iqtisadiyyatına keçilməsi, müasir sənaye, nəqliyyat və biznes infrastrukturunun yaradılması və s. nəzərdə tutulur.
İslahatlar nəticəsində “kiçik addımlar böyük addımlara” keçəcək, Ukraynanın demokratiya və insan hüquqlarının bərqərar olduğu Avropa ölkəsinə çevrilməsinə nail olunacaq.
Saakaşvili bildirir ki, Ukrayna xalqının Azadlıq Ruhu islahatlara stimul və təminat yaradır. Azadlıq ruhu! Bu, həm də mütərrəqi inkişafın özüdür!
Şərq ədəbiyyatında belə bir rəvayət var. Tələbələr müəllimdən soruşurlar: Bütün insanlar üzərində Tanrının məhəbbəti var. Bəs nə üçün insanların çoxu xoşbəxt deyil? Müəllim cavabında deyir: “Çünki bunu çoxları istəmirlər”.
Tələbələrin təəccübünü görən müəllim sualın cavabını ətrafdakı insanlardan soruşmağı məsləhət görür. İnsanların cavabları tələbələr üçün qəribə olur: kimi pul, kimi avtomobil, kimi ev, kimi vəzifə, kimisi də şöhrət istəyir və s. İnsanlar daha çox müvəqqəti maddi nemətlər istəyirlər və bu cavabları müəllimə bildirdikdə müəllim söyləyir: “Görürsünüzmü, insanların çoxu xoşbəxtlik və azadlıq istəmirlər. Əgər, xoşbəxtlik istəsələr, Tanrı xoşbəxtliyi onlara verər”.
Ukrayna xalqı xoşbəxtlik istəyir və ona doğru gedir.
Uğurlar olsun!

Şərhlər
Bu yolla getmək üçün nəfsə-dayan,oğurluğa-son,korrupsiyaya-olmaz deməlisən. Bunu bizimkilərə anlata bilərsinizmi? Öyrəncəlini adətindəntərgitmək
Bizdə İqtisadiyyat nazirliyinin tərkibində vergi,hələ onun tərkibindədə istintaq orqanı var.Lap ağlamalıdır.
Yaxşı,lazımlı yazıdır.Biz də bu yolnan getməliyik.Başqa yol yoxdur.