55 YAŞI TAMAM OLAN ŞƏHİD QƏHRƏMAN... – Kapitan Rafiq Alıcanov

Yaşasaydı, iyulun 11-də Azərbaycanın Milli Qəhrəmanı Rafiq Cəfəroğlu Alıcanovun 55 yaşı tamam olacaqdı.

Rafiq Alıcanov 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Bir neçə ildən sonra valideynlərinin işi ilə əlaqədar Ağstafa rayonunun Köçvəlli kəndinə köçüblər. Kənd orta məktəbini bitirdikdən sonra müvəffəqiyyətlə imtahan verərək Kalininqrad Ali Hərbi Mühəndislik Məktəbinə daxil olub. Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət edərkən kapitan rütbəsinədək yüksəlib.

Ermənistanın torpaq iddiaları ilə Azərbaycana qarşı təcavüzünün başladığı ilk günlərdən doğma yurda qayıtmaq üçün mücadilələr etsə də, yalnız 1992-ci ilin avqustunda Vətənə qayıda bilib. İlk günlərdən mühəndis-istehkam qoşunlarının yaranması və formalaşmasında xüsusi səylər göstərib. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Goranboy, Ağdərə, Tərtər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Naxçıvan kapitan Alıcanovun döyüşdüyü, qorunmasında iştirak etdiyi, iz qoyduğu bölgələrdir. 

Bütün cəbhə boyu son dərəcə təhlükəli tapşırıqlara rəhbərlik edən istehkamçı peşəkar zabit yüzlərlə döyüşçünü ölümün pəncəsindən xilas edib, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verib.

1993-cü ilin payızında Füzuli rayonu uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib, yaralı vəziyyətdə əsir düşsə də, düşmənlərin ağır işgəncələrinə məruz qalsa da, öz şərəfli ölümü ilə Azərbaycan zabitinin yenilməzliyinin simvoluna çevrilib.

Rafiq Alıcanov ölkə başçısının 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Ağstafa şəhərində və ailəsinin yaşadığı paytaxt Bakıda adına küçələr var. Təhsil aldığı kənd orta məktəbi indi onun adını daşıyır.

Tahir

AzPolitika.info 


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar